Hakim keçmiş xidmət rəisinə: 2000 manat maaşla 50 min manatdan artıq pulu hardan almışdız?

Zakir Sultanovun işi ilə bağlı məhkəmə araşdırması aparılır

Mənbə: Banker.az


Zakir Sultanovun işi ilə bağlı məhkəmə araşdırması aparılır

Azərbaycandakı mədəniyyət abidələrinin, incəsənət obyektlərinin təmir-bərpasına ayrılan vəsaitlərdən 6 milyona yaxın yeyintidə ittiham olunan Mədəniyyət Nazirliyin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovla bağlı araşdırmalar davam edir. Bu cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə araşdırılır.

Avqustun 20-də məhkəmədə Zakir Sultanovun rəhbərlik etdiyi dövlət strukturu ilə müqavilələr bağlayıb, ölkədəki mədəniyyət mərkəzləri, tarixi abidələrin təmiri-bərpasını həyata keçirmiş şahidlər dindirilib.

“İnkişaf Təmir Tikinti” şirkətinin təsisçisi Zahid Cabbarov bildirib ki, Zakir Sultanovla yaxın dost olublar. Onun şirkəti Zakir Sultanovun elan etdiyi tenderlərdə iştirak edib, qalib gələndə də üzərinə götürdüyü işləri həyata keçirib. 2008-ci ildən əməkdaşlıq etdiklərini deyən şahidin sözlərinə görə, 2010-2011-ci illərdə Maştağa qəsəbəsindəki mədəniyyət mərkəzinin abadlaşdırılması, Rəsulzadə qəsəbəsində musiqi məktəbinin təmiri onlara həvalə olunmuşdu.

Zahid Cabbarov ibtidai istintaq zamanı DTX-da dindirilərkən deyib ki, hər layihəyə görə onun şirkətinə ayrılan vəsaitin 15-17 faizini Zakir Sultanova qaytarırdı. Amma məhkəmədə bu barədə danışmayıb. Hakimlər ona həmin ifadəsini xatırladanda isə belə cavab verib: “İstintaqdakı ifadəmdə o hissədən xəbərim yoxdur. İfadəmi oxumadan imzalamışam”.

Hakim şahidin bu cavabına belə qarşılıq verib: “Müstəntiqə hər şeyi danışırlar, məhkəməyə gələndə təqsirləndirilən şəxsi, onun qohumlarını görüb, həmin ifadədə dediklərindən xəbərləri olmadığını deyirlər”.

Uzun illər tarixi abidələrin tədqiqi ilə məşğul olan Mətləb İsmayılov da məhkəmədə şahid kimi dindirilib. O, məhkəmədə də bildirib ki, plan əsasında görüləcək iş üçün ayrılan və şirkətin hesabına köçürülən vəsaitin 20 faizini nağd şəkildə Zakir Sultanova qaytarırdı.

Zakir Sultanov onun dediklərini təkzib etməyib. Əlavə edib ki, bəzən smetada çatışmazlıq olurdu, o halda, öz cibindən pul xərcləmək məcburiyyətində qalırdı. Onun sözlərinə görə, tarixi abidələrdən birinin təmiri zamanı öz cibindən 50 min manat xərcləmişdi.

Hakim təqsirləndirilən şəxsdən maaşının miqdarını soruşub. Cavabından məlum olub ki, Zakir Sultanovun maaşı 2000 manat olub.

“Keçən dəfə də öz cibinizdən xərclədiyinizi dediniz. Yaxşı, 2000 manat maaşla 50 min manatdan artıq pul sizə hardan idi ki, cibinizdən tarixi abidənin təmir-bərpasına xərcləmişdiniz?“, – hakimin bu sualına Zakir Sultanov belə cavab verib: “Onun verdiyi puldan…”

Xidmət rəisinin sözlərinə görə, ona qaytarılan pullar da bir çox hallarda elə iş məqsədilə sərf olunub.

Məhkəmə prosesi avqustun 27-də davam edəcək.

Zakir Sultanov DTX əməkdaşlarının 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb. Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılıb iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrıldı. Ötən həftə Rafiq Bayramovun məhkəməsi yekunlaşdı və o, 8 il azadlıqdan məhrum edildi.

Zakir Sultanov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sabiq xidmət rəisinin yaxınları istintaq dövründə zərərin 4 milyon manatını nağd şəkildə ödəyib. Onun 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Zakir Sultanov məhkəmənin hazırlıq iclasında bu əmlakların qalan zərərin əvəzi kimi hesablanmasına razılıq verib.

Ana səhifəXəbərlərHakim keçmiş xidmət rəisinə: 2000 manat maaşla 50 min manatdan artıq pulu hardan almışdız?