Hadrutda atəşkəsin pozulduğu bildirilir

“11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb”.

Foto: Müdafiə Nazirliyi


Nazirlik atəşkəsin konkret hansı istiqamətdə pozulması barədə dəqiq məlumat verməyib

Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması haqda məlumat yayıb.

Nazirlik bildirib ki, erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hal-hazırda atəşkəs rejiminə riayət olunur”.


Rusiya Müdafiə Nazirliyi: "Sülhməramlıların gəlməsindən sonra Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub"

Rusiya Müdafiə Nazirliyi atəşkəsin pozulduğu haqda məlumatı təsdiqləyib: “Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb”.


Ermənistan Müdafiə Nazirliyi atəşkəsin Hadrut istiqamətində pozulduğunu deyir

Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Qevorqyan bildirib ki, erməni tərəfi Köhnə Takher-Xtsaberd (Köhnə Tağlar-Çaylaqqala)hissəsindəki funksiyalarını yerinə yetirmək üçün dəfələrlə yazılı və şifahi şəkildə rus sülhməramlılarına müraciət edib və bu barədə ən yüksək səviyyədə razılıq əldə edilib: “Rusiya sülhməramlı qüvvələrinin qərargahından verilən məlumata görə, Qarabağdakı Hadrut bölgəsindəki atışmadan sonra münaqişə tərəflərindən tam atəşkəs rejiminə riayət etmələri istənilib”.

Ermənistan Müdafiə Nazirliyi dekabrın 12-də Azərbaycan tərəfinin Xin Taxlar və Xtsaberd (Köhnə Tağlar-Çaylaqqala) yaşayış məntəqələri istiqamətində hücum hərəkətlərini davam etdirdiyi haqda məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də bu gün həmsədrlərlə görüşdə Hadrutda baş verənlərin narahatlıq doğurduğunu bildirib.

Ana səhifəSiyasətHadrutda atəşkəsin pozulduğu bildirilir