Arif Hacılı və İsa Qəmbər ifadə verib
Fevralın 27-də Müsavat Partiyasının başqanı Arif Hacılı və “Milli Strateji Düşüncə Mərkəzi”nin rəhbəri İsa Qəmbər Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə veriblər.
Məlumatı Meydan TV-yə Arif Hacılı verib. Bildirib ki, onu hansısa cinayət işindən daha çox, Müsavat Partiyası başqanı olduğu üçün dindiriblər:
“Görünür, hakimiyyət Müsavat Partiyasının rəhbərliyinə qarşı belə təzyiq göstərməklə cəmiyyətdə xofu artırmaq istəyir. Digər tərəfdən xaricdəki müsavatçılarla bağlı narahatlıqları var. Avropanın mərkəzi ölkələrində müsavatçıların keçirdikləri son aksiyalardan sonra hakimiyyət bütün vasitələrdən istifadə edərək onların mübarizəsinə maneçilik yaratmağa çalışır”.
Arif Hacılı ona aidiyyatı olmayan ümumi məsələlər barədə kifayət qədər geniş suallar verildiyini söyləyir:
“Sualların əsas hissəsi mühacirlərə, oturum almış şəxslərə, o cümlədən, xaricdəki təşkilatın rəhbərlərinə aid idi. Müstəntiq Fuad Alməmmədov mənə mühacirlərin ölkədən necə getməsi, oturum alması, bizimlə əlaqələri haqda suallar verirdi”.
“Milli Strateji Düşüncə Mərkəzi”nin rəhbəri İsa Qəmbər hesab edir ki, hakimiyyət Müsavat Partiyasının fəaliyyətindən, Avropadakı müsavatçıların təşkilatlanmasından narahatdır. Ona görə də partiyaya qarşı böhtan kampaniyası kimi istifadə olunan saxta sənəd məsələsini yenidən aktuallaşdırıb:
“Bizim ifşa etdiyimiz saxta sənəd söhbətlərini sual kimi yönəldirdilər. Başa saldıq ki, saxtakarların ifşasında maraqlıyıq. Amma saxta sənəd biznesinin partiyamıza qarşı yönəlmiş böhtan kampaniyasına son qoyulmalı və onlar ifşa olunmalıdır”.