”Hakimiyyət bütün sahibkarları səfərbər edib”

”Hər bir imtiyazlı şəxsə güzəştin edilməsi dövlət büdcəsinin gəlir mənbələrini risq altında qoyur”

Source:


”Hər bir imtiyazlı şəxsə güzəştin edilməsi dövlət büdcəsinin gəlir mənbələrini risq altında qoyur”

Vergilər Nazirliyi bəzi iri marketlər şəbəkələrində aparılan yoxlamaları müvafiq məcəllədə xronometraj metodu ilə müşahidə aparmağın vergi orqanlarının hüquqlarına aid edilməsiylə izah edib. Nazirlik bəyan edib ki, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə mütəmadi olaraq aparılır və bu zaman onların normal fəaliyyəti üçün heç bir maneə yaratmır: ““Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronometraj müşahidəsi təyin edilib”.

Nazirliyin açıqlamasını şərh etmək üçün iqtisadçı Məhəmməd Talıblıya müraciət etdik.

Məhəmməd Talıblı ötən ilin 21 dekabr devalvasiyasından sonra topdansatış şəbəkələri və mal gətirən firmalara qiymət artımına yol verilməməsiylə bağlı tələbi xatırladaraq bildirdi ki, İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən istehlakçıların Hüquqlarını Müdafiə Departamenti bununla davamlı tədbirlər həyata keçirdi. Məqsəd devalvasiyanın doğurduğu panik şəraitin coğrafiyasının genişlənməsinə rəvac verməmək idi. Əks halda, o zaman bazar özünün mənfi siqnalları ilə istehlakçılarda daha panik ovqat doğura bilərdi. Dövlət qurumlarının belə inzibati qiymət tənzimləmə tələbinə susan həmin firmalar “dövlətçilik naminə” amorf bir direktivə dözdülər. “Stoklarını” qurtaran qədər dözdülər. Anbarlarında ehtiyatı qurtaran firmalar qiymət artımlarına getmək istədikləri halda, onların bəzilərini hüquq-mühafizə orqanlarında saxlamaq adı ilə təhdid altında növbəti qiymət artımına imkan verilmədi: “İndi artıq devalvasiyadan sonra baha qiymətlə məhsulları idxal edən firmaların həmin qiymətlərlə satış dövriyyələri azalıb. Çünki əvvəlki qədər istehlakçılar daha çox məhsullar almırlar. Xüsusilə də qiymət artımı ilə onlar bunda çox da maraqlı deyillər. Ona görə belə bir əcaib situasiya ilə qarşı-qarşıya qalan supermarketlər dövlət qurumlarından imdad diləyirlər”.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçı daha sonra bildirdi ki, əvvələr yüksək səviyyədə himayə olunan vəzifəli şəxslərə məxsus olan həmin ticarət şəbəkələri satış dövriyyələrini həm az göstərə bilirdilər, həm də müxtəli üsullarla vergilərdən yayınırdılar. Çünki yüksək səviyyədə himayə olunurdular. Artıq Neft Fondundan dövlət büdcəsinə əvvəlki qədər transfert yoxdur, məcburdurlar ki, transferi əvəz edən qeyri-neft sektorundan daha çox vergi yığımları həyata keçirsinlər. Bu vəziyyətdə hər bir imtiyazlı şəxsə güzəştin edilməsi dövlət büdcəsinin gəlir mənbələrini risq altında qoyur. Buna görə hamı səfərbər olunub. Daha sahibkarları “ögeylər” və “doğmalar” kimi təsnifatlaşdırmaq mümkün olmur. Hamını eyni standartla yaşamağa və oyun qaydalarına riayyət olunmağa sövq edilir”.

Ana səhifəXəbərlər”Hakimiyyət bütün sahibkarları səfərbər edib”