Məhkəmə işi prokurorluğa qaytardı
Yevlax Rayon Məhkəməsində bu rayonun polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynovun inzibati qaydada məsuliyyətə cəlb olunmasıyla bağlı məhkəmə prosesi keçirilib. Polis kapitanı İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə hakim qarşısına çıxarılıb. O, Yevlax şəhərindəki Sakib Əliyev adına 1 nömrəli tam orta məktəbin 4-cü sinfində təhsil alan övladının sinif yoldaşı T.K-lını döyməkdə ittiham olunaraq, barəsində inzibati xəta işi başlanıb.
Zərərçəkmiş qismində T.K.-lının anası Rəqsanə Əliyeva tanınıb. O, şikayətində göstərib ki, 10 yaşlı övladı sinif yoldaşının atası tərəfindən döyülüb.
Lakin Vüsal Hüseynovun oğlu isə əksinə sinif yoldaşı tərəfindən zorakılığa məruz qaldığını bildirir. Polisə də birinci şikayət edən onlar olub.
Sonradan məsələ prokurorluqda araşdırılıb, videogörüntülərə baxılıb, ekspertiza təyin edilib.
Prokurorluq Vüsal Hüseynovun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu qənaətinə gəlib. İş materialları baxılması üçün məhkəməyə göndərilib. Onunla bağlı Daxili İşlər Nazirliyinə təqdimat göndərilib. Vüsal Hüseynov dekabrda vəzifəsindən azad edilib.
Yanvarın 16-da Yevlax Rayon Məhkəməsində hakim Kamil Əliyevin sədrliyilə məhkəmə prosesi keçirilib. Hakim bu hadisədə cinayət tərkibi olması qənaətinə gələrək, məhkəmə baxışına xitam verib və işin prokurorluğa qaytarılması haqda qərar qəbul edib.
Vüsal Hüseynov isə ona qarşı irəli sürülən ittihamı qəbul etmir, haqqında başlanmış işə xitam verilməsini istəyir.