Hakimiyyətin ”layk” islahatı

O isə ki, bunun ehtimalı belə yolverilməzdir. Aləmi yeyib-doymayan rejim ikicə kəlməlik “Qul bayramı” sarkazmını həzm edə bilmir

Source: Meydan TV

Xalq yazıçısı məmur haqlarını qorumaqla məşğuldur…

Gündəmin kədər tıxacında mövzu tapmaq nə qədər asandırsa, yazmaq o qədər çətindir. Bayram Məmmədovun işgəncə ödəmli otuz sutkası bitdi. “Ədalətli qanunlar” ekspertizanın təsdiq etdiyi xəsarətlərin yalnız əmələ gəldiyi yerdə “sağalmasına” qərar verib. Sevgi və qayğı ilə əhatə olunan normal şərait ağrıları yüngülləşdirə bilər. O isə ki, bunun ehtimalı belə yolverilməzdir. Aləmi yeyib-doymayan rejim ikicə kəlməlik “Qul bayramı” sarkazmını həzm edə bilmir.

Elina adlı uşağın həyatına son qoyanlar yüngül “tənbehlərlə” həyatlarına davam edirlər. İctimai qınaq olmasaydı, uşağın ölümünü analoqsuz inkişafa və sabitliyə qarşı təxribat kimi maddələşdirərdilər. Hətta bu qədər aktiv, kütləvi ən ümdəsi haqlı etiraz dalğası yuxarılara və o ətrafa məmnuniyyətlə aşağılıq edən manqurt zümrəyə faciənin böyüklüyünü anlada bilmədi. Körpə Elinanın qanlı hekayəti də ölkədəki qeyri-insani şəraitin qurbanı olan intihar yolçularının aqibəti kimi statistikaya qarışdı.

Gəncliyimizin ən romantik “Gün keçdi” filmindən xəyallarımıza hopmuş əfsanəvi İçərişəhərin taleyi barədə qızğın müzakirələr gedir. Bu əvəzsiz dəyər ora sadəcə “darısqal daş küçələr” və “köhnə hasarlar” kimi baxan zümrə xaricində hər kəsin mirasıdır. Hər şeyə rəğmən varis olmağa gücümüz çatacaqsa.

Əslində mövqesizlik yanlış mövqedən betərdir. Yazıçılar İttifaqının sədri Anarın Elina faciəsində adı hallanan məmuru müdafiə etməsi isə betərin betəridir. O cümlədən onun İçərişəhər sükutu ən azından müəllifi olduğu həmin filmin İçərişəhər sevdalı qəhrəmanlarına haqsızlıqdır (“Lazım gəlsə” danışmaqlar sayılmır). Məmurlaşmış yazıçı özünü təkzib edir? Hər nədirsə adamın nə danışığında bir hikmət var, nə susmağında. Çünki iki yanlış bir düz eləmir, Anar müəllim.

***

Burdaca lap təzə əhvalata keçirəm. Bu günlərdə yaşadığım rayonun baş məmurlarından biri aktiv vətəndaşı profilaktiv söhbətə çağırır.


– Flan “feysbuk” profili sənindir?

– Bəli.



Nə qədər dostun var?

– Nə bilim, təxminən iki min.



Layk-zad necə, yığılırmı?

– Allah bərəkət versin. Narazı deyiləm.



Amma biz səndən narazıyıq.

– Niyə?



İşsiz olduğunu bizə deməmisən.

– Yenə demirəm.



Axı, işsizsən.

– Amma işverən deyiləm.

Yuxarıları bilmirəm, islahat kampaniyası aşağılarda belə ibtidai şəkildə təzahür edir. Yuxarı-aşağı hansı səviyyəli “rəhbərlərin” icarəsində olduğumuzu düşünəndə məntiqi sonun addım səslərini eşidirsən. O məntiqin o sonu gətirməsi üçün hər kəsin ürəyini qeydsiz-şərtsiz dinləməsi kifayətdir. Yoxsa bu dialoqlar kütləvi surətdə şablon sonluqlarla bitəcək. Və xalq olaraq bizi bitirib manqurt topluma döndərəcək.

Romanımızı kim yazacaq? Xalq yazıçısı məmur haqlarını qorumaqla məşğuldur…

Ana səhifəXəbərlərHakimiyyətin ”layk” islahatı