Təqsirləndirilən şəxs Mərkəzi Klinik Xəstəxananın keçmiş baş həkiminin oğludur
Noyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlunun ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkil Orxan Əhmədov vəsatətlərlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə hadisə zamanı sərxoş olması ilə bağlı ittiham verilib. Vəkilin sözlərinə görə, R.Kərimovla bağlı ekspertiza keçirilib və ekspertizanın rəyinə görə, onun hadisə vaxtı sərxoş olması müəyyən edilməyib.
Vəkil onun hadisəni törətdikdən sonra qaçması barədə deyilənlərin də yalan olduğunu bildirib: “Rəhim Kərimov hadisədən sonra mərhuma yardım göstərib. Bununla bağlı kamera görüntüləri var. Özünü polislərə təqdim edib, 102 xidmətinə özü məlumat verib”.
Daha sonra vəkil cinayət işinə xitam verilməsi, işin istintaqa qaytarılması, qeyd etdiyi sübutların cinayət işindən xaric edilməsi barədə vəsatətlər verib. Məhkəmə vəsatətləri baxılmamış saxlayıb. İclas noyabrın 22-də davam edəcək.
Mayın 11-də Bakının Bülbül prospektində R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Allahverdiyevi vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Tərtər Hərbi Məhkəməsinin hakimi E. Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş. Hadisəni törədən şəxsin atası Mərkəzi Klinik Xəstəxananın keçmiş baş həkimi Yüzasif Kərimovdur.