Hakimiyyət rəsmilərinin rusiyameylli bəyanatları birmənalı qarşılanmadı

Elxan Şahinoğlu: Oqtay Əsədov bu yolla Moskavanın ünvanına reverans etmək istəyib, Rusiya jurnalistləri iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanı suallarıyla dolaşdırıblar

Zərdüşt ƏIizadə: Azərbaycan iqtisadi baxımdan o qədər miskin vəziyyətdədir ki, qoşulub-qolulmamağının heç bir fərqli yoxdur

Source:


Elxan Şahinoğlu: Oqtay Əsədov bu yolla Moskavanın ünvanına reverans etmək istəyib, Rusiya jurnalistləri iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanı suallarıyla dolaşdırıblar


Zərdüşt ƏIizadə: Azərbaycan iqtisadi baxımdan o qədər miskin vəziyyətdədir ki, qoşulub-qolulmamağının heç bir fərqli yoxdur

Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələri tərəfindən təzyiqə məruz qalır. Bu barədə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bəyan edib.

“Bizə təzyiqin əsas mahiyyəti Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasından ibarət idi”, – deyə o, jurnalistlərlə görüşdə bildirib.

“Biz öz siyasətimizi, öz münasibətlərimizi yürütmək istəyirik. Bizim prezident müstəqil siyasət yürütmək istəyir, bu, çoxlarının xoşuna gəlmir.Bizə olan hücumların mahiyyəti bundan asılıdır”, – spiker əlavə edib.

Maraqlıdır ki, Rusiyada səfərdə olan Azərbaycan sənaye və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bir addım irəli gedərək Azərbaycanın Avrasiya İttifaqına üzv olmasının mümkünlüyündən danışıb:

“Biz Azərbaycana xeyir gətirəcək ittifaqlara üzvlüyün mümkün olduğunu düşünürük. Bunun üçün təşkilatlara üzv olmağımızın müsbət və mənfi cəhətlərini analiz etmək, detallı dəyərləndirmələr aparmaq lazımdır”.

Avrasiya İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan iqtisadi birlikdir. Birliyin üzvləri Rusiya, Belarus, Qazaxıstan və Ermənistandır (RİA Novosti).

Ölkə rəsmilərinin açıqlamalarını Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Oqtay Əsədovun “Qərb Azərbaycana Rusiyaya qarşı sanksiyalara qoşulmadığına görə təzyiq edir” fikrini bölüşmədiyini dedi: “Ona qalsa Türkiyə və Yaponiya, o cümlədən, bir qrup başqa dövlət də Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bəs onda eyni məntiqlə Qərb bu dövlətlərə qarşı niyə təzyiq mexanizminin hərəkətə gətirməyib? Əksinə, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi və BMT-dəki səsvermədə Krımın Ukrayna ərazisi kimi göstərilməsi sənədinə “hə” deməsi Qərbin xoşuna gəldi. Digər tərəfdən, Azərbaycanın Krımla heç bir əlaqəsi yoxdur. Hətta kimlərsə Bakı-Simferopol təyyarə reyslərini açmaq istədikdə Azərbaycan hakimiyyəti bunun qarşısını aldı, turizm şirkətlərinə də tapşırıldı ki, Azərbaycan vətəndaşlarının Krıma səfərlərini təşkil etməsinlər. Bunun özü o deməkdir ki, Azərbaycan hakimiyyəti Krımın Rusiyaya birləşdirilməsini, Donbass separatçılarına dəstəyin əleyhinədir. Sadəcə, Kremllə münasibətlər pozulmasın deyə rəsmi Bakı bu yanaşmasını açıq dilə gətirimir. Ancaq Qərbdə onu da anlayırlar ki, Azərbaycan Ukraynaya görə Rusiya ilə münasibətləri korlaya bilməz. Odur ki, Azərbaycan-Qərb münasibətlərinin korlanmasının Rusiyaya qarşı sanksiyalarla əlaqəsi yoxdur. Görünür, Oqtay Əsədov bu yolla Rusiyanın ünvanına reverans etmək istəyib, ancaq ifadəsi uğursuz alınıb. Həm də onu nəzərə almaq lazımdır ki, Oqtay Əsədov Bakıda olan rusiyalı jurnalistlərin suallarına cavab verib və iki ölkə arasındakı münasibətləri tamamın ağ rəngdə göstərmək istəyib”.

