“Hakim ailənin çox ciddi etibarlı kadr qıtlığı var”



“Ölkənin hərbi prokuroru Xanlar Vəliyev, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov vəzifələrindən kənarlaşdırılmalı və haqlarında cinayət işi açılmalıdır”


Azərbaycandakı son siyasi vəziyyət, xüsusən prezidentin kadr dəyişiklikləri və nazirliklərin birləşdirilməsinin doğurduğu suallar müxtəlif aspektlərdə izah edilir.


ABŞ-da mühacir həyatı yaşayan siyasi icmalçı Ərəstun Oruclu ilə müsahibəmizdə həm suallara, həm də yanaşmalara aydınlıq gətirməyə çalışdıq.



Ərəstun bəy, okeanın o tayından Azərbaycandakı son dəyişikliklər necə görünür?

– “Facebook”-da olmasam da, digər sosial şəbəkələri və medianı izləyir və hadisələri dəyərləndirməyə çalışıram. Əvvəla, 16 oktyabr müşavirəsi barədə deyim. Dövlət başçısı gənc kadrlara qarşı kampaniya aparıldığını dedi və bir növ yaşlı məmurlara yönələn mesajlar verdi. Ancaq mən bu barədə mövcud olan rəylə razı deyiləm. Deyirlər, İlham Əliyev Ramiz Mehdiyevi və ya köhnə komanda üzvlərini kənarlaşdırdı. Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin daxilində müəyyən mübariz var və bu proses xeyli davam edəcək, amma mübarizə hakimiyyəti dağıdacaq dərinlikdə deyil. Sadəcə, proses o istiqamətə gedir. Bu mənada Ramiz Mehdiyevin administrasiya rəhbərliyindən getməsini həmin mübarizənin təzahürləri sayanlar da var. Məsələ ondadır ki, Azərbaycanda hazırda əsas həlledici qurumun yeri dəyişir, bugünədək bütün siyasi qərarlar Prezident Administrasiyasında qəbul olunurdu, ancaq indi güc mərkəzi çox sürətlə formalaşmaqda olan Təhlükləsizlik Şurasına keçir. Elə bu səbəbdən də sabiq daxili işlər naziri Ramil Usubov da şuraya daxil edildi. Yəni Mehdiyev məhz administrasiya rəhbərliyindən azad olunandan sonra xüsusi fərmanla Təhlükəsizlik Şurasına üzv oldu və elə həmin gün də AMEA prezidenti seçildi. Sual yaranır, nə zaman AMEA prezidenti Təhlıükəsizlik Şurasının üzvü olub? Hökumətdən hələ heç kim sualın cavabını verməyib. Bu hadisənin özü təsadüfü deyil. Adi bir misal bunun təsadüfü olmadığını təsdiqləyir. Sentyabrın 4-də Prezident Administrasiyasına bağlı olan "

haqqin.az

” saytında Rusiya Elmlər Akademiyasının əməkdaşı Aleksandr Karavaevin Nikolay Patruşevin Bakı səfəri ilə bağlı məqaləsi dərc olunmuşdu. Müəllif açıq şəkildə göstərirdi ki, Azərbaycanda siyasi hakimiyyət daxildən Rusiya modelinə transformasiya olunacaq. Ardınca qeyd edirdi ki, Rusiyada son 4-5 ildə Prezident Administrasiyası faktiki olaraq qərarverici funksiyasını Təhlükəsizlik Şurasına ötürüb. Düşünürəm ki, hazırda Azərbaycanda həmin model tətbiq olunur. Nəzərə alın ki, Rusiyanın Azərbaycana bu gün təsiri şəriksiz olaraq tam və bütövdür. Ona görə də Moskva təsir dairəsində olan postsovet məkanındakı ölkələrə həmin modeli ən azı tətbiq etməyə çalışır. Faktiki olaraq bu, Azərbaycana verilən resept idi, əgər həmin resepti administrasiyaya yaxın saytda dərc edirlərsə, deməli, hakimiyyət cəmiyyətə mesaj verir ki, proseslər artıq həmin model üzrə gedir.



Siz hakimiyyət daxilində müəyyən qarşıdurma olduğunu dediniz, o zaman Rusiyanın təqdim etdiyi modellə bu qarşıdurma necə uzlaşır?

