“Ən böyük itki Azərbaycanda azad medianı institut kimi itirməyimizdir
”
ABŞ Dövlət Departamenti 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində azad və müstəqil mətbuata dəstək üzrə səylər çərçivəsində illik “Mətbuata azadlıq” kampaniyasına başlayıb.
Əvvəlki illərdə olduğu kimi, Dövlət Departamenti senzuraya, hücum və hədələrə məruz qalan, öz peşə fəaliyyətinə görə itkin düşən KİV və jurnalistlərin adlarını açıqlayacaq.
“Turan İA”-ın Vaşinqton müxbirinin məlumatına görə, aprelin 30-da keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat katibi Mari Harf Azərbaycanda və Svazilenddə jurnalistlərin həbsinə toxunub.
Bəs bu kampaniyanın nəticəsi olacaqmı? Meydan TV-nin sualını “Turan”-ın direktoru Mehman Əliyev cavablandırdı: “Bugünə kimi nə qədər kampaniya keçirilib? Keçirilən kampaniyaların nəticəsi olubmu? Ötən əsrin 90-cı illərində keçirilən kampaniyalar zamanı daxili təpki də çox güclüydü. O zaman Azərbaycan jurnalistikası çox böyük itkilər verə-verə böyük mübarizə aparırdı. Amma nəticədə böyük itkilərlə indiki mənzərə yarandı. Ən böyük itki odur ki, biz Azərbaycanda azad medianı institut kimi itirdik. Ona görə məsələləri birbaşa buna bağlamaq ki, başlanan kampaniyanın nəticəsi olacaq, bu, düzgün olmazdı”.
Mehman Əliyev son bir həftədə rəsmi mətbuatda anti-ABŞ kampaniyasının güclənməsi məsələsinə də toxundu. Bu kampaniyanın onun üçün yenilik olmadığını dedi: “Vaxtaşırı Azərbaycanın rəsmi mətbuatında anti-Qərb kampaniyası aparılır”.
M.Əliyev kampaniyanın iki səbəbdən qaynaqlandığını düşünür: “Bir tərəfdən Rusiyanın iqtidara təpkiləri güclənəndə hakimiyyət anti-Qərb mövqeyini nümayiş etdirir. Yəni Roma Papasından daha çox katolik olduğunu demək istəyir. İkinci məqam isə odur ki, Qərbin demokratik inkişaf və öhdəliklərlə bağlı təpkiləri olanda da belə kampaniyalara start verilir. Bu gün hakimiyyətin Rusiya və Qərblə də münasibətləri kifayət qədər yaxşı deyil, sinxron durum yaranıb. Ona görə hakimiyyətin son kampaniyası dediyim səbəblərlə əlaqədardır”.
O, hakimiyyətin heç vaxt Rusiyaya qarşı kampaniya aparmadığını da xatırlatdı: “Çünki qorxurlar. Qərbə qarşı ona görə kampaniya aparır ki, Avropa normalar, qaydalar çərçivəsində mübarizəni ortaya qoyur. Rusiyanın davranışı isə beynəlxalq qaydalara sığışmır. Bu mənada Kremlin siyasəti Bakı üçün böyük təhlükədir”.
Mehman Əliyev hesab edir ki, hakimiyyət demokratikləşmə aparmağa məcbur olacaq: “Bunun əsas səbəbi ölkənin iqtisadi durumunun ağır olmasıdır, məsələ heç də neft qiymətlərinə bağlı deyil. Sadəcə, uzun illər aparılan səhv siyasətin nəticəsində iqtisadiyyat dərin böhrana girib. Hakimiyyət neftin hesabına vəziyyəti sabitləşdirəcəyini düşünürdü, amma neft gəlirlərinin azalması bu imkanı da sıradan çıxardı. Bu baxımdan proses tezləşib. Böhrandan çıxış yolu iqtisadi islahatların aparılması və ardınca məhkəmə sisteminin şəffaflaşdırılmasıdır. Başqa çıxış yolu yoxdur! Əks təqdirdə, çox pis fəsadlar gözlənilir”.