“Hakimiyyət məndən qisas alır”

Cəmil Həsənli: “Bu cür məlumatlar təxribatdır, onun mənbəyi isə dövlət orqanları, habelə xüsusi xidmətlərin nəzarəti altında olan KİV-lərdir”

Source:


Cəmil Həsənli: “Bu cür məlumatlar təxribatdır, onun mənbəyi isə dövlət orqanları, habelə xüsusi xidmətlərin nəzarəti altında olan KİV-lərdir”

Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bir sıra KİV-lərin guya onun qızı Günelin maşınla yaşlı qadını vurduğu və hadisə yerindən qaçdığı haqqında yaydığı məlumatla bağlı bəyanat yayıb.

Bununla əlaqədar Cəmil Həsənli “Turan İA”-a bildirib ki, bu cür məlumatlar təxribatdır, onun mənbəyi isə dövlət orqanları, habelə xüsusi xidmətlərin nəzarəti altında olan KİV-lərdir.

““Mənə və ailə üzvlərimə qarşı təxribat hazırlandığından məlumatlı idim və dəfələrlə xüsusi xidmət orqanları tərəfindən izləndiyimizi açıq şəkildə bildirmişdim”,- deyə o qeyd edib.

Xüsusən, Həsənli ailəsi Daxili İşlər Nazirliyi orqanlarına məxsus “Hundai” markalı avtomobillə izlənilib.

“Hətta yaşadığımız evin yanında keşik çəkən maşındakı əməkdaşların avtomobilin içində xidməti formalarının mülkü formlara dəyişmələrini də müşahidə etmişik. Qızım Günel Həsənlinin maşınının izlənməsi barədə məlumatımız var idi”, – professor belə deyib.

“İnsidentə” gəlincə, “Turan İA” xəbər verir ki, sentyabrın 19-da qızı Günel Həsənli uşaqlarını məktəbdən gətirib. Çox aşağı sürətlə həyətə dönərkən o, yaşlı qadın görüb və ona yol verib. Lakin qadın yerə yıxılıb, məscidə axşam namazına gələn çoxsaylı möminlər bunu görüb. Onlar qadının ayağa qalxmasına kömək ediblər, Günel də maşından çıxıb qadının vəziyyəti ilə maraqlanıb.

Möminlər qadını tanıyıblar və onu evinə aparmağı təklif ediblər, lakin o, imtina edərək, məhz Günelin aparmasını istəyib. “Zərərçəkmiş” Respublika Klinik Xəstəxanasına aparıldıqdan sonra 86 yaşlı Adilə Səlimova bildirib ki, sınığı varsa, şikayət edəcək. Sınığı yoxdursa, Günel ona təzminat olaraq 300 manat verməlidir. Günel buna etiraz edib.

15:30-da rentgen çəkilib və həkim heç bir xəsarət olmadığını, yalnız duzlaşma olduğunu bildirib. Bundan sonra “zərərçəkmiş” taksi ilə evinə göndərilib.

“Səlimovanın ağır xəsarət aldığını iddia edirlərsə, niyə onu travmatologiya şöbəsinə göndərməyiblər, xəstəxanadan evə buraxıblar? Bundan başqa, bizdə rentgen təsviri və həkimin rəyi var”, deyə Cəmil Həsənli qeyd edib.

Professor bildirib ki, hər bir insanın həyat və sağlamlığı əhəmiyyətlidir, lakin o, hakimiyyətin bu faktdan onun ailəsinə qarşı istifadə edəcəyini istisna etmir.

“Əminəm ki, bunu görən mömin insanlar olduğu üçün baş verənləri olduğu kimi deyəcəklər. Bundan başqa, sözügedən yerdə müşahidə kameraları var və hər şey əksini tapıb.

Hakimiyyət kəskin tənqidi çıxışlarıma, Leyla Yunusun və digər siyasi məhbusların hüquqlarını müdafiə etdiyimə, habelə Milli Şurada fəaliyyətimə görə məndən qisas alır”, – deyə Cəmil Həsənli qeyd edib.

Ana səhifəXəbərlər“Hakimiyyət məndən qisas alır”