– Tam uzlaşır. Çünki həmin modelin tətbiqi Rəsmi Bakıya deməkdir ki, heç nə dəyişməyəcək, Rusiyaya loyal siyasətçilər öz qərarverici funksiyasında qalacaq və onlar da yerindədirlər. Ümumiyyətlə, Azərbaycanda hakimiyyətin qorunmasının yeganə mümkün yolu budur. Təbii ki, hakim ailə də bu reallıqla hesablaşdılar. Əks təqdirdə, 81 yaşlı Ramiz Mehdiyev və 71 yaşlı Ramil Usubov pensiyaya gedə bilərdi, nəinki Təhlükəsizlik Şurasına daxil edilərdilər.



Hakimiyyət daxilindəki qarşıdurmadan danışırsınız, mediada qrupların adı çəkilir, “Naxçıvan klanı”, Paşayevlər və s. Sizin təsnifatınız necədir?

– Hakimiyyət daxilində 3 qrup mövcuddur, amma mən bunu regional əsasla adlandırmıram və belə yanaşmanı səhv hesab edirəm. Üç qrupdan söhbət gedir, birincisi Əliyevlərdir, hakim ailə, ikincisi Ramiz Mehdiyevin, üçüncü Bəylər Əyyubovun qrupudur. Hazırda görünən budur ki, Ramiz Mehdiyevin qrupu güclənir, İlham Əliyevin qrupu öz hakimiyyətini qoruyub saxlamağa nail olur, əsas itki verən Bəylər Əyyubovun qrupudur. Postlarından kənarlaşdırılan Kərəm Həsənov və Şahin Mustafayev sonuncu qruplaşmanın təmsilçisi idi. Faktiki olaraq, nəinki Baş nazirin özü, müavini də nominal funksiya daşıyır, bu gün Nazirlər Kabineti heç bir səlahiyyətə malik qurum deyil.



Bəs bu qrupların xarici güclərlə bağlantılarını necə dəyərləndirərdiniz?

– Azərbaycanda artıq Qərb amili yoxdur, onsuz da Qərbin təsiri azalmışdı. Tramp administrasiyasının son illər apardığı təcrid siyasəti Moskvaya nəinki postsovet məkanında təsirini artırmaq imkanı verdi, şimal ölkə artıq Şimali Afrikada, Yaxın Şərqdə təsirini güclədirir, hətta Avropaya təsirini yayır. Belə olduğu halda ABŞ və Avropa geosiyasi mənada Azərbaycanda yoxdur. Ona görə hakimiyyət daxilindəki qruplar Rusiya ilə hesablaşmağa məcburdurlar. Ancaq Rusiyanın özü də monolit deyil, Sankt-Peterburq klanı olan Putin-Patruşev komandası, FTB, oliqarxiya və hərbi-sənaye kompleksi var. Sonuncular sabiq prezident Yeltsin ailəsinə bağlıdır. Müdafiə naziri Şoyqu Boris Yeltsin ailəsi ilə qohumdur, bu məsələdə sabiq prezidentin qızı, onun əri və Çubays amili var. Yeri gəlmişkən, son vaxtlar Putinin yaxın illərdə hakimiyyəti Şoyquya ötürəcəyi barədə şayələr yayılır, bunlar ona görə təsadüfü deyil ki, şimal ölkədə də klanlararası daxili mübarizə gedir. Bu baxımdan Ramiz Mehdiyev qrupu həmişə Putin-Patruşev qrupuna yaxın olub, Bəylər Əyyubov isə hərbi-sənaye qrupuna yaxındır, Paşayevlər bünövrədən siyasi kurslarını Qərbə götürmüşdü, amma son illər Avropa burda oyunçu kimi olmadığından Rusiyaya mesajlar verib dəstək almağa çalışırlar. Məncə, bu dəstəyin alınıb-alınmamasını zaman göstərəcək. Yəni Rusiya hakimiyyəti də monolit deyil və bu modellə düşünmək artıq keçmişdə qalıb. Hələ iki il əvvəl demişdim ki, yaxın zamanlarda Azərbaycanda prosesləri Rusiya həll edəcək.



Rusiya daxilindəki hansı qanad, Putin, yoxsa Şoyqu qanadı?

– Bu gün Azərbaycanda güclü olan Putin-Patruşev qanadıdır və oliqarxiya da ora daxildir.