Mərkəz rəhbəri düşünür ki, Rusiyalı jurnalistləri iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanı suallarıyla dolaşdırıblar: “Nəticədə nazir müavinin sözlərindən belə çıxıb ki, guya Azərbaycan Rusiyanın təsis etdiyi Avrasiya İqtisadi Birliyinə üzv olmağa hazırdır. Halbuki, mən nazir müavininin açıqlamasını diqqətlə oxudum. Həmin açıqlamada xüsusi olaraq Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi vurğulanmamışdı. Nazir müavini sadəcə onu demişdi ki, Azərbaycan bütün qurumlara üzvlük məsələsini nəzərdən keçirə bilər. Bunlar ayrı-ayrı məsələlərdir. Sadəcə, rusiyalı jurnalistlər Oqtay Əsədovla olduğu kimi sənaye nazirinin müavinini də dolaşdırmaq istəyiblər və onların dillərindən Rusiyaya xoş gələcək kəlmələr qoparıblar. Azərbaycan rəhbərliyi yaxşı anlayır ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, Azərbaycan Avrasiya İqtisadi Birliyində üzv ola bilməz. Nə vaxt ki, Rusiya Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı torpaqların azad olunmasına şərait yaratsa, Azərbaycanın işğalçı ilə eyni inteqrasiya məkanında varlığı mümkün deyil”.

Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, Qərb hər hansı ölkəyə tələblərini irəli sürəndə onların diplomatları gerçək vəziyyəti nəzərə alırlar: “Məsələn, Qərb İrana qarşı 90-cı illərdə sanksiyalar tətbiq edəndə, Tehranın İrəvana yardımına “göz yumdu”. Çünki Ermənistanın başqa çıxış yolunun olmadığını anlayırdı. Eyni zamanda, Azərbaycana qarşı hansı tələb qoyulanda Bakının Moskva ilə iqtisadi əlaqələrinin sezilməyəcək dərəcədə zəif olduğunu bilirlər. Baxın, Qərb Rusiyaya kredit verilməsini qadağan ediblər, Bakı Moskvaya kredit vermir. Yaxud Azərbaycan Rusiyaya strateji mallar satmır, elmi tutumlu məhsul buraxmır. Bir az kənd təsərrüfatı məhsulu satır, vəssalam! Bunun da Rusiyaya təsir sıfra bərabərdir”.

Azərbaycanın Avrasiya İqtisadi Təşkilatına üzv olması barədə sənaye və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın dediklərinə gəlincə, Zərdüşt Əlizadə düşünür ki, ölkəmizin quruma üzv olması nə xeyirdir, nə ziyan: “Çünki Azərbaycan iqtisadi baxımdan o qədər miskin vəziyyətdədir ki, qoşulub-qolulmamağının heç bir fərqli yoxdur. Yalnız neft məhsulları buraxırıq. İkinci, milli iqtisadiyyatımız, kənd təsərrüfatımız yıxılb xırıldayır. Ona görə Azərbaycanın Avrasiya İqtisadi Təşkilatına üzv olmasının heç bir önəmi yoxdur. Yalnız hakim zümrə üçün böyük əhəmiyyəti ola bilər. Çünki hakim zümrə bir az da başını Rusiyanın qoltuğuna soxacaq və özlərinin xalqdan oğurladıqlarına rus oliqarxları da şərik çıxacaq. Səbəb də odur ki, vassalsansa, xalqdan oğurladığını bölüşməlisən”.

Ana səhifəXəbərlərHakimiyyət rəsmilərinin rusiyameylli bəyanatları birmənalı qarşılanmadı