”Hakimiyyət cəmiyyətlə danışıqlar aparmalıdır”

Qadir İbrahimli: ”Süni qiymət artımının etirafı inhisarların varlığını təsdiqləyir”

Source:


Qadir İbrahimli: ”Süni qiymət artımının etirafı inhisarların varlığını təsdiqləyir”

Yanvarın 21-də Mərkəzi Bankın ikinci devalvasiya qərarının bir ayı tamam oldu. Ötən bir ay bölgələrdə aksiyalarla, kiçik struktur islahatlarıyla, prezident İlham Əliyevin iki müşavirəsi və Milli Məclisin bir sıra qanunlara dəyişikliklər etməsi ilə yadda qaldı. Bəs sadaladıqlarımız əhalinin sosial durumunda hansı izlər  buraxdı?

Müraciət etdiyimiz iqtisadçı Qadir İbrahimli və “Turan İA”nın direktoru Mehman Əliyev prezidentin, hökumətin və Milli Məclisin addımlarını qənaətbəxş hesab etməyiblər.

İqtisadçı Qadir İbrahimli 21 dekabr devalvasiyasının nəticələrinin kifayət qədər ağır olduğunun və cəmiyyətin bütün zümrələrinə sirayət etdiyini düşünür: “Əvvəla, ərzaq məhsullarında qiymətlər təxminən 50 faiz bahalaşdı, özəl və büdcə təşkilatlarında ixtisarlar başladı. Düzdür, 21 dekabra qədər bu proses start götürmüşdü, amma son bir ayda sürətləndi. Aztəminatlı əhalinin vəziyyəti daha da pisləşdi, kasıblar yoxsullara çevrildi”.

İqtisadçı hökumətin addımlarının situasiyaya adekvat olmadığını düşünür. Onun fikrincə, inhisarlar əvvəlki kimi dayandığı halda hökumət süni qiymət artımı adı altında real sektorda olan az hissəni də həbs etmək qərarını verib: “Bu, hətta devalvasiyadan da qorxulu tendensiyadır. Çünki süni qiymət artımının etirafı inhisarların varlığını təsdiqləyir.  Eyni zamanda, həbslərə gedirsə, deməli, inhisarları aradan qaldırmaq niyyətində deyil”.

Qadir İbrahimli hökumətin mövcud situasiyanı dəyişmək üçün kardinal və radikal addımlar atmaq niyyətində olmadığı qənaətindədir: “Sadəcə, hakimiyyət səbəblərlə yox, nəticəylə mübarizə aparır. İş adamlarının kütləvi həbsi Azərbaycana yaxşı heç nə vəd etmir. Əslində, süni qiymət artımını real rəqabətlə aradan qaldırmaq mümkündür. Bəzi dövlət rəsmilərinin davranışlarından da hakimiyyətin real addımlar atmaq niyyətinin olmadığı görünür. Məsələn, qanunverici orqanın rəhbəri Oqtay Əsədov bankları müdafiə etdi. Halbuki, MDB respublikalarında yaranmış durumda borc müştərilərlə banklar arasında bölüşdürülüb. Bizdə isə zərər yalnız əhalinin çiyninə yüklənir. Oqtay Əsədovun açıqlaması hökumətin iqtisadi kursunda yumşalma meyllərinin olmadığını təsdiqləyir. Yaxud Dövlət Təhlükəsilik Xidmətinin rəhbəri Mədət Quliyevin “rayonlarda aksiyalar işləmək istəməyənlərin işidir” açıqlaması heç cür anlaşılmır. Birinci ona görə ki, bu barədə açıqlama  vermək onun mandatına aid deyil”.

İqtisadçı hökumətin real addımlar atmağa və situasiyanı dəyişməyə tələsmədiyini deyir: “Hakimiyyətin inzibati yollara üstünlük verməsi yanlışdır. Birinci, əhalinin real gəlirləri azalıb, ikinci də insanlar iş yerlərini itirirlər. Belə bir halda repressiya və inzibati vasitələrlə insanları nəzarətdə saxlamaq mümkün deyil”.

Müsahibimiz yaxın bir ayda hökumətin davranışlarında ciddi dəyişiklik gözləmədiyini bildirir: “Problem hökumətin davranışlarının bahalaşmaya adekvat olmamağındadır. Hökumət yeni iş yerləri yaratmaq haqqında düşünməlidir. Düzdür, hakimiyyətin yeni iş yerləri yaratmağa gücü yoxdur, yalnız özəl sektora dəstək verməklə nəsə etmək olar. Təəssüf  ki, hökumət bu istiqamətdə tələsmədiyindən yaxın bir ayda vəziyyət daha da pisləşəcək”.

“Turan İA” direktoru Mehman Əliyev  isə son bir ayda həm hakimiyyətin, həm də cəmiyyətin çaşqın duruma düşdüyü qənaətindədir: “Hakimiyyət neftin qiymətinin düşməsinə  impulsiv reaksiya verirdi, cəmiyyət də nə edəcəyini bilmirdi. Sonradan hakimiyyətin çaşqınlığına etiraz aksiyaları ilə cavab verildi, bu aksiyalar spontan oldu. Buna cavab olaraq hakimiyyət hərəkətə gəldi. Amma hələ vəziyyətin kəskin dəyişdiyini də iddia etmirəm. Çünki xalq gələcəkdə nə gözlədiyini bilmir. Hakimiyyətin də böhrandan çıxış proqramı yoxdur. Ayrı-ayrı addımların atılması dolğun mənzərə yaratmır. Deməli, hakimiyyət vəziyyəti dəyişməyə hazır deyil, sadəcə cəhd edir, cəmiyyət isə  mövcud durumla barışmaq niyyətində deyil. Siyasi partiyalarda, ictimai təşkilatlarda canlanma olması bunu təsdiqləyir”.

O, yaxın bir ayda dəyişikliklər gedəcəyini, müxtəlif istiqamətlərdə islahatlar olacağını və cəmiyyətin fəallaşacağını düşünür: “Xüsusən Qərbin Azərbaycan hakimiyyətinə təzyiqləri artacaq. Ona görə hakimiyyət üçün asan olmayacaq”.

Mehman Əliyev deyir ki, böhran dərinləşdiyindən hakimiyyət cəmiyyətlə bir araya gəlib danışıqlar aparmalıdır. Əks təqdirdə, inqilabi vəziyyətin yaranması istisna deyil.

Ana səhifəXəbərlər”Hakimiyyət cəmiyyətlə danışıqlar aparmalıdır”