Siz Ramiz Mehdiyevin hakimiyyətdə güc mərkəzi kimi qaldığını söylədiniz. Amma bir sıra analitiklər 23 oktyabrdan sonra başqa bir Azərbaycanda yaşadığımızı iddia edirlər. Bu iddianın səhv olduğunu necə əsaslandıra bilərsiniz?

– Ən azı ona görə səhvdir ki, söhbət Mehdiyevin kənarlaşmasından gedirsə, onun böyük komandası olduğu nəzərə alınmalıdır. Bu komanda icra hakimiyyətləri strukturlarında, polis orqanlarında kifayət qədər geniş şəbəkəyə malikdir. Tutaq ki, razılaşdıq, Mehdiyev kənarlaşdırıldı, məgər onun getməsi ilə hər şey həll olunurmu? Söhbət Rusiya ilə yaxın əlaqələrə malik böyük bir şəbəkədən gedir.



Ancaq Mehdiyevin təsir imkanlarının bir neçə il əvvəldən zəiflədiyini düşünənlər də var. Belə hesab edənlər bank, tikinti, sığorta sektorlarının, bir çox nazirliyin və icra hakimiyyətlərinin əksəriyyətinin Əliyevlərlə Paşayevlərə tabe etdirildiyini əsas gətirirlər.

– İqtisadiyyata təsir məsələsində Paşayevlərin gücü Bəylər Əyyubovun gücü qədərdir. Amma bu önəmli deyil. Azərbaycan kimi avtoritar və azad bazar olmayan ölkələrdə həlledici güc siyasi hakimiyyətdir. Yəni hər hansı bir şirkəti, iqtisadi qurumu çökdürmək, bankı bağlamaq nə böyük problemdir ki?! Bütün təsir vasitələrinin hamısı siyasi hakimiyyətdədir. Azərbaycanda iqtisadiyyatla siyasətin əməkdaşlığı yoxdur, birinci tam olaraq ikincidən asılıdır. Azad bazar və sahibkarlıq olmayan ölkədə siyasi amilin rolu daha çoxdur.



Ərəstun bəy, niyə məhz adı daha çox sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla hallanan Əli Əsədov Baş nazir təyin edildi? Düzdür, sabiq vergilər naziri Mikayıl Cabbarov üçün supernazirlik yaradıldı. Bu halda ikinci sual yaranır, Əli Əsədov nə işlə məşğul olacaq?

– Birinci sualdan başlayaq. Əli Əsədovun adı Eldar Mahmudovla hallanmışdı və onun indiyə qədər müsbət işi olmayıb, ən azı ictimai rəydə. Əli Əsədov Bayraq Meydanı ideyasının müəlliflərindən biridir, bu meydanın sonu necə oldu, Rəşad Məmmədov qalmaqalı da məlumdur. Əli Əsədov hakim ailə komandasında Rusiyaya kifayət qədər loyal kadrdır, Rusiya Baş nazirinin məhz ona ünvanlanan mesajı birbaşa göstəricidir. Rusiyanın Baş naziri Ermənistanın Baş naziri Paşinyana o mesajı vermir. Çünki özününkü saymır, əksini düşünür. Və siz Əli Əsədovun Milli Məclisdə çıxışını xatırlayın, o, hətta öz dilimizdə normal danışa bilmir. Bu adam 30 ildir məmurdur, deputat olub və bu illərdə onlarla diplomat gəlib dilimizi öyrəndi, Əsədov isə öyrənə bilməyib. Üçüncü, Əli Əsədov ailə biznesinin qurulmasında və idarə olunmasında iştirak edib. Ancaq İlham Əliyev onun Rusiyaya loyal olduğu üçün Baş nazir təyin etdi. Başqa bir səbəb də ola bilər, məhz Kremldən belə istəyiblər. Sualınızın ikinci hissəsinə gəldikdə, 25 ildə Rəsizadə nə işlə məşğul olubsa, Əli Əsədov da o işlə məşğul olacaq, başqa heç nə.



Onun keçid dövrü üçün Baş nazir olduğu, növbəti Baş nazir Mikayıl Cabbarovun olacağını proqnozlaşdıranlar da var…

– O da mümkündür. Amma Baş nazir nominal postdur, heç nə həll etmir. Mikayıl Cabbarovun güvənilən kadr olduğu görünür, baxın, onu neçə yerə dəyişiblər, vaxtilə Fərhad Əliyevin müavini olub, hətta onunla bir yerdə həbs edilib.



Həbs edilib…?

