Şahin Əliyev: Bu səbəbdən də layihəni Venesiya Komissiyasına göndərmədik
“Ümumiyyətlə, belə təəssürat yaranır ki, Venesiya Komissiyasının rəyi siyasi sifarişdir. Ona görə ki, bu rəy tələsik hazırlanıb. Referendum Aktı layihəsi iyunun 18-də dərc edilib. AŞPA sədrinin Venesiya Komissiyasına məktubu referendum gününə 20 gün qalmış təqdim edilib.”
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev sentyabrın 21-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, siyasi sifarişi AŞPA-da təmsil olunan deputatlar həyata keçiriblər.
“Biz Venesiya Komissiyası ilə bu cür işləməmişik. Komissiyanın plenar iclasına qədər Azərbaycan hökumətinin rəyi olacaq”, – Ş.Əliyev vurğulayıb.
Əliyev Venesiya Komissyasının rəyini düzgün hesab etməyib.
O bildirib ki, bu rəy Azərbaycan Konstitusiyasındakı 159-cu maddəyə əsaslanıb: “Azərbaycan Konstitusiyasında 159-cu maddə yoxdur.”
Ş.Əliyev qeyd edib ki, vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir: “Onların iradları hansı demokratik standartlara əsaslanır? Belə bir şey yoxdur. ABŞ-ı hamı demokratik ölkə kimi tanıyır. Bu ölkədə vitse-prezidentlik institutu var. Onları heç kim anti-demokratik adlandırmır”.
PA-nın şöbə müdiri xatırladıb ki, Nazirlər Kabinetinin islahtlarının önündə getməməsi ilə bağlı yazılar dərc olunub: “Nazirlər Kabinetinin institusional quruluşu bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Yəni, islahatlarla bağlı çevik funksiyasını tam başa çatdıra bilmir”.
O deyib ki, Venesiya Komissiyası rəyində heç bir ölkənin təcrübəsinə əsaslanmır: “Referenduma çıxarılan layihələr Konstitusiyaya uyğunlaşdırılıb. Prezidentin səlahiyyət müddətinin 7 ilə çatdırılması məsələsi də mübahisələndirilib. Dünyanın bir çox ölkəsində belə bir müddət var. Hər 5 ilin 3 ilini Azərbaycan seçki şəraitində yaşayır. Bu vəziyyətdə çıxış yolu prezidentin səlahiyyət müddətinin 7 ilə uzadılmasıdır.”
Eyni zamanda, Şahin Əliyev qeyd edib ki, bu rəylə bağlı Azərbaycan Prezident Administrasiyası ilə əlaqə saxlanılmayıb, bizim mövqeyimiz öyrənilməyib: “Biz bundan təəssüf hissi keçiririk. Bir sözlə, Venesiya Komissiyasının rəyi ilə bağlı prosedur qaydaları pozulub. Bu, Avropa Şurası daxilində gedən siyasi proseslərin nəticəsdir, aysberqin görünməyən tərəfidir”.
Administrasiya rəsmi bildirib ki, Referendum Aktı layihəsinin Venesiya Komissiyasına göndərilməməsinin səbəbləri var. Nəzərdə tutulan dəyişiklik layihəsində prezidentə əlavə səlahiyyətlər verilmir. Əsas icraedici orqanın işini təşkil etməkdir, dəyişikliklər də buna görədir. Azərbaycan hökuməti dəyişikliklərin mühüm xarakter daşıdığını hesab etmir: “Bu səbəbdən də layihəni Venesiya Komissiyasına göndərmədik”.