Hakimiyyət minlərlə hərbçiyə xoşagəlməz sürpriz hazırlayır-Araşdırma

“Hakimiyyətin silahlanmaya milyardlarla vəsait xərclədiyi bir dövrdə belə qənaət ideyası irəli sürməsi onun üçün insan amilinin həmişə ikinci yerdə durduğunu göstərir”

Source:


“Hakimiyyətin silahlanmaya milyardlarla vəsait xərclədiyi bir dövrdə belə qənaət ideyası irəli sürməsi onun üçün insan amilinin həmişə ikinci yerdə durduğunu göstərir”

“Belə görünür ki, Azərbaycan hakimiyyəti Silahlı Qüvvələrin şəxsi heyəti – xüsusilə də gizir və zabitlər üçün ciddi xoşagəlməz bir sürpriz hazırlayır. Hərbi qulluqçuların pensiyaya çıxma yaşının 25 ilə çatdırılması ideyası Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçuların hüquqlarının ciddi şəkildə pozulması mənasını verir”.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (CDSI) hazırladığı “Neft gəlirlərinin sonu: Azərbaycan ordusunu nə gözləyir?” adlı araşdırmasında bildirilir. Araşdırmada qeyd olunur ki, neftin qiymətinin çox aşağı düşməsi bir çox digər sahələrdə olduğu kimi Silahlı Qüvvələrdə də ciddi sosial problemlərin ortaya çıxması ilə müşayiət olunur. Konkret olaraq aşağıdakı istiqamətlərdə problemlər ortaya çıxıb:


Hərbi qulluqçuların pensiyaya çıxma yaşının artırılması gözlənilir;


Hərbi qulluqçuların məvaciblərinin artması qeyri-müəyyən dövrə qədər təxirə salınıb;


Hərbçilərə verilməli olan bir sıra ödənişlərlə bağlı ciddi gecikmələr yaranıb;


Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı ciddi problemlər ortaya çıxıb və s.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev APA-ya bildirib ki, hazırda Silahlı Qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir. O bunu “islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyi” ilə əsaslandırıb. “Təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcəkdir. Buna görə də təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatçılığa heç bir əsas yoxdur”, – deyə o bildirib.

CDSI-nin araşdırmasında bildirilir ki, qeyd edilən açıqlama təxminən 1995-ci ildən bu yana Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə xidmətlərini davam etdirən on minlərlə hərbçilərin maraqlarının əksinə yönəlik çox ciddi perspektivləri ortaya qoyur. Belə ki, silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddəti 25 ilə çatdırılarsa bu o deməkdir ki, onlara 20 illik xidmətlərinə görə verilməli olan imtiyazlar, o cümlədən mənzil-ev təminatı təxirə salınacaq.

“Ümumilikdə, bu ideyanın qəbul edilərkən hazırda xidmətdə olan hərbi qulluqçulara şamil olunması ciddi mübahisə predmeti yarada bilər və hərbçilər tərəfindən məhkəməyə verilməsi perspektivini doğuracaq”, – deyə CDSI ekspertləri bildirir. “Problem belədir: əgər bir hərbçi misal üçün, cəbhə xəttində 20 il xidmət edib mayor rütbəsində pensiyaya çıxırsa, onun pensiyası təxminən 800-900 manat olacaq və 5 il ərzində onun pensiyası ortalama 50 min manat təşkil edəcək. Amma yeni ideyaya görə, həmin zabit bu pulu 5 il işləyərək almalıdır və bu da sözsüz ki, hərbi qulluqçular arasında narazılıq yaradacaq. Hərbi qulluqçuların növbəti 5 ili xidmətdə keçirmək üçün hər hansı maddi və mənəvi marağı olmayacaq”, – deyə CDSI-nin direktoru Cəsur Sümərinli bildirir. Onun sözlərinə görə, pensiya yaşının artırılması barədə ideya neft gəlirlərinin azalması ilə birbaşa bağlıdır. Böyük ehtimalla hökumət bu qərarla hazırda xidmətdə olan zabit və gizirlərin hərbi xidmətlərini 5 il uzatmaq hesabına hərbi büdcəyə qənaət etmək niyyətindədir.

“Təxmini hesablama da apara bilərik: əgər qeyd edilən 5 il əlavə xidmətə 5 min zabit və gizir cəlb olunarsa bu, təxminən 200-250 milyon manat vəsaitə qənaət etmək anlamını verə bilər. Amma hakimiyyətin silahlanmaya milyardlarla vəsait xərclədiyi bir dövrdə belə qənaət ideyası irəli sürməsi onun üçün insan amilinin həmişə ikinci yerdə durduğunu göstərir”, – deyə C.Sümərinli bildirdi.

CDSI ekspertləri hesab edirlər ki, neft gəlirlərinin azalmasından doğan həyəcan artıq özünü Silahlı Qüvvələrdə bir sıra proseslərdə aşkar göstərir:


Hərbçilərə evlərin verilməsi təxirə salınır?