– Bəli, həbs edib 3 gün saxladılar və sonra azad etdilər. Ardınca İçərişəhər Dövlət Qoruğunun rəhbəri təyin edildi, təhsil, vergilər naziri oldu. Görünür, hakim ailənin çox ciddi etibarlı kadr qıtlığı var. Əslində, ölkə başçısı 16 oktyabr müşavirəsində onu aldatdıqları mesajını da verdi. Açıq şəkildə dedi ki, rəqəmləri şişirdirlər, büdcədən aldıqları xərcləri süni şəkildə artırılar.



Ancaq səhəri gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu qəbul edib razılığını bildirdi…

– Mən Əliyevin həmin mesajı ilə nə demək istədiyini bilmirəm. Ancaq dedikləri kifayət qədər ciddidir. Birinci şəxs tabeliyində olanların onu aldatdıqlarını deyirsə, bu, artıq ciddi mesajdır. Bəli, həmişə hakimiyyət daxilində qruplararası mübarizə getdiyi bildirilir, amma ilk dəfə idi ki, Əliyev açıq şəkildə bu barədə danışdı…



Eyni zamanda, prezident mətbuatın məmurların kompramat meydanına çevrildiyini də vurğuladı. Mətbuata cavabdeh şəxs isə Əli Həsənovdur və o, bir neçə gündür Azərbaycan Kommunist Partiyasının sabiq I katibi Vəzirova müraciətinə, digər addımlarına bəraət qazandırmaq istəyir. Baş verənlər Əli Həsəovun da hədəfə gəldiyini deməyə əsas verirmi?

– Artıq bir neçə aydır Əli Həsənovun hədəfə gətirildiyi görünür və bu, daxili mübarizənin təzahürlərindən biridir. Daxili mübarizə müəyyən məqamlarda elə bir müstəviyə keçir ki, hakimiyyətə və dövlətə zərbə vurmaq həddinə çatır. Məsələn, ABŞ diplomatının sabiq deputat Gültəkin Hacıbəyli ilə səsyazısının efirə verilməsi. Mən bilmirəm, hansı məqsədlə bunu etdilər, bəli, siyasi qərar olub, ancaq dövlətə zərbədir, ehtinmal edirəm ki, hakimiyyətdaxili intriqalar da yox deyil.



Hansı məmur cəsarət göstərib diplomatın səsyazısını efirdə səsləndirər?

– Yox, bu, yalnız İlham Əliyevin qərarı ilə ola bilər. Elə şəkildə məsələni ona təqdim edərlər ki, ölkə başçısı da deyər ki, yayın getsin.



Çox qəribədir, Milli Televiziya və Radio Şurası yalnız anonsu verilən Fətullah Gülənin mətbuat konfransına görə ANS-i bağladı, amma bu dəfə susdu…

– Çünki bu cür şeylər siyasi qərarlarla yayımlana bilər. Ölkədə 5 qurumun dinləmə səlahiyyəti var, amma siyasi məsələlərə Dövlət Təhlükəsizlik Xidməti nəzarət edir. Yüksək ehtimalla danışığı Dövlət Təhlükəsizlik Xidməti yazıb. Amma DTX-nin danışığı siyasi qərar olmadan efirə özbaşına ötürülməsini təsəvvür etmirəm. Baş verən olay Azərbaycana çox ciddi zərbədir və davamı olacaq. Adi bir misal, hadisədən sonra

Amerika prezidenti

Azərbaycandan idxal olunan mallara əlavə tarif tətbiq oluna bilməsi barədə açıqlama verib. Səbəb də işçilərin hüquqlarının pozulması göstərilib. Azərbaycandan ABŞ-a heç bir ixrac yoxdur, amma bu açıqlama siyasi mesaj idi. Yəni böyük dövlətlərlə bu cür oyun aparmaq olmaz.

_20348.width-1024.jpg
Əliyevlər ailəsi



Adətən hakimiyyətin müxalifətin aksiyalarına sərt davranışına Amerikanın ölkəmizdəki səfirliyi “narahatıq” kəlməsindən kəskin ifadə işlətmirdi. Amma Milli Şuranın 19 oktyabr mitinqinə səfirliyin çox sərt bəyanat verməsi məlum səsyazısı ilə bağlı ola bilərmi?

– Əlbəttə, birbaşa və birmənalı bağlıdır. Hesab edirəm ki, mitinq iştirakçılarına qarşı zorakılıqlar, istərsə də telefon danışığının dinlənilməsi bir çox hesabatda əksini tapacaq.



