Hakim Seymur Həziyə çıxarılan hökmü qüvvədə saxladı, son sözü deməyə icazə vermədi

“Biz tarixdə böyük millətsevərlərin nə etdiyini görmüşük, Əliyevlərdən də artıq heç nə gözləmirik!”

Source:


“Biz tarixdə böyük millətsevərlərin nə etdiyini görmüşük, Əliyevlərdən də artıq heç nə gözləmirik!”

Sentyabrın 29-da Sumqayıt Apellyasiya Məhkəməsində Nazim Mövsümovun sədrliyi ilə jurnalist Seymur Həzinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə növbəti proses keçirilib.

Seymur Həzi 2015-ci il yanvarın 29-da Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il, Məhərrəm Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.

Prosesdə hakim Nazim Mövsümov jurnalistə son sözü deməyə icazə verməyib və Abşeron rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərar çıxardıb.

Ancaq jurnalistin son sözü məhkəməni izləyən həmkarlarına çatdırılıb.

Meydan TV Seymur Həzinin son sözünü oxucularına təqdim edir:

Möhtərəm hakim!

Müdafiə çıxışına başlamazdan əvvəl ötən günlərdə yaşadığım bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Bu müdafiə çıxışına bənzəyən eyni mətni ötən məhkəmə iclasında da hazırlayıb gətirmək istəyirdim. Amma təcridxana rəhbərliyi buna imkan vermədi. Axtarış-baxış zamanı çıxışım müsadirə olundu. Üstəlik mənə “təxribat törətdiyim” üçün töhmət elan etdilər. Təbii ki, mən o sənədi imzalamadım. Bu gün isə buradan bildirmək istəyirəm ki, mənim əməlimdə heç bir təxribat yox idi, tam qanuni və mədəni idi. Əslində isə təxribat, milli maraqları sabotaj nədir, bilirsinizmi? Təxribat odur ki, Xəzərdə nefti Qərb şirkətləri ilə çıxardığın halda, rus hərbi gəmilərini Qız qalasına qədər buraxırsan, üstəlik, təlim zamanı gəmi topları da atəş açmır. Budur, əzəli düşmənə “sən gəl, biz güllə atmayacağıq” mesajı, budur təxribat.

Ötən bir ildə Milli Ordunun 44 hərbi qulluqçusu şəhid olub, əvəzində 44 metr irəliləmə, 4 cümləlik diplomatik qələbə olmayıb. Budur təxribat, möhtərəm hakim! Budur milli maraqları sabotaj etmək.

Təxribat odur ki, sələfilərə işgəncə verəndə “Ya Hüseyn” çağırmağa məcbur edirlər, şiələrə isə “Öməri köməyə çağır” deyirlər. Budur ölkədə aranı qatmaq! Budur təfriqəçilik, özü də dövlət səviyyəsində… Guya, hansısa təriqətin tərəfini tuturlar, əslində isə oyun oynayırlar, özlərinə gələn zərbənin qarşısına gah şiələri, gah sünniləri, gah da nurçuları verirlər. Dövlət belə edərmi?

Möhtərəm hakim, indi də özümü müdafiə edim – əslində isə Azərbaycanı, onun səsi boğulan insanlarını. Buradan bəyan edirəm ki, bu məmləkətdə müdafiəyə ehtiyacı olmayan bir nəfər varsa, o da sizin qarşınızda çıxış edən şəxsdir. Mənim heç kimdən heç kimə şikayətim yoxdur. Bu gün bu tribunadan isə gələcəyi oğurlanan körpələrin, ahıllığı məhv olmuş qocaların dili olmaq fikrindəyəm. Onların haqqı olan rifah və səadəti oğurlayanların yaxasından yapışmaq fikrindəyəm.

Möhtərəm hakim, heç kimə sirr deyil ki, bizi həbs edərkən öz aləmlərində biclik işlədiblər. Bizə tələlər qurub, böhtanlar atıb, qeyri-siyasi maddələrlə ittiham ediblər. Amma ilk növbədə bu addım onların özünü ifşa edir. Fəqət onlar guya Azərbaycanı sevirlər. Vətənpərvərlik naminə vətəni “vətən xainləri”ndən təmizləyirlər. Mən də razıyam, İlham Əliyev elə vətənpərvərdir ki, Azərbaycan naminə bütün azərbaycanlıların hamısını qırmağa hazırdır. Franko kimi, Hitler kimi, Stalin kimi, Müqabe kimi…

Biz tarixdə böyük millətsevərlərin nə etdiyini görmüşük, Əliyevlərdən də artıq heç nə gözləmirik. Onların da ən sevimli atalar sözü budur ki, “pişik balasını sevdiyindən boğar”. Hərçənd mənim millətimin *** pişik deyil.

