14 apreldə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin məhkəməsində sənədlər tədqiq olunub. İntiqam Əliyev ofisindən götürülən sənədlərin bir çoxunun bu günə qədər ona təqdim olunmadığını bildirib. O, bu durumu “istintaq orqanı, məhkəmə mənim əlimi-qolumu bağlayıb, özü isə silahlanaraq deyir ki, gəl vuruşaq” tərzində təsvir edib. Hüquqşünas “biz istədiyimiz sənədlər burada yoxdur. Burada olanlar isə yalan-palandır” deyib. Hakim Rasim Sadıqov bu etiraza “Yalan da olsa, palan da olsa, cinayət işidir” deyə cavab verib.
Vəkil Şəhla Hümbətova məhkəməyə donorların İntiqam Əliyevin fəaliyyətindən şikayətçi olmadıqlarını, onun vaxtlı-vaxtında hesabat verdiyini və ona etibar etdiklərini açıqlayan məktubları təqdim edib. İntiqam Əliyev bildirib ki, donorlar onun işindən şikayətçi deyirlərsə, ona “mənimsəmə” maddəsi ilə bağlı elan olunan ittiham qanunsuzdur.
Fasilədən sonra dövlət ittihamçısı Fərid Nağıyev İntiqam Əliyevə 10 il azadlıqdan məhrumetmə cəzası istəyib. Cəzaya 3 il dövlət və yerli idarəetmə orqanlarında vəzifə tutmamaq şərti də daxildir.