Milli Şura növbəti aksiyasını 2 noyabra təyin edib, 28 nəfərin hələ həbsdə saxlanıldığı zamanda 14 gün sonra aksiya keçirmək tez görünmürmü?

– Həmişə kiminsə tələsdiyini, yaxud gecikdiyini izah etmək olar. Mən həmişə mitinq məsələsinə skeptik yanaşmışam, indi də düşünürəm ki, bütün mübarizə üsulları tətbiq olunandan sonra mitinq bir vasitədir və strategiyanı həyata keçirmək uğrunda atılan son addımdır. Amma problem ondadır ki, Azərbaycanda müxalifət hər şeydən təcrid olunub və ona elə bir şərait yaranıb ki, təsir vasitəsi kimi yalnız mitinq qalıb. Ona görə 2 noyabr qərarını nə gecikmiş, nə də tələskən sayıram. Hər halda 19 oktyabr mitinqinin az da olsa effekti göründü. Artıq insanların müəyyən bir qisminin etiraza hazır olması üzə çıxdı və insanların qorxmadan meydana çıxdığı məlum oldu. Başqa bir xatırlatma, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piketə gələnlərin bir çoxu aksiyanı hansı təşkilatın keçirdiyini bilmirdi, amma öz dərdlərini ifadə etmək və yaşayış şəraitinin dözülməz olduğunu demək üçün gəldilər, gəlirlər də. Bu mənada 19 oktyabr aksiyası effektiv alındı və mitinqlər insanlara öz gücünü qaytarmağa kömək edə bilər.



Siz bir müddətdir bloqunuzda “Tərtər işi” haqqında məqalələr yazırsınız. “Tərtər işi” hakimiyyətdaxili mübarizədə hansı yerdədir?

– Təəssüf ki, “Tərtər işi” faktiki olaraq ölü nöqtədədir. Bu, məni ona görə təəccübləndirir ki, çox ağır bir cinayətə belə münasibət var. “Tərtər işi” Azərbaycan ordusunun rəhbərliyinin orduya qarşı ən ağır cinayətidir. Bu barədə yalnız mən yox, hüquq müdafiəçisi Oqtay Gülalıyev də danışır. İkinci təəssüfləndirici məqam “Tərtər işi”nin aparıcı müxalifət partiyalarının diqqətindən kənarda qalmasıdır. Bu işin günahkarları var və gizlədiləsi mümkün olmayan faciədir. İşgəncəylə öldürülən şəxslərin bir neçəsinə Bakı Hərbi Məhkəməsinin bəraət verməsi faktdır. Təxmin edirəm ki, yazdıqlarıma görə məni orduya qarşı olmaqda günahlandırırlar, amma mən olayı daha dərindən araşdırıb ictimai rəylə bölüşməkdə davam edəcəm. Çünki Azərbaycan ordusuna qarşı qaldırılan əllər kəsilməlidir, bu düşmən əli olduğundan müzakirə oluna bilməz. Bu düşmən əli 2014 və 2015-ci illərdə Hərbi Dəniz Qüvvələrini bitirdi, 2017-ci ildə ordunun öndəki quru qüvvələrini “Tərtər işi”lə çökdürdü. Təyyarə “qəza”sı ilə bağlı Hərbi Prokurorluq elə maddə ilə cinayət işi açdı ki, məhz həmin maddə ilə Hərbi Hava Qüvvələrinin rəhbərliyini hədəfə almağa hazırlaşırdılar. Sadəcə, bizim yazmağımız bu əməliyyatın qarşısını aldı. Bütün bunların nəticəsi olaraq ölkənin hərbi prokuroru Xanlar Vəliyev, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov vəzifələrindən kənarlaşdırılmalı və haqlarında cinayət işi açılmalıdır. Əgər ölkənin təhlükəsizliyinə qarşı dayanacaq yeganə qurum orduya bu cür ağır hərəkət həyata keçirilirsə və ölkə rəhbərliyi buna “göz yumursa”, bu, o demək deyil ki, vətəndaşlar da, analitiklər də, partiyalar da, müstəqil QHT təmsilçiləri də susmalıdır. Mən şəxsən öz adıma deyirəm, sona qədər məsələni araşdıracam.

Ana səhifəVideo“Hakim ailənin çox ciddi etibarlı kadr qıtlığı var”