Azərbaycanı sevmək onun insanını bir parça çörəyə möhtac etmək, onu bank kreditləri altında ipə göndərmək, özünü asmağa, körpülərdən atmağa, yandırmağa vadar etmək deyil. Bu gün azərbaycanlıların sizdən istədiyi tək şey kənddə becərdikləri meyvə-tərəvəzi satmaq üçün Bakıya gətirməyə imkan verməyinizdir. Amma siz nə etdiniz? Maşınların dövlət nömrə-nişanları ilə irq yaradırsız, insanları ikiyə bölürsüz. Bakıya rus gəmlərinin girmək saatı da rayon maşınlarının girmək saatı ilə eynidirmi? Nə fikirdəsiniz, Bakını kimə təslim edəcəksiniz ki, azərbaycanlıları seyrəldirsiniz? Azərbaycanı sevirsinizsə, büdcədə nazir övladlarının tikinti şirkətlərinə ayırdığınız pulların yarısı qədər bütün xalqın övladlarının təhsilinə pul ayırın. Bunu etsəniz, bilərik ki, bizdənsiniz.Vətənpərvərsinizsə, Avropada peşkəş etdiyiniz kürünün dəyərinin yüzdə birini Gürcüstanda tövlədə dərs keçən azərbaycanlı uşaqlara xərcləyin, onlar da bilsin ki, dövlətləri var. Siz “yada yar, yara yağı” siyasəti aparırsız, işıq gələn yerə pambıq tıxayırsız. Azərbaycanın ərazi-bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən platformaları tərk edirsiz. Nədir ki, sizə deyirlər, az yeyin, az dağıdın, vətəndaşınıza hörmət edin. Budurmu vətənpərvərlik?

Möhtərəm hakim, bugünlərdə Milli Məclis bir qərar qəbul edərək, jurnalistlərin cəbhə xəttinə getməsi barədə qaydalar müəyyənləşdirdi. Baxın, jurnalist bir xəbər arxasınca getmək üçün yeddi gün ərzində Müdafiə Nazirliyindən, daha yeddi gün isə Milli Təhlükəsizlik Nazirliyindən cavab gözləməlidir. MTN-lə razılaşsa, reportaj hazırlamağa gedə biləcək, əks halda isə yox. Bu, bir tərəfdən  jurnalistin “verbovkası” üçün tələ rolunu oynayacaq. Digər tərəfdən, jurnalist hadisə yerinə ən tezi 14 gün sonra gedib çatacaq. Yəni “lələ köçüb yurdu qalandan” sonra…

Guya Kim Çen İn necə eləyir ki? O da belə eləyir, amma daha açıq və təmiz formada. Yalnız öz adamlarına yazmaq icazəsi verir, qalanlarının sadəcə, əlini kəsir, güllələyir – Elmar kimi, Rafiq kimi, Rasim kimi.. Məncə, bu daha yaxşı variantdı.

Hələ onu demirəm ki, Azərbaycan kəlağayısını YUNESKO-da eksponat kimi qeydə aldırandan sonra Əliyev qadınları həbs elətdirməyə, şərləməyə, “bandotdel”ə aparmağa girişib. Doğrudanmı bizim ölkəmizdə namusun simvolu eksponat oldu? Budurmu azad söz? Budurmu insan haqlarının təntənəsi? Budurmu ağızdolusu danışdığınız mentalitet?

Mən o qızları dindirən müstəntiqlərin yerinə utanıram. Başqa heç nə demək istəmirəm…

Oturun düşünün, görün adınız hansı işlərin altında yazılır, imzanız haralara düşür, tarixə və övladlarınıza ləkə kimi, sizin özünüzə hansı mənəvi qiymət düşür?Mənim millətimin belə övladları olmamalıdır.

Möhtərəm hakim! Bir ölkədə ki, milli pulun – manatın dəyəri azalsın, həmin ölkə özü istehsalçı yox, alıcı ölkələr sırasında olsun, onun rəhbəri durub deyirsə ki, “xalq bu inflyasiyadan ziyan çəkməyəcək”, sizcə, belə rəhbərdən nə gözləmək olar? Bir də ağızdolusu dünyadakı inqilablardan, sosial fəlakətlərdən danışır və kimlərisə ittiham edir. Bu çıxışları edən neçə lider indi yoxdur?!Bu olanlardan dərs götürmək lazım deyilmi? Niyə ancaq inkar və ittiham yolu tutulur?

Bir ölkədə inqilab baş verirsə, sözsüz ki, onu ancaq o ölkənin xalqı edir. Əgər avanqard siyasi qüvvənin gücü çatırsa, onu müsbətə doğru istiqamətləndirir. Gücü çatmasa isə… nümunələr göz önündədir. Amma bütün hallarda diqqəti işin kökünə yönəltmək lazımdır. Məsuliyyət ədalətsiz idarəetmənin, zorakı idarəetmənin, dar dairənin maraqlarına xidmət edən siyasət yürüdənlərin, qısacası, inqilaba qədərki hakimiyyətin üzərinə düşür. Çünki xalqı onlar qəzəbləndirir, insanların səbrini onlar tükəndirir.

