“Azərbaycanı Şimali Koreyaya çevirə bilməyəcəklər”
Mayıın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrliyi ilə 31 yaşlı fəal facebook istifadəçisi Əbdül Əbilovun məhkəməsi davam edib.
Proses başlamazdan əvvəl Əbdül Əbilov zalda iştirak edənlərə üz tutaraq “Azərbaycanı Şimali Koreyaya çevirə bilməyəcəklər” deyə fikir bildirib.
İclas başlayandan sonra vəkil Xalid Bağırov məhkəməyə əlavə şahidlərin çağırılması haqqında vəssatət qaldırıb. Hakim vəsatəti təmin edib, müdafiə tərəfin iki şahidi dindirilib. Şahid Mahir İsmayılov Əbilovun yaşadığı evin həyətinə əli qandallı gətirildiyini görüb. Bu, istintaqın Əbilovun həyətdə saxlanıldığı və özünün cibindən narkotik çıxardığı, daha sonra “könülü” şəkildə evə çıxıb əlavə narkotik paketi gətirdiyi, əlinə qandal taxılmadığı haqqında versiyasını təkzib edir.
Amma prokuror Ramin Nağdəliyev şahidə etiraz edərək, Ə.Əbilovun əli qandallı olmadığını bəyan edib. Hakim şahiddən Ə.Əbilovun narkotikdən istifadə edib-etmədiyini soruşub, o, inkar cavabı verib. Hakimlər şahidə çox sayda suallar veriblər. Ə.Əbilovun tərəfdarları bunu şahidə təzyiq kimi qiymətləndiriblər. Hakim isə bunu məhkəməyə hörmətsizlik adlandırıb və zalı tərk etməyi tələb edib.
Hakimin qərarına “Məni buarada saxlamağınız hörmətsizlikdir. Sizə nə deyəcəklər, onu da edəcəksiniz” deyə Əbilov etirazını bildirib.
Öz növbəsində şahid Təşkilat Abdullayev bildirib ki, Əbilovun saxlanıldığını eşidib, bir müddət sonra isə o, əli qandallı həyətə gətirilib. Hakim şahiddən Əbilovun niyə həbs edildiyini soruşduqda o, “siyasətə görə” cavabı verib.
Əbilov 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddə ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmədə gənc bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib (“Turan İA”).