”Hadisədə məsuliyyət hökumətin üzərindədir”

Siyasi qurumlar qəzaya münasibət açıqladı

Source:
Neftçilər
Neftçilər


Siyasi qurumlar qəzaya münasibət açıqladı

Respublikaçı Alternativ Hərəkatı (REAL) hesab edir ki, SOCAR-a məxsus Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verğn hadisədə məsuliyyət hökumətin üzərindədir.

ReAL

Hərəkatın bununla bağlı yaydığı müraciətdə deyilir:

“Bu hadisə, yaxın keçmişimizdə Xəzər dənizində SOCAR-a məxsus olan neft platformalarında baş verən ilk hadisə deyil. Belə ki, 2015-ci ilin 4 dekabr tarixində də Günəşli neft yatağında yanğın nəticəsində böyük insanlıq faciəsi yaşanmış və çoxsaylı insan təlafatı ilə nəticələnmişdi. Bu, bir daha onu göstərir ki, hökumətin əsas öncüllüyü insan taleyi yox, neftdən gələn puldur. Xəzər dənizində BP-ə məxsus olan platformada indiyədək işçilərin ölümünə səbəb olan ciddi hadisələr baş verməmişdir. Bu, onu göstərir ki, işçilərin təhlükəsizliyi işin peşəkarcasına qurulmasından, işçilərə verilən dəyərdən asılıdır.

Baş vermiş insanlıq faciəsində birbaşa hüquqi və mənəvi məsuliyyət hökumətin üzərindədir. Respublikaçı Alternativ, bu sahədə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını və qanunun bütün sərtliyi ilə cəzalandırılmasını tələb edir”.

Əli Kərimli Meydan TV

AXCP sədri Əli Kərimli də hadisəyə öz “Facebook” səhifəsində münasibət bildirib:

“30 nəfər neftçinin həyatına son qoymuş “Günəşli” yatağının 10-cu platformasındakı o dəhşətli yanğından cəmi bir il keçib. O zaman neft çıxarılan platformanın istifadə müddəti başa çatmış və qəzalı olması, xilasetmə işlərinin yarıtmazlığı, neftçilərin “hidrokostyum” və xilasedici jiletlərlə təmin edilməməsi ciddi ictimai etiraz doğurmuşdu. Aradan bir il keçib. SOCAR rəhbərliyi niyə hələ də neftçiləri istifadə müddəti çoxdan keçmiş estakadada işlədirmiş? Niyə yenə də vaxtında təhlükəsizlik tədbirləri görülməyib? Hava şəraitinin pisləşəcəyi sürpriz deyildi axı, əvvəlcədən bilinirdi. Bu dəfə necə, suya düşmüş neftçilərin “hidrokostyum” və xilasedici jiletləri olubmu?”

Əli Kərimli daha sonra yazıb:

“Dualarımız itkin düşən neftçilərimizlədir. Allah həlak olanlara rəhmət eləsin, itkin düşənlərə kömək olsun, ailələrinə səbr versin. Daha nə qədər neftçi həlak olmalıdır? SOCAR rəhbərliyi anlasın ki, öz platformalarını vaxtında təmir edə bilməyən, estakadasını standartlara uyğun möhkəmləndirməyi bacarmayan, işçiləri üçün təhlükəsiz iş şəraiti yarada bilməyən, həlak olan neftçilərinin ailələrini diqqətdə saxlamayan bir şirkətin Avropa futbol klublarına, beynəlxalq yarışlara, neft maqnatlarına ziyafətlərə pul xərcləməyə haqqı yoxdur!”

Ana səhifəXəbərlər”Hadisədə məsuliyyət hökumətin üzərindədir”