“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı sadə vətəndaşlara, ictimai- siyasi fəallara, jurnalistlərə qarşı həyata keçirilən repressiyalara son qoyulmasını tələb edir
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı son həbslər və repressiyalarla bağlı bəyanatla çıxış edib.
Meydan TV-yə daxil olan bəyanatda deyilir manatın devalvasiyasından sonra ağır olan sosial- iqtisadi vəziyyətin gərginləşdiyi qeyd olunur: “Çoxsaylı problemlərlə üz- üzə qalmış vətəndaşları dinləmək, onların problemlərinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görmək əvəzinə hakimiyyət zorakalığa əl atır, repressiyalar həyata keçirir. Sosial problemlərlə bağlı ölkənin müxtəlif bölgələrində keçirilən aksiyalar zamanı iştirakçılara qarşı zorakaılıq nümayiş etdirilib, onlarla şəxs saxlanılıb. Onlardan bəziləri inzibatı həbs cəzası alıblar, bəziləri haqqında cinayət işi qaldırılıb. Lənkəranda sosial- iqtisadi tələblərlə bağlı keçirilən aksiya zamanı AXCP rayon şöbəsinin sədri Nazim Həsənov və Müsavat Partiyasının yerli təşkilatının sədri İmanverdi Əliyev Lənkəran rayon məhkəməsinin qərarı ilə 1 ay inzibati həbs cəzasına məruz qalıblar. Müsavat Partiyası Siyəzən rayon təşkilatının sədr müavini Aydın Səfərli və onun qardaşı Təbib Səfərli polis tərəfindən saxlanılıb. 30 yanvarda Zaqatala şəhərində keçiriləcəyi gözlənilən, lakin baş tutmayan mitinqə görə sosial şəbəkələrdə məlumat yayan gənclər həbs edilib.
Aksiyalar ərəfəsində Müsavat partiyasının başqanı Arif Hacılı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılaraq ona xəbərdarlıq edilib. Daha sonra isə Müsavat partiyası Gənclər Təşkilatının üzvü Elvin Paşayev narkotik ittihamı ilə həbs edilib. Bu həbslərin ardınca AXCP Xətai şöbəsinin fəalı Füzuli Hüseynov 30 sutka həbs cəzası alıb. AXCP Nəsimi rayon şöbəsinin üzvü Ceyhun Isgəndərli yanvarın 22-də qeyri-qanuni şəkildə polisə aparılıb və ona qarşı narkotika itthamı irəli sürülüb. Adları qeyd olunan bu şəxslər son 1 ayda saxlanılan və həbs edilənlərin natamam siyahısıdır. Görünən odur ki, hakimiyyət xalqın sosial problemlərlə bağlı irəli sürdüyü tələbləri repressiyalar və həbslər vasitəsi ilə “həll etmək” istəyir”.
Alyans təəssüflənir ki, hakimiyyətin şərlənərək həbs olunmuş ictimai-siyasi fəallara qarşı fantastik məhkəmə cəzası təyin etməsi ənənəsi davam edir. Həbsdə olan AXCP fəalı Zeynalabdin Bağırzadə haqqında Naxçıvan Muxtar Respublikası Babək rayon Məhkəməsi tərəfindən 8 il azadlıqdan mərhum etmə qərarı çıxarılıb. O, Cinayət Məcəlləsinin 315.2- ci maddəsi (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə təqsirləndirilir. Naxçıvanda digər siyasi məhbus, AXCP fəalı Nazim Mahmudov haqqında isə məhkəmə 1 il 6 ay şərti cəza təyin edib.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Naxçıvanda həyata keçirilən siyasi həbsləri pisləməklə yanaşı Zeynalabdin Bağırzadə və Nazim Mahmudovla bağlı ədalətsiz məhkəmə hökmlərini hakimiyyətin siyasi sifarişi hesab edir”.
“Hakimiyyət təkcə ictimai- siyasi fəallara qarşı deyil, müstəqil mətbuat orqanlarına, jurnalistlərə də qarşı repressiyaları davam etdirir. Cinayət Məcəlləsinin 306.1- ci maddəsi ilə təqsirləndirilən “Gündəm Xəbər” qəzetinin təsisçisi, jurnalist Şirin Cəfərinin məhkəmə prosesi yekunlaşıb. Yasamal rayon məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı jurnalist haqqında məhkəmədən 5 (beş) il azadlıqdan məhrum etmə cəzası istəyib. “Gündəm Xəbər” qəzeti Prezident Administrasiyası daxil olmaqla bir sıra məmurları, Mətbuat Şurasının üzvlərini mətbuat orqanlarına təzyiqləri barədə vaxtaşırı tənqidi yazılar dərc edib. Tənqidçi mətbuat orqanı kimi tanınıb. Şirin Cəfəriyə qarşı olan məhkəmə iddiası jurnalistin peşə fəaliyyətinə görə siyasi hakimiyyətin təzyiqidir və siyasi repressiyaların tərkib hissəsidir. Alyans jurnalist Şirin Cəfərinin təqiblərə məruz qalmasını hakimiyyətin ifadə və söz azadlığına qarşı dözümsüzlüyü kimi qiymətləndirir və kəskin pisləyir. Alyans eyni zamanda Nardaran hadisələri ilə bağlı həbs olunan yerli sakinlərin və Müsəlman Birliyi Hərəkatının çox saylı üzvlərinin lazımı şəkildə vəkillə təmin olunmamasından narahatlığını ifadə edir”,-deyə bəyanatda bildirilir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı sadə vətəndaşlara, ictimai- siyasi fəallara, jurnalistlərə qarşı həyata keçirilən repressiyaları şiddətlə qınadığını bəyan edir, siyasi təqiblərə son qoyulmasını və qanunsuz həbs edilmiş fəalların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir.