Hadisə şahidi: “Tofiq Yaqublunu nalayiq sözlələ təhqir etdilər”

Hadisə şahidi: “Tofiq Yaqublunu nalayiq sözlələ təhqir etdilər”

“VAZ- 2107” markalı avtomobil kadrdan çıxandan sonra Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun maşını ilə toqquşur. Baş vermiş qəzanın görüntülərini hələ əldə edə bilməmişik. Hadisənin baş verdiyi yerə yaxın olan 8-ci kiolmetr bazarının kameraları ancaq bu hissələri çəkib.

Tofiq Yaqublu martın 22-də, günorta saatlarında maşınını park etdikdən sonra təxribatla üzləşdiyini deyib. O, bu barədə sosial şəbəkədə də yazıb.

Tofiq Yaqublu hadisəylə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub. Təxminən 10 dəqiqə sonra polislər gələrək hər iki tərəfi Nizami Rayon Polis İdarəsinə aparıblar.

Hadisə şahidinin məlumatına görə, Tofiq Yaqublu “VAZ 2107" markalı avtomobildə olan qadın və kişiyə heç bir zərər yetirməyib. Şahid təhlükəsizlik səbəbi ilə ad və soyadının yayımlanmasını istəməyib.

“Xanım Tofiq müəllimə qarşı nalayiq sözlər işlətdi. Tofiq müəllim də heç nə demirdi, sakit durmuşdu. Sonra maşından düşüb xanımın həyat yoldaşına dedi ki, ya sən danış, ya xanım danışsın, həll edək məsələni. Tofiq müəllim orada heç kimə qarşı nə artıq-əskik söz işlətdi, nə də bir zədə yetirdi”, – şahidin sözləridir.

Hadisəylə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Nazirlik yetkilisi bildirib ki, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun təqsiri ucbatından baş verib və o, Elxan Cəbrayılovu, onun həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq, vintaçanla vuraraq onlara bədən xəsarətləri yetirib.

Həyat yoldaşı Maya Yaqublu isə bu ittihamları qəbul etmir və Tofiq Yaqublunun siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir.

Tofiq Yaqublu həm Müsavat Partiyasının, həm də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür. O, icra hakimiyyətinin şəhərin mərkəzində mitinq keçirməyə icazə vermədiyinə görə 19 oktyabr aksiyasında iştirak etmişdi. Həmin vaxt saxlanılıb, Nəsimi rayon Polis İdarəsində işgəncəyə məruz qalmışdı. Bundan sonra sağlamlığında problemlər yaranmış və əməliyyat olunmuşdu. Qızı Nigar Yaqublu bildirir ki, COVİD-19 virusuna görə elan olunan fövqəladə vəziyyət səbəbilə ona dərmanlarını da verə bilmirlər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü, silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Martın 23-də Nizami Rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu, T.Yaqublunun sayca üçüncü həbsidir. Daha öncəki iki həbsini beynəlxalq təşkilatlar siyasi sifariş kimi qiymətləndirib.

Hadisədən 3 gün öncə ölkə başçısı İlham Əliyev bildirmişdi ki, fövqəladə vəziyyət elan olunacağı halda müxalifətçilərin təcrid edilməsi tarixi zərurət olacaq.


QEYD: Tofiq bəyin məhkəmədəki görüntüləri Fatimə Mövlamlıya aiddir.

Ana səhifəVideoHadisə şahidi: “Tofiq Yaqublunu nalayiq sözlələ təhqir etdilər”