Hakimiyyət Konstitusiyaya düzəlişlərin mətnini Venesiya Komissiyasına təqdim etməyib

”Komissiyanın nizamnaməsinə uyğun olaraq rəsmi müraciət olarsa belə rəy hazırlaya bilərik”

Source:


”Komissiyanın nizamnaməsinə uyğun olaraq rəsmi müraciət olarsa belə rəy hazırlaya bilərik”

Rəsmi Bakı sentyabrın 26-da referenduma çıxarılacaq Konstitusiyaya düzəlişlər və dəyişiklikləri Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT DTİHB-yə təqdim etməyib. Bu barədə Venesiya Komissiyasından ”Turan” agentliyinin təklif edilən dəyişikliklərin qiymətləndirilməsi sorğusuna cavab olaraq bildirilib.

“Təəssüf ki, biz buna cavab verə bilmərik, çünki əvvəla, düzəlişlərin mətni bizdə yoxdur, ikincisi, biz yalnız rəsmi sorğu çərçivəsində bizə verilən mətnləri təhlil edə bilərik.

Hələlik Venesiya Komissiyası konstitusiya düzəlişləri layihəsi üzrə rəylə bağlı sorğu almayıb. Lakin Komissiyanın nizamnaməsinə uyğun olaraq rəsmi müraciət olarsa belə rəy hazırlaya bilərik”, – Venesiya Komissiyasının cavabında deyilir.

Cavabda həmçinin deyilir ki, Venesiya Komissiyası Nazirlər Komitəsi, Parlament Assambleyası, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, baş katib, həmçinin Komissiyanın işində iştirak edən dövlətlər, beynəlxalq təşkilatlar və ya strukturların xahişilə sorğular üzrə rəy verə bilər.

Görünür, hələlik sözügedən qurumlardan heç biri Azərbaycan Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərin demokratik normalara və Avropa standartlarına uyğunluğunun yoxlanmasını lazım hesab etməyib.

Dövlət Departamenti və Avropa İttifaqı düzəlişlər layihəsinin analiz üçün Venesiya Komissiyasına təqdim olunmasını Azərbaycan hakimiyyətinə tövsiyə edib.

Ana səhifəXəbərlərHakimiyyət Konstitusiyaya düzəlişlərin mətnini Venesiya Komissiyasına təqdim etməyib