“Hakimiyyət ölkənin içini səfərbər etmək istəyir”

Arzu Abdullayeva: “Hakimiyyətə elə gəlir, təkcə GONGO-lar ağıllıdı”

Qənimət Zahid: “Hökumət belə adamlara deyir ki, sənin cəmiyyətlə hansı əlaqənin olması maraqlı deyil, birmənalı münasibətini göstər”

Şahvələd Çobanoğlu: “Tarix təkcə oyunlardan ibarət deyil”

Source:


Arzu Abdullayeva: “Hakimiyyətə elə gəlir, təkcə GONGO-lar ağıllıdı”


Qənimət Zahid: “Hökumət belə adamlara deyir ki, sənin cəmiyyətlə hansı əlaqənin olması maraqlı deyil, birmənalı münasibətini göstər”


Şahvələd Çobanoğlu: “Tarix təkcə oyunlardan ibarət deyil”

“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası Azərbaycana qarşı kampaniyaya etiraz olaraq bəyanatla çıxış edib. 77 nəfərin imzaladığı bəyanatda insan haqlarını müdafiə edən təşkilatlar hədəfə alınır, ölkədə siyasi məhbus probleminin olmadığı, söz-ifadə azadlığının, demokratiyanın mövcudluğu vurğulanır.

Məsələyə münasibət bildirən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid 77 təşkilatın və media orqanının yaydığı bəyanatı Meydan TV-yə şərh edərkən bildirdi ki, hakimiyyətin Avropa Oyunlarını keçirməkdə məqsədi özünü təqdim etməkdir: “Amma hakimiyyətə xaricdəki imic lazım deyil, çünki beynəlxalq aləmin özlərinə münasibətini bilirlər. Azərbaycan hakimiyyətinə məlumdur ki, beynəlxalq aləmdə heç bir hörmətləri yoxdur və korrupsioner, diktatura rejimi kimi tanınırlar. Belə olduqda onlarla Avropa Oyunları keçirsələr də, normal dünyanın bunlara münasibəti dəyişməyəcək. Ona görə də bu cür yarışlar Əliyev rejiminə oxşar rejimlərə xarici yox, daxili təbliğat üçün lazımdır. Daxili təbliğatda da özlərinin təsirində olan bu cür adamları bir daha səfərbər edirlər ki, cəmiyyətin üzərinə daha kəskin hücum etsinlər. 77 nəfərin imzası da bu qəbildəndir. Siyahıda bəzilər var ki, guya hadisələrə loyal yanaşıb ,özlərini neytral göstərmək istəyirlər. Amma hakimiyyət belələrinə də şans tanımır, sənədlərə imza atmağa məcbur edir. Hökumət belə adamlara deyir ki, sənin cəmiyyətlə hansı əlaqənin olması maraqlı deyil, birmənalı münasibətini göstər”.

Qənimət Zahid hesab edir ki, diplomat Arif Məmmədovun bəyanatından sonra hakimiyyətin bu cür bəyanatlara çox ehtiyacı var: “Çünki hakimiyyətin içindən növbəti parçalanmalar da ola bilər. Ona görə ölkənin içini səfərbər etmək istəyirlər”.

“Nə qədər desələr də “siyasi məhbus yoxdur”, yenə də bunu gizlətmək mümkün deyil. Onların mövcudluğu hakimiyyətin özündən asılıdır, tutmasınlar, olmasın”. Bunu isə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva deyir.

Sözügedən bəyanata münasibətini açıqlayan hüquq müdafiəçisi deyir ki, hakimiyyət özü siyasi motivlərə görə həbs olunanların mövcudluğunu etiraf edir: “Hakimiyyət dialoq aparır, Avropa Şurasının, dıgər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşür, bu barədə müzakirələr aparır. Terminoloji baxımdan biz “siyasi məhbus” adlandırırıq, hakimiyyət nümayəndələri isə əvvəllər “siyasi motivlərə görə həbs olunanlar” deyirdi, indi isə deyirlər siyasi fəaliyyətlə bağlı deyil. Ancaq biz məhkəmələri görürük, hadisələri necə təhrif etdiklərini, çevirdiklərini bilirik. Həbs olunan adamlar cinayətkar deyil. Ola bilsin ki, hansısa səhvləri var, ancaq insanı fikirlərinə, fərqli münasibətinə görə həbs etməzlər. Hamısı da guya külli miqdarda pul mənimsəyiblər. QHT sektorunda külli miqdarda pul mənimsəmək mümkün deyil. Әgər balanslaşmış siyasət olardısa, öz məmurları arasında da bu cür mənimsəmə hallarına qarşı mübarizə aparardılarsa, anlamaq olardı. Ancaq bu üsul ancaq vətəndaş cəmiyyətinin fəallarına tətbiq olunur. Bunlara nədənsə elə gəlir ki, xalq ağılsızdı, heç nəyi seçə bilmir. Beynəlxalq təşkilatlardakılar axmaqdı, heç nə başa düşmürlər, bircə GONGO-lar ağıllıdı, onlar məsələlərə münasibət bildirə bilərlər”.

Arzu Abdullayeva təəssüf edir ki, bəyanatı imzalayanlar arasında GONGO kimi tanımadığımız adamlar da var. Onlar keçmişdə vətəndaş cəmiyyətinin fəalları idilər. Onlara sualım var: Özlərinə necə rəva biliblər ki, belə bir sənədə imza atıblar? Fikrimcə, onlar ya aldanıblar, mətni oxumayıblar, ya nədənsə asılıdırlar, qorxurlar, ya da maliyyə maraqları var. Әfsus ki, bu GONGO-lar mövcuddur və Azərbaycanın QHT sektorunu ikiyə parçalayıblar. Bununla istər ölkədə, istərsə də xaricdə pis rəy yaradırlar”.

Bəyanatda BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks anti-Azərbaycan şəbəkəsinin üzvləri kimi təqdim edilir və pislənir. Arzu Abdullayeva bu fikirlə də razılaşmır: “Onların hər üçü çox təmiz adamlardı, beynəlxaq təşkilatları təmsil edirlər və təkcə Azərbaycanda deyil, dünyanın hər yerində insan haqlarını müdafiə edirlər, pozuntulara münasibət bildirirlər. Onları hədəfə almaq doğru deyil”.

Jurnalist Şahvələd Çobanoğlu bəyanata münasibətini yazısında açıqlayıb. Jurnalist yazır: “Bu 77 imzanı atan adamlar danılmaz bir həqiqətin üstündən keçməyə çalışırlar: ölkə vətəndaşlarını qanunsuz həbs etmək cinayətdir, ölkə sərvətlərini talamaq cinayətdir. Bu cinayətlərin pərdələmək üçün Avropa Oyunları kimi tədbirlərə böyük xərclər tökmək isə bu cinayətlərin izini silib təmizləmir. Odur ki, Azərbaycan hakimiyyətinin haqsız həbs etdiyi adamları cinayətkar adlandırmaq onları həbs edənlərin cinayətinə şərik olmaqdır. Buna görə hər biri tarix qarşısında cavab verəcək. Tarix təkcə oyunlardan ibarət deyil”.

Ana səhifəXəbərlər“Hakimiyyət ölkənin içini səfərbər etmək istəyir”