Mirələkbər Seyidovun vəkili çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib
Bakının Binəqədi rayonun keçmiş prokuroru Mirələkbər Seyidov həbsdə olmasa da, xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqındakı cinayət işi üzrə araşdırmalar gedir. O, külli miqdarda dələduzluqda ittiham olunur. Aprelin 6-da onun işi üzrə çıxış edən prokuror 8 il azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.
Mirələkbər Seyidovun vəkili çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Vəkildən sonra keçmiş prokuror özü son sözünü deyəcək, ardınca hökm elan olunacaq.
Bundan əvvəl də dələduzluq ittihamıyla məhkum edilən sabiq prokurorun işi üzrə zərərçəkmiş qismində tanınan isə Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimidir. Mirələkbər Seyidov keçmiş hakim Həsən Əliyevdən rayonlardan birinə məhkəmə sədri təyin etdirmək adıyla 200 min manat almaqda ittiham olunur.
Həsən Əliyev 2000-2007-ci illərdə Binəqədi Rayon Məhkəməsinin sədri, ardınca 2013-cü ilə qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. Cinayət işinin materiallarına əsasən, o, burada hakim işlədiyi dövrdə məhkəmə sədri vəzifəsinə təyin olunmaq istəyib.
Həsən Əliyev Binəqədi rayonunda məhkəmə sədri işlədiyi dövrdən Mirələkbər Seyidovla münasibətləri olub. İş materiallarına əsasən, Həsən Əliyevin yenidən məhkəmə sədri olmaq arzusunu bilən Mirələkbər Seyidov tanlşları vasitəsilə ona kömək edə biləcəyini deyib. Sabiq prokurorun buna görə ondan 200 min dollar pul aldığı iddia olunur.
Sonradan proseslər elə cərəyan edib ki, həm Həsən Əliyev, həm də Mirələkbər Seyidov tamamilə bir-birindən fərqli adamların şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb ediliblər.
Keçmiş prokuror öz tələbə yoldaşı, lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin 2012-ci ildə yaydığı video və səs yazıları əsasında dələduzluqda təqsirləndirilib. O, iddia edirdi ki, itkin düşmüş qardaşı Mahir Abdullayevin qardaşının tapılması adıyla Mirələkbər Seyidov da ondan pul alıb və aldadıb. Buna görə Mirələkbər Seyidov haqqında dələduzluq ittihamıyla cinayət işi başlanmış və ona 2 il sınaq müddəti olmaqla, 7 il şərti cəza verilmişdi.
Lakin Mirələkbər Seyidov özünü təqsirli bilmirdi.
Həsən Əliyev isə Ramazan Səlimov adlı tanışını icra başçısı təyin etdirmək adıyla ondan 600 min manat alıb aldatmaqda ittiham olunurdu. Bu ittihamla Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 7 il həbs cəzası verilmişdi. Cəzasını çəkən sabiq hakim bir müddət öncə azadlığa buraxılıb.
Mirələkbər Seyidov keçmiş hakimlə yanaşı, Tahir Hüseynov adlı şəxsdən də 70 min dollar pul almaqda ittiham olunur.