”Hakimiyyətin beynəlxalq maliyyə institutlarına müraciətdən başqa yol yoxdur”

”BVF kredit verdiyi hökumətin bir çox beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini nəzərə almalıdır”

Source:


”BVF kredit verdiyi hökumətin bir çox beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini nəzərə almalıdır”

Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankına stabilləşdirmə krediti üçün müraciət etməsi gözlənilən idi.

Bu barədə iqtisadçı Zöhrab İsmayıl Meydan TV-nin Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqları haqqında sorğusuna cavabında deyib.

Zöhrab İsmayıl düşünür ki, bu addım hazırda hökumət üçün məqbul yoldur: “Azərbaycan hökumətinin hazırki institusional və maliyyə potensialı böhranı idarə etmək üçün yetərli deyil. Son bir neçə ayda hökumətin böhrana reaksiyası və davranışları göstərdi ki, ölkədə ciddi institusional böhran var. Həmçinin Mərkəzi Bankın ehtiyatları tükənmək üzrədir. Belə bir şəraitdə beynəlxalq maliyyə institutlarına müraciətdən başqa yol yoxdur”.

Ancaq iqtisadçı hökumətin BVF ilə hansı proqramlar üzrə razılığa gəlinəcəyinə də diqqət yönəldir: “Çünki BVF kredit üçün şərtlər qoyacaq. Məncə, şərtlərin razılaşdırılması elə də asan olmayacaq. Hökumət çalışacaq ki, çox məhdud islahatlarla 4 milyardı götürsün. Hesab edirəm ki, BVF də kredit verdiyi hökumətin bir çox beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini nəzərə almalıdır”.

Maliyyə naziri Samir Şərifov keçirdiyi mətbuat konfransında Beynəlxalq Maliyyə Fondu, Dünya Bankı və Asiya Inkişaf Bankının nümayəndələri ilə Bakıda görüş keçirildiyini təsdiqləyib: “Amma hər hansı 4 milyard dollar kredit alınması yoxdur. Vəziyyət o qədər acınaqlı deyil ki, kimdənsə təcili borc alaq. Əksinə, biz başqa dövlətlərə borc veririk. Amma onu da qeyd edim ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarına elə belə üzv olmayıb. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda kvotası 2 dəfə artıb. Biz öz kvotamızdan istifadə edərək kredit götürə bilərik. Biz Bakıda olan beynəlxalq qurumlarla bank sektoru ilə bağlı məsələləri müzakirə edirik. Təcili şəkildə hər hansı kreditlərin alınmasından söhbət getmir”.

Ana səhifəXəbərlər”Hakimiyyətin beynəlxalq maliyyə institutlarına müraciətdən başqa yol yoxdur”