Bir həftədir Göygöl milli qoruğu xalqın üzünə açılıb. Amma gəlin görək necə? Deməli, milli parka giriş adam başı 2 manatdır. Addım atmaq puldur, bir masada oturub, özün gətirdiyin yeməyi yemək üçün də icarə haqqı verməlisən və s. Yəni bildiyimiz tipik Azərbaycan, nəfəs almaq da pulladır. Bunları qoyuram bir kənara. Bir həftədir kənardan oturub hakimiyyət mediasını izləyirəm. Deməli, bu “vicdanlı” jurnalistlər yaman yanırlar Göygölün zibillənməsinə. Açılan gündən birinci başladılar ki, “ay görəcəksiniz zibillik olacaq”, “bizim xalqa yaraşmır” və s. Bu tipli, həmişəki kimi xalqı alçaldıcı cümlələr, başlıqlar yazıldı hakimiyyət mediasında. Sonra 2-3 gün keçdi, bu “ətraf mühiti sevən” jurnalistlər getdilər Göygöl reportajlarına.
Başladılar zibillikləri çəkməyə, tirajlamağa. Mən zibilliyənlərə haqq qazandırmıram. Amma burda çox incə məqamlar var ki, bizim sadəlöhv vətəndaşlarımız o məqamı görməyib, bu medianın belə deyək tirkasına getdilər. Onlar da başladılar ki: “yaxşı ki bağlı idi”, “bizim xalq düzələn deyil” Bugün xəbər yayılıb ki, Göygölə giriş dayandırıldı. Guya səbəb zibillikdir. Nazirlik açıqlama verib ki, “Bəzi vətəndaşlar zibil qutularından torbaları oğurlayırlar.” Hörmətli nazirlik, insanlara oğurluğu siz öyrədibsiniz, oğurluğu qanuni iş kimi siz qələmə veribsiniz. Meşələri qırıb satan siz deyildiniz? Yoxsa Xəzərin təmizlənməsi üçün “gətirdiyiniz” gəmilərin pulunu basıb yeyən siz deyildiniz?
Zibilliyə qalsa gərək Əhmədlini, Neftçiləri və yaxud ümumiyyətlə Bakının bir çox rayonunu bağlayasınız. Siz elə ona gətirib çıxardınız bu ölkəni 20 ildə. Vətəndaşa dediniz ki, “siz bu ölkəni “zibilləyirsiniz”, siz gedin bu ölkə bizə qalsın”. Bir nəfər də sual vermir ki, bəs bu zibili biz gəlib təmizləməliyik? İlk gün təkcə girişlərdən 57 min azn pul yığılıb, hər yerə işçilər ayırmalı idiniz, zibil atanı ciddi miqdarda cərimə etməli idiniz. Yoxsa xalqı qınamaq, təhqir etmək bunlar asan məsələlərdir. Sizə bir misal verim, məsələn mən İtaliyada yaşayıram, ora da yerə zibil atmağın cəriməsi bəlkə var amma nəzarət çox zəifdir, heç cərimə olan da eşitməmişəm. Ona görə İtaliyada çox yerdə zibil görmək mümkündür. Amma Almaniya ilə müqayisə edəndə Almaniyada yerə zibil tökməyin böyük miqdar cəriməsi var, idarəçilik də yaxşı işləyir.
Almanın genində “yerə zibil atmaq olmaz” sözü yazılmayıb, illərdir qurulmuş yaxşı idarəçilik, sistem belə təmizlik olmasına gətirib çıxarıb. Yenə də deyirəm, insanların şəxsi vicdanında da olmalıdır, amma illərdir bu vicdansızlıq üstündə qurulmuş sistemin məhsulu, insanlarda böyük boşluğa gətirib çıxarıb. Bəs real olan nə idi? Reallıq o idi ki, bu media 10 ildən çoxdur Göygöl bağlı olanda ortada yox idi, heç Göygöl sözünü mətbu orqanlarında istifadə də edə bilməzdilər, etmədilər də. Məlum olduğu kimi, orada prezidentin villası var və bu məqamı 3 ay bundan qabaq yazdığım Göygöllə bağlı yazıda da qeyd etmişdim. Bu zibillik məsələsini qabartmaqda məqsəd bir idi.
Azərbaycanlıları çox yaxşı tanıyırlar, azərbaycanlıların mentalitetlərinin hüquqdan daha güclü olduğunu bilirdilər. Onlar xalqa bu mesajı verdilər ki, “gördünüz bağlı olanda təmiz qalırdı”, “sizə yaraşmır, prezidentimizə yaraşır”. Məsələni o yerə gətirib çıxardılar ki, guya Göygöl 10 ildən çoxdur təmiz qalsın deyə bağlıdır. Hadisələri illərdir analiz edə bilən insanlar üçün bu gülməli məqamdır. Çünki, başa düşürlər ki, bu vicdansızların ətraf mühit veclərinə deyil. 20 ildir ağaclara, meşələrə qənim kəsiləndə, Xəzər dənizinə böyük borularla kanalizasiya axıdanda, bütün turistik məkanlarına bir zibil qabını belə qoymayanda, Xəzər ətrafı əraziləri hasarlayıb, villalar tikib xalqı oralardan məhrum edəndə, Göygöl kimi onlarla gözəl məkana villa tikib xalqı buraxmayanda bunlar harada idi?
İndi pul azalır, neft qiymətləri düşür, neçə illərdir hakimiyyətdən aldığı paketlərlə dolanan bu media mənsublarının birazdan paketi kəsiləcək, komediya onda başlayacaq. Bu hakimiyyətin qurduğu teatr çevriləcək drama. 20 ildir böyük teatr qurublar, kimin əqidəsi zəif idi pulları ilə necə lazımdı oynatdılar, pul qurtaranda pərdələr bağlanacaq, o pərdənin dalında qırğın başlayacaq ey. Tarixdə çox yaşanıb belə hallar. Sadəcə xalqımızın sadəlöhvcə bu vicdan, əqidə əlillərinə inanmasına təəssüf edirəm.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…