Sözsüz ki, tarix daşa yazılmış yazılar kimidir və hər kəsin həqiqi rolunu, məsuliyyətini özünə yazır. Bu gün isə tarixdən sürətlə dərs çıxarmaq lazımdır.

Möhtərəm hakim! Bu yaxın aylarda rəsmən iki diplomatımız rəsmən hakim siyasətə etiraz etdi. Bir diplomatın isə siyasi hakimiyyətə tabesizlik göstərdiyi barədə xəbərlər yayıldı. Diplomatlar Azərbaycan hökumətini tərk etdiyi zamanda Azərbaycan hakimiyyəti Qərb siyasi platformasını tərk edir. Azərbaycan Avronest-dən çıxdı. İndi biz əsas iştirakçısı Ermənistan olan hərbi-siyasi platformalarda bərkiyirik. Hərçənd, bu platformaların özü nə qədər bərkdi – bilən yoxdu. Azərbaycan NATO-ya  inteqrasiya etmir, Avropa İttifaqını söyür, Avropa Şurası Parlament Assambleyasını lənətləyir. MDB-Qara dəniz Əməkdaşlıq Təşkilatı yoxsa GUAM – biz hansı platformadayıq? “Qoşulmayanlar”a qoşulanda bu qurumun rəhbəri olan Misir prezidenti devrilmişdi. Budur Azərbaycan hakimiyyətinin 22 illik xarici siyasətinin nəticəsi ki, Xocalını qıran ordunu bizə sülhməramlı kimi sırıyırlar?

Hansı haqla bizim ölkəmizi “batan gəmiyə” mindirirlər? Putin rublun ölməsindən diqqəti yayındırmaq üçün yeni pul çap edəcək, adını da “altın” qoyacaq. Düz deyirlər ki, “kasıb itinin adını qızıl qoyar”. Bəs adamdan soruşmazlarmı ki, siz hansı ağılla hansı niyyətlə, hansı strategiya ilə Putinin arxasınca gedirsiz? Məgər görmürsünüzmü ki, Putinin ləpirlərini palçıq doldurur? Bu bataqlığın üfunətini də hiss etmirsiz? Bu nə patologiyadır?!

Möhtərəm hakim! Bütün bu olanlardan sonra özümə sual verirəm ki, mən harada olmalıyam? Ya bu qorxunc prosesin qarşısında, ya həbsxanada, ya da həyatını bu yolda itirmiş həmkarlarımın yanında. Sizcə, bunlara dözmək olarmı? Şəxsən mən təsəvvür etmirəm ki, ağlı və vicdanı yerində olan şəxs bu olanlara dözə bilər. Mən türmədə xeyli məhbus görmüşəm, əksəriyyəti də Gürcüstan sərhədində tutulan zəhərdən ziyan çəkən gənclərdi. Onları müalicə etmək əvəzinə, həbs edirlər, analar və balalar gözü yolda qalır, insanların canı çürüyür. Buna dözmək olarmı? Dözmək olmaz. Ona görə mən də dözmədim və indi layiq olduğum yerdəyəm. Bu, taleyin mənə verdiyi ən gözəl qiymətdir. Həbsimlə bağlı heç kimdən heç kimə şikayət etməmişəm. Etmək fikrim də yoxdur. Mənə bu hakimiyyət nə etsə, öz aləmində, öz dəyərləriylə düz edir, mən onlardan yaxşı heç nə gözləmirəm.

Möhtərəm hakim! Bu fikirlər şəxsən sizə yönəlməyib. Siz özünüz də bilirsiniz ki, bu kimi şəraitdə və məhz bu prosesdə ədalətdən, azadlıqdan, qanunun aliliyindən danışmaq yersizdir. Bu gün mənim dostlarım Asif Yusifli, Rəşadət Axundov, Xədicə İsmayıl, Leyl Yunus, İntiqam Əliyev, Tofiq Yaqublu, İlqar Məmmədov və sair sizdən azadlıq gözləmədikləri kimi, mən də sizdən azadlıq gözləmirəm və istəmirəm. Bütün hallarda hökumətin mənə qarşı çirkin oyununda rol almış o gəncə də bundan sonra da təmiz yaşamağı arzulayıram.

Gənclərimiz isə oxumağa, amma cəsarətlərini kitab tozları altında gizlətməmək üçün yeni kitablar oxumağa çağırıram. Əziz millətimiz isə düşünməlidir ki, ölkəmiz batsa, çəpərləri onları qorumayacaq. Vətən çəpərdən başlamır. Artıq qlobal dünyada çəpər sərhəddən başlayır. Ölkəni xilas etməsək, özümüzün xilasını düşünmək yalnız nağıl ola bilər. Taleyimiz öz əlimizdədir. Əlimizi əsdirməyək. Hər kəsə xoşbəxtlik və səadət arzulayıram!

Sizin Seymur Həzi…

Ana səhifəXəbərlərHakim Seymur Həziyə çıxarılan hökmü qüvvədə saxladı, son sözü deməyə icazə vermədi