“Hakimiyyət üçün indiki şəraitdə Rusiyanın “çətiri” altına girmək sərfəli deyil”

“Ermənistanı güzəştlərə sövq etmək çətindir, çünki İrəvan buna razılaşacaqsa, əvəzində nəsə istəyəcək”

Source:


“Ermənistanı güzəştlərə sövq etmək çətindir, çünki İrəvan buna razılaşacaqsa, əvəzində nəsə istəyəcək”

Rusiya XİN başçısı Sergey Lavrovun Bakı səfərindən sonra Ermənistan prezidenti Sarqsyanın Moskvaya səfərindən uzaq nəticələr çıxarılır. Kremlin Ermənistanın işğal altında saxladığı Azərbaycanın bir neçə rayonu qaytarması daha çox vurğulanır. Bu ehtimalı irəli sürənlər hesab edir ki, Moskva Bakını Avrasiya İttifaqına yaxınlaşdırmaq üçün bu manevr edə bilər.

Azərbaycanın Rusiyadakı sabiq səfiri, siyasi şərhçi Hikmət Hacızadə hazırda Qərb dünyası ilə Rusiya arasında böyük müharibə getdiyini xatırladaraq bildirdi ki, Kremlin indiki şəraitdə tərəfdaş axtarmağı təbiidir. Xüsusilə Azərbaycanı öz “çətiri altında” görmək Rusiyaya daha çox gərəkdir: “Bunun üçün plan qurulub, Dağlı Qarabağ münaqişəsi şantaj kimi istifadə olunur, yəni Azərbaycan “çətirin” altına girsin və Rusiya da Dağlıq Qarabağ məsələsində dəstək olsun. Amma bu prosesdə bir hiylə var, bəzi rayonlar Azərbaycana qaytarılır və istər-istəməz müharibə başlanır, ardənca Ermənistan bölgəyə Rusiya sülhməramlıların daxil olmasını tələb edir. Çünki Ermənistan gizlətmədən deyir ki, rayonları qaytarsa, Azərbaycan “qapının ağzında” olacaq, Azərbaycan ordusu yarım saata Xankəndinə gələ bilər. Bunun üçün təminat istəyirlər. Təminat deyəndə də Rusiyanın sülhməramlı qüvvələrini nəzərdə tuturlar. Rusiya sülhməramlıları bölgəyə daxil olsa, biz Gürcüstanın vəziyyətinə düşürük”.


“Rus ordusunun Azərbaycana qaytarılması müstəqilliyimizin itirilməsi deməkdir”

Hikmət Hacızadə hesab edir ki, ortada Avrasiya İttifaqına üzv olmaq yox, Rusiya sülhməramlılarının ölkəyə qaytarılmasıdır: “Avrasiya İttifaqını MDB-nin taleyi gözləyir, bu qurumdan ciddi bir şey gözləməyin. Sadəcə, Rusiyaya öz ordusunu Azərbaycana qaytarmaq lazımdır”.

O, söylədiklərinin əsasında informasiya olduğunu deyir: Mən Rusiyada səfir işləyəndə diplomat Kazimirov münaqişənin həlliylə bağlı ayda 4-5 planla qapını döyürdü. Bu planların da əsasında rus ordusunun prosesdə əsas güc kimi iştirakıydı. Yəni atəşkəs imzalanır, ağır texnikalar 15 kilometr kənara çəkilməli və rus ordusu sülhməramlılar adıyla araya yeridilməlidir. İndi də həmin durumdur, heç nə əsaslı şəkildə dəyişməyib, çünki sülhməramlı qüvvələri Ermənistan tələb edir”.

Hikmət Hacızadə bildirdi ki, rus ordusunun Azərbaycana qaytarılması müstəqilliyimizin itirilməsi deməkdir.

Tarixçi-alim Altay Göyüşov Rusiyanın Azərbaycanı öz tərəfinə çəkməsi yönündə fəaliyyətinin birmənalı olduğunu dedi: “Ancaq işğal altındakı bir-iki rayonun qaytarılması ilə buna nail olacağı barədə mülahizələrə inanmıram. Birinci səbəb odur ki, Ermənistanı buna sövq etmək çətindir, çünki İrəvan buna razılaşacaqsa, əvəzində nəsə istəyəcək. Rusiya Ermənistana nə verə bilər? Məsələ ondadır ki, Ermənistandakı ictimai rəy Azərbaycandan daha fəaldır. Belə olanda, Ermənistana nəsə verilməsə, vəziyyət Kremlin əleyhinə dəyişəcək. Hətta rəsmi Bakı üçün də indiki şəraitdə bu cür siyasi prosesə qatılmaq sərfedici deyil. Çünki hakimiyyət özü də Rusiyanın təsiri altına düşmək istəmir. Bəli, 2-3 rayonun qaytarılması Əlıyev hakimiyyətinə sərf edir, amma bunun müqabilində hakimiyyət Rusiyanın təsirinə düşür”.

“İ

lham Əliyev başa düşür ki, tamamilə Rusiyanən təsir dairəsinə düşmək onun hakimiyyəti üçün böyük təhlükədir”

A.Göyüşov bildirdi ki, 1994-cü il “Əsrin müqaviləsi” imzalandıqdan sonra hakimiyyət Qərblə əməkdaşlığı tam gücləndirmək istəsə də, iki məsələ mane olub. Birinci, Dağlıq Qarabağ problemidir ki, Kreml bundan təzyiq kimi istifadə edir. Amma Bakı tədricən demokratiya yolunu tutsaydı, bu maneəni neytrallaşdırardı. İkinci maneə demokratiyadır ki, hökumət demokratik təsisatların inkişafından qorxur. Hətta hakimiyyət Qarabağ məsələsindən daha çox demokratiyadan qorxur, bununla öz hakimiyyətinin qeydinə qalır. Ona görə hakimiyyət Qərblə bütün sahəılərdə – təhlükəsizlik, iqtisadiyyat- əməkdaşlığa razıdır, yalnız demokratiya və insan haqlarından başqa. Bu baxımdan Bakı ilə Qərbin tam yaxınlaşması baş vermir. Rusiya ilə razılaşma olsa, İlham Əliyevin özünün də hakimiyyəti təhlükə altına girir. Tarixdən misal çəkmək olar, Putin hakimiyyətə gələndən sonra inzibati ərazi məsələsində müəyyən islahatlar həyata keçirtdi. Əvvəl yerli respublikaların prezidentini yerli əhali seçirdisə, bunlar dəyişdi, təqdimatı Moskva verdi və yerli parlament də təsdiqlədi. Məsələn, Tatarıstan prezidenti Şaymiyevin aqibətini gördük. Bu, imperiya siyasətinin dərs kitabıdır. İlham Əliyev də başa düşür ki, tamamilə Rusiyanən təsir dairəsinə düşmək onun hakimiyyəti üçün böyük təhlükədir. Moskvanı aldatmaq isə utopiyadan başqa bir şey deyil. Elə Qərblə də tam yaxınlaşmaq oxşar situasiya yaradır. Çünki demokratiya və insan haqları istiqamətində tələblər gündəmin əsas məsələsi olur”.


“Əgər hansısa güc torpaqlarımızı qaytarırsa, buna sevinmək olar”

Siyasi şərhçi Rasim Ağayev hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin belə bir planı varsa, bu, çox müsbət haldır: “Çünki 1-2 rayon qaytarılırsa, deməli, Azərbaycan ərazisinin zəbt olunduğu etiraf edilir. Tarixdə yalnız 70-ci illərdə  Misir məsələsində torpaqlar müharibəsiz qaytarılıb, ona görə bunu müsbət qarşılamaq lazımdır. Azərbaycanın mövqeyini əsaslandıran tələblər ondan ibarətdir ki, Ermənistan ərazimizi işğal edib. O ki qaldı, bunun qarşılığında Azərbaycandan istəyəcəklər, gərək, hərtərəfli düşünülsün. Yəni heç bir tərəf bizim torpaqları qaytarmayacaq. Əgər hansısa güc torpaqlarımızı qaytarırsa, buna sevinmək olar və əməkdaşlığı davam etdirmək mümkündür”.

Ancaq Rasim Ağayev Ermənistan və Azərbaycanın hələ lazımi güzəştlərə hazır olmadığı qənaətindədir: “Xüsusilə Ermənistan hazır deyil, Azərbaycan isə heç olmasa müəyyən güzəştlərə hazır olduğunu deyir. Bu mənada hansısa nəticələrdən danışmaq tezdir”.

Ana səhifəXəbərlər“Hakimiyyət üçün indiki şəraitdə Rusiyanın “çətiri” altına girmək sərfəli deyil”