Hakim vəkilin çıxışını yarımçıq kəsib, Azər Qasımlının suallarına müdaxilə edib

Azər Qasımlı. İllüstrasiya: Meydan TV

Sentyabrın 24-də, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. 

Proses hakim Telman Hüseynovun sədrliyi ilə baş tutub.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü dekabrın 8-də saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Məhkəmə iştirakçıları Meydan TV-yə bildirib ki, proses zamanı hakim Azər Qasımlının sual verməyinə müdaxilə edib. 

“Hakim sual verməyə icazə vermirdi və Qurbanəli Yusifovun [zərərçəkən kimi tanınan şəxs] cavablarına müdaxilə edirdi. Hətta Yusifovun yerinə cavab verməyə cəhd edirdi”, – deyə məhkəmədə iştirak edən şəxslər bildiriblər. 

Vəkil Rövşanə Rəhimova Qurbanəli Yusifovun istintaqdakı ifadəsinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırıb.  Hakim vəsatətin sona qədər oxumasına imkan verməyib. Vəsatət qəbul olunmayıb. 

Məhkəmə iştirakçılarının sözlərinə görə, bundan əvvəlki məhkəmə prosesində Qurbanəli Yusifovun verdiyi ifadədən sonra prokuror bu ifadənin ziddiyətli olduğunu bildirmişdi: 

“Sentyabrın 10-da keçirilən prosesdə Yusifov verdiyi bütün cavablarla istintaq prosesini də, özünü də ifşa etdi. Ona görə bu prosesdə hakim tamamilə fərqli davranış sərgilədi və prosesi elə idarə etməyə çalışdı ki, Yusifovun cavabları ilə nə istintaqdakı verdiyi ifadələr, nə də saxta proses ifşa olunsun.  Bu səbəbdən hakim həm Azər Qasımlının vəkillərinə sual verməyə imkan vermirdi, həm də bu adamın cavablarına. Yəni belə bir anarxik vəziyyət yarandı”.

Məhkəmə iştirakçıları onu da bildiriblər ki, Yusifov istintaqda Azər Qasımlının təhdidlərinə görə may ayında ölkədən qaçdığını deyib. Azər Qasımlı isə məhkəmədə onun iki ay sonra Antalyada diskotekadan paylaşdığı şəkilləri göstərərək “əgər ailən təhdid altında idisə, niyə belə edirdin?”- deyə soruşub. Yusifov cavabında həmin vaxt pul qazanmağa başladığını bildirib. Qasımlı daha sonra soruşub ki, əgər ailənlə təhdid olunurdunsa, niyə onları ölkədə qoyub getdin? Yusifov isə “onları Mingəçevirə göndərdim”, deyə cavab verib.

Azər Qasımlının məhkəməsi oktyabrın 1-nə təxirə salınıb.

Ana səhifəSiyasətHakim vəkilin çıxışını yarımçıq kəsib, Azər Qasımlının suallarına müdaxilə edib