Xalid Ağaliyev: ”Elmira Axundovanın fikrini ölkəni dünyanın gözündən salan təklif kimi qəbul edirəm”
Parlamentin sonuncu toplantısında deputat Məlahət Həsənovanın Meydan TV və “Sancaq” səhifəsi ilə bağlı açıqlamasının ardınca oktyabrın 5-də Elmira Axundova da həmkarını dəstəkləyən fikir ifadə edib. O, bildirib ki, informasiya ombudsmanı yaradılmalıdır. Bundan başqa, Mətbuat Şurasına da internetmedia ilə bağlı ciddi səlahiyyətlər verilməlidir.
Deyilənləri Meydan TV-yə şərh edən media hüquqçusu Xalid Ağaliyev diqqəti ölkə başçısının bir həftə əvvəl imzaladığı fərmana yönəldib.
“Cəmi bir həftə əvvəl ölkə başçısı “İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illərə aid Dövlət Proqramı”nı təsdiqlədi. Həmin proqram bir çox başqa fəaliyyətlə yanaşı, eyni zamanda internet mediasının, ümumilikdə internetin daha da inkişaf etdirilməsini, hətta internetə çatımın universal hüquq olmasını nəzərdə tutur. Bunun ardınca qanunverici hakimiyyət təmsilçilərinin internetə məhdudiyyətlərin gətirilməsi təşəbbüsünü anlamaqda çətinlik çəkirəm”, deyən X.Ağaliyev eyni zamanda ölkədə ifadə azadlığının durumunun pis olduğunu deyib.
“Müstəqil, tənqidi jurnalistlərə davamlı basqılar var, belə basqılar araşdırılmır. Tənqidçi “Azadlıq” qəzeti fəaliyyətini dayandırmaq zorunda qalıb. Sosial şəbəkə fəalları da basqı altındadır, onlar müxtəlif ittihamlarla həbs, çək-çevir edilirlər. Belə bir durumda çox şey, eləcə də internet mediasına məhdudiyyətlərin gətirilməsi gözləniləndir”.
X.Ağaliyev Azərbaycanda internetin onsuz da qanuni baxımdan sərt tənzimləndiyini qeyd edib:
“İnternet qanuna əsasən, KİV sayılır. KİV-in, eləcə də onun məzmununun tənzimlənməsi üçün kifayət qədər qanuni mexanizmlər onsuz da mövcuddur. Böhtan, təhqiq, nüfuz kimi məsələlər onsuz da qanunvericiliklə, özü də cinayət qanunvericiliyi ilə tənzimlənir. Bu səbəbdən, bu təşəbbüsü yaxşı gələcəyə xidmət etməyən, ölkəni mütərəqqi dünyanın gözündən salan təklif kimi qəbul edirəm”.
X.Ağaliyev eyni zamanda hökumətin internetə diqqət yetirməsinin vacibliyini də vurğulayır.
“Ancaq bu diqqət internetdə məzmunun tənzimlənməsi ilə bağlı yox, internetin idarəçiliyi, daha genmiş yayılması, vətəndaşların daha keyfiyyətli internetə çatım imkanları ilə bağlı olmalıdır”.