Son 5-6 ay ərzində Silahlı Qüvvələrin şəxsi heyətinin – zabit və gizirlərin mənzillə təminatı sahəsində ciddi problemlər ortaya çıxıb. Bir sıra məlumatlara görə, mənzillə təminat prosesi qeyri-müəyyən müddətədək dayandırılıb. Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyevin hərbçilərin mənzil təminatı ilə bağlı imzaladığı fərmandan keçən 4 il ərzində 400-ə yaxın hərbi qulluqçunun mənzillə təmin olunduğu barədə rəsmi məlumatlar verilib. Amma gerçəklikdə mənzil növbəsinə duran hərbi qulluqçuların sayı minlərlədir. Araşdırmalar göstərir ki, son aylar ərzində prezidentin fərmanının tətbiqi tamamilə dayandırılıb. Bunun nəticəsində mənzil növbəsində böyük bir “tıxac” yaranıb. Belə ki, 1992-ci ildən Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçulara hələ də ev verilməyib. Beləliklə, hazırda növbədə 23 ildən artıq hərbi xidmət keçən hərbi qulluqçular var, onların nə zaman mənzillə təmin olunacağı barədə suallar açıq qalır. 1992-ci ildə xidmətə başlayanlar 1993, 1994 və 1995-ci illərdə xidmətə başlayanların evlə təmin olunmasını səbirsizliklə gözləyirlər. Yeri gəlmişkən, bir çox hallarda hərbi qulluqçulara əsassız olaraq mənzil verilməsindən imtina halları var. Hökümət təmsilçilərinin belə bir vəziyyətdə pensiya yaşının 25-ə qaldırmaq ideyasını niyə irəli sürdüyünü anlamaq çətin deyil.


Məvaciblər artırılmayacaq?

CDSI-nin araşdırmaları göstərir ki, yaxın iki il ərzində Azərbaycan Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin hərbi və mülki heyətinin məvaciblərinin artırılması gözlənilmir. Hətta bir sıra proqnozlara görə, bir sıra istiqamətlər üzrə yüksək məvacib alan hərbi qulluqçuların məvaciblərinin azaldılması planı üzərində iş gedir.

mn

Müxtəlif məlumatlara görə, bu gün aşağı rütbəli və vəzifəli Azərbaycan hərbçilərinin məvacibləri 400-600 manat arasındadır. Bu məvacibi müəyyən fərqlərlə arxa cəbhədə xidmət edən müddətdən artıq hərbi xidmət qulluqçuıarı, gizirlər, leytenantlar, baş leytenantlar və kapitanlar alır. Cəbhə xəttində eyni rütbəli və vəzifəli hərbi qulluqçuların məvacibləri isə təxminən 550-800 manat arasındadır. Hərbi qulluqçuların xidmət şəraitlərinin çətinliyi, onların ailə üzvlərini və s. nəzərə alaraq demək olar ki, qeyd edilən məbləğ onların, xüsusilə də arxa cəbhədə xidmət edənlərin sosial təminatı üçün yetərli deyil.


“Paltar pulu” niyə verilmir?

İnstitutun həyata keçirdiyi araşdırmalara görə, son aylar Silahlı Qüvvələrin ehtiyata buraxılan hərbi qulluqçularına istifadə olunmamış əşya-əmlaka görə pul təzminatının (“paltar pulu”) verilməsində də ciddi problem ortaya çıxıb. Məlumatlara görə, təkcə 2014-2015-ci illərdə ehtiyata çıxan 100-dən artıq hərbi qulluqçuya “paltar pulu” hələ də verilməyib. Qeyd edilən təzminat hərbçinin xidmət dövrünə uyğun olaraq 850-1200 manat arasında dəyişir. Verilən məlumata görə, Müdafiə Nazirliyinin Maliyyə İdarəsi bu məsələ ilə bağlı hərbçiləri səbrli olmağa çağırır, amma vəsaitlərin nə zaman veriləcəyi barədə konkret vəd vermir.


Məzuniyyət pulu ilə bağlı problem

Ehtiyatda olan hərbçilər arasında istifadə olunmamış məzuniyyətə görə pul kompensasiyasının verilməsi qaydalarından da ciddi narazılıqlar var. Araşdırmalar göstərir ki, qeyd edilən qaydalar çox mürəkkəbdir və hərbçiləri “get-gələ” salma halları var. Bir çox hərbçi qeyd edilən vəsaitin alınması istiqamətində çətinliklərlə üzləşib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 18 mart 2015-ci il tarixli qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.

Hərbçiləri narahat edən sənədlər – müxtəlif arayışlardır. Belə ki, qərara görə, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu aşağıdakı arayışları təqdim etməlidir:


– xidmət etdiyi müvafiq hərbi hissələrdən istifadə edilməmiş məzuniyyət günləri haqqında arayış (əlavə № 2);


– vəzifə maaşı, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği barədə arayış (əlavə № 3);


– ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun xidmət etdiyi hərbi hissədən şəxsi heyətin siyahısından çıxarılması barədə nizami hissə üzrə əmrdən çıxarış.

Bir çox hərbçilər qeyd edilən arayışları və ya onları əvəzləyən sənədləri tapmaqda, əldə etməkdə çətinlik çəkirlər. “Problemlə bağlı narazılıq edən bir sıra hərbçilərin fikrincə, qeyd edilən sənədlərin Müdafiə Nazirliyinin elektron bazasında toplanmaması nəticəsində, hərbçilər üçün çətinlik yaranıb. Əslində ötən dövrlərdə sənədlərin elektronlaşdırılması istiqamətində işlərin görülməməsi Müdafiə Nazirliyində aidiyyatı strukturların öz vəzifə borclarına məsuliyyətsiz yanaşmalarının göstəricisidir”, – deyə Cəsur Sümərinli bildirir.


CDSI İnformasiya Departamenti

Ana səhifəXəbərlərHakimiyyət minlərlə hərbçiyə xoşagəlməz sürpriz hazırlayır-Araşdırma