Hadı Rəcəbli: Sosial şəbəkələri bağlamaq lazımdır

Hadı Rəcəbli

Hadı Rəcəbli

Rəşid Hacılı: ''Kitabları kralların nüfuzuna zərər sayan hadırəcəblilər həmişə olublar''

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli sosial şəbəkələrin bağlanmasının vacibliyini vurğulayıb (olke.az).

Hadı Rəcəbli bildirib ki, bəzi texniki məsələlərə qarşı mübarizə aparmaq hələ çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Artıq Azərbaycanda da bu addımları atmaq lazımdır:

“Həmin saytları bağlamaq lazımdır”

“Bu məsələdə bir addım belə geri çəkilmək olmaz. Çünki hazırda Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Təxribatçıların da əsas məqsədi Azərbaycanda sabitliyi pozmaqdır. Bu gün Azərbaycan xalqının başlıca məqsədi ölkəmizdə sabitliyi qorumaq olmalıdır. Dünyada gedən proseslərə baxsaq görərik ki, sosial şəbəkələr vasitəsilə Misir, Yəmən və digər ölkələri hansı vəziyyətə salıblar. Həmin ölkələri sadaladığım təxribatçı saytlar və sosial şəbəkələr vasitəsilə kütlə psixologiyasına uymaq yolu ilə xaos vəziyyətinə gətiriblər. Bütün bunlara görə də Azərbaycan xalqı həmin təxribatçı qrupların iç üzünü açmalıdır, mənəviyyatsızlığını ortaya qoymalıdır”.

Deputat xaricdə Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan şəxslərin də cəzalandırılmasına tərəfdar olduğunu deyib:

“Çox təəssüf ki, bir qrup insan sosial şəbəkələrin imkanlarından çox tərbiyəsizcəsinə istifadə edir. Son 3-4 ildir ki, mən də bu cür tərbiyəsizliklərlə üzləşmişəm. Bəzi şəxslər sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək, ayrı-ayrı şəxslərə qarşı iftira və yalanlar yağdırırlar, ölkəmizdə sabitliyi pozmağa cəhdlər edirlər. Bu gün Azərbaycanın ən böyük uğuru onun sabitliyidir, İlham Əliyevin onun prezidenti olmasıdır. Dünya prezident İlham Əliyevi qəbul edir. Prezident İlham Əliyev bu gün dünyada böyük şəxsiyyət və insan hüquqlarına hörmət edən şəxs kimi qəbul olunur. Belə olan halda 4-5 nəfər qapılardan qovulmuş, özlərinə yer tapa bilməyən və mənəvi cəhətdən aşağı olan insanlar xoruz kimi banlayırlar. Əslində, bununla onlar heç nəyə nail ola bilmirlər. Sadəcə olaraq, ürək bulandırırlar. Buna qarşı mübarizə formaları mövcuddur”.

O qeyd edib ki, dünyada mövcud olan beynəlxalq hüquq normaları ilə həmin şəxslərə qarşı tədbirlər görülməlidir, onlara qarşı cinayət işi açılmalıdır və sairə.

“Necə olur ki, onlara qarşı insan hüquqularının pozulması deyilə bilir, mənə qarşı insan hüquqları pozulanda heç bir söz deyilmir? Tərbiyyəsizlik və yalan hərəkətlərə qarşı tədbirlər sərt olmalıdır. Yalan yazıları bir sayt o biri sayta ötürür və şər-böhtan kampaniyası aparılır. Bütün bunlara qarşı bir tədbir görülməlidir. Ümumiyyətlə, həmin saytları bağlamaq lazımdır”.

“Sosial medianı məhdudlaşdırmaq ideyasının müzakirəsini belə yolverilməz hesab edirik”

Milli Məclisin komitə sədri Hadı Rəcəblinin açıqlamasını Meydan TV-yə şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, əgər ölkədə qərar qəbul edilməsinə təsir edəcək şəxslər səviyyəsində bu tip bəyanatlar verilirsə, deməli, narahatlıq üçün əsaslar var:

“Azərbaycanın indiki inkisaf səviyyəsində sosial medianı məhdudlaşdırmaq ideyasını, ümumiyyətlə bunun müzakirəsini yolverilməz hesab edirik və hesab edirik ki, biz artıq o mərhələni keçmişik. Bundan daha çətin ictimai-siyasi proseslər dövründə Azərbaycan İnternetində hər hansı məhdudiyyətlər olmayıb”.

O, vurğulayıb ki, biz sosial mediadan, həmçinin elektron mediadan söyüş, təhqir, böhtan və insanları aşağılamaq üçün istifadəni, manipulyasiya üçün istifadəni yolverilməz hesab edirik.

“Eyni zamanda, gündəlik həyatımızın bir hissəsinə çevrilən, real dünyamızın inikası olan, açıq bir qlobal şəbəkədə hansıa bir qeyri-qanuni açıqlamaya, kiminsə tərəfindən olan paylaşıma da aşırı bir münasibət sərgilənməsinə, aşırı səviyyədə qabardılmasına, ictimai rəy olaraq təqdim edilməsinə də lüzum görmürük. Ayrı-ayrı istifadəçilər tərəfindən qlobal resurslarda aparılan qanuna zidd, etikadan kənar hərəkətlərə qarşı daha çox ictimai qınağa üstünlük verilməsini arzulayırıq. Sosial medianın Azərbaycan seqmentindən Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafına yönəlik müzakirələr aparılmasının faydalı olacağını düşünürük. Bizim özümüzün bu tip qlobal resurslara, qlobal platformalara daha çox ehtiyacımız var”.

O.Gündüzün sözlərinə görə, təbii ki rəsmi qurumlar bu tip platformalarda bu cür qeyri qanuni hərəkətlərin qarşısnın alınması istiqamətində milli qanunvericilik və beynəlxalq normalar çərçivəsində zəruri addımlar atmalıdırlar.

Osman Gündüz

Osman Gündüz

O, düşünür ki, Azərbaycanın strateji maraqları daha çox qlobal informasiya resursları və sosial media ilə əməkdaşlığı diqtə edir:

“Xüsusilə də son dövrlərdə bu tip resurslarda vətəndaşlarla bağlı informasiyaların üçüncü tərəflərə verilməsi, bu tip resurslar vasitəsilə manipulyasiya aparılması, fikrimizcə hökuməti də ciddi düşündürməlidir. Bu baxımdan biz rəsmi qurumların qlobal resurs sahibləri ilə əməkdaşlığına, onların nümayəndəliklərinin burada açılmasına, informasiya bazalarının burada yerləşdirilməsinə, onlarla normal informasiya münasibətlərinin qurulmasına üstünlük verməsini arzulayırıq. Bəzən hansısa bir məmurun, hökumət rəsmilərinin bu tip məsələlərlə bağlı çıxışlarında ziddiyyətlər müşahidə olunur və bu da bəzən lazımsız nəticələr verir. Müasir qlobal dünyada mövcud resursların nəyinsə qarşının alınmasından daha çox faydalı kontentin hazırlanmasına yönləndirilməsi, qlobal resursların faydalı tərəflərindən
istifadənin güücləndirilməsi daha vacbdir. Bu baxımdan indiki məqamda dövlətin və cəmiyyətin inkişafı üçün, informasiya sahəsində milli maraqlarımızın qorunması üçün sosial medianın gücündən, onun imkanlarından daha effektiv istifadəyə yönələn konseptual sənədlərin hazırlanmasını vacib hesab edirik”.

“Sosial şəbəkələri bağlamaq çağırışları Azərbaycan Konstitusiyasına ziddir”

Media hüququ üzrə ekspert Rəşid Hacılı bildirib ki, çap maşını orta əsrlərdə cəmiyyətin inkişafında hansı rolu oynamışdısa sosial şəbəkələr də indi oxşar rolu oynayırlar:