Hakimiyyət siyasi məhbuslar üzrə işçi qrupunun bərpasına başlayır (yenilənib)

Amma toplantıya dəvət alan Xədicə İsmayılı parlamentin binasına buraxmırlar

Source:


11.57. Xədicə İsmayıl öz Facebook səhifəsində yazıb ki, İşçi Qrupunun digər üzvləri onun iclasda iştirakına etiraz ediblər. Ancaq o, kimlərin etiraz etdiyini ona bildirmədiklərini deyib.


Amma toplantıya dəvət alan Xədicə İsmayılı parlamentin binasına buraxmırlar

Oktyabrın 22-də Azərbaycanda siyasi məhbuslar üzrə işçi qrupunun yaradılması ilə bağlı iclas keçiriləcək. İclasda Bakıya gələn Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks iştirak edəcək.

Məlumatı Helsinki Vətəndaş Assambleyasının həmsədri və qurumun milli komitəsinin rəhbəri Arzu Abdullayeva yayıb.

Hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə bu cür qrup 2003-cü ildə yaradılmışdı və 2008-ci ilədək fəaliyyət göstərmişdi. Sonradan yerli və beynəlxalq təşkilatlarda İşçi Qrupuna etimad olmadığından fəaliyyət dayandırılmışdı.

İclasa araşdırmaçı jurnalist Xədicə İsmayıl da dəvət  olunub. O, bu barədə Facebook səhifəsində məlumat yayıb. İyulun sonları-avqustun əvvəllərində hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərov həbs olunduqdan sonra X.İsmayıl siyasi məhbusların siyahısının hazırlanması üzrə işi koordinasiya edib.

Lakin xanım İsmayıl özünün Facebook səhifəsində yazıb ki, işçi qrupundan fəaliyyətin imitasiyası və vaxt aparmaq üçün istifadə olunmamalıdır. Onun fikrincə, proses konkret format və müvəqqəti çərçivələr daşımalıdır və qrupda həbsdə olan hüquq müdafiəçiləri iştirak etməlidir. Bundan ötrü isə onların barəsində həbs qətimkan tədbiri dəyişməlidir.

X.İsmayıl bildirib: “Torbörn Yaqland mənə cavab məktubunda yazmışdı ki, işçi qrupun tərkibilə bağlı narahatlıqlar nəzərə alınacaq. Mənim iştirakımla bağlı müzakirələr də vardı. Artıq mənə zəng edib iclasa çağırıblar, ümid edirəm ki, bu, həm də real prosesin ola biləcəyinə işarədir. Bəlkə də ümiddən yapışırıq”.

Ancaq jurnalist narahatlığını da kənara qoymayıb: “Hərçənd, işçi qrupun tərkibi yenə də ciddi narahatlıq mövzusudur, format və prosesin çərçivəsi bəlli deyil, real təminatlar barədə hələ müzakirə belə olmayıb. Bütün bunlara baxmayaraq, həmin iclasa gedəcəyəm. Orada Leyla Yunus və Rəsul Cəfərovun hazırladığı siyahılardakı siyasi məhbusların ləyaqətli azadlığı naminə, vətəndaş cəmiyyəti nümayəndəsi kimi iştirak edəcəyəm. Bu, vaxt, əsəb və enerji deməkdir. Bu, səmimiyyətindən və dürüstlüyündən, yumşaq desək, bədgüman olduğum adamlarla bir masa arxasında əyləşmək deməkdir. Güman ki, prosesin şəffaflığı ilə bağlı hamının razılaşacağı qaydalara uymalı olacağam, amma bir şeyə təminat verirəm. Saxtakarlıqda iştirak etməyəcəyəm. Saxta prosesə sürükləndiyim anda mən artıq orada olmayacam”.

“Ümid edirəm ki, tunelin sonunda işıq görünür və bu, səylərimizin nəticə verəcəyinin ilk işarəsidir”,- deyə xanım İsmayıl fikrini yekunlaşdırıb.

Son məlumata görə, X.İsmayıl parlament binasının qarşısındadır, onu hələ iclasa buraxmırlar.

Avqustun 8-də X.İsmayılın açıqladığı 98 nəfərlik siyasi məhbus siyahısından hazırda beş nəfər azadlığa çıxıb.  Bunların dördü, o cümlədən üç nəfər NİDA hərəkatı fəalı: Bəxtiyar Quliyev, Şahin Novruzlu və Elsevrə Mürsəlli, həmçinin  Gəncə şəhər “Kamil vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli oktyabrın 17-də əfv olunublar. Bundan əlavə,  “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından buraxılıb.

Siyahı açıqlandıqdan sonra Xalq Cəbhəsi Partiyasının fəalları Murad Adilov və Seymur Həzi həbs olunublar.

Hüquq-müdafə təşkilatlarının monitorinq qrupunun siyahısına görə, 17 oktyabr əfvindən sonra həbsdə 37 siyasi məhbus qalır. Onların 27-nin barəsində məhkəmə hökmü var, qalanları istintaq altındadır.

Ana səhifəXəbərlərHakimiyyət siyasi məhbuslar üzrə işçi qrupunun bərpasına başlayır (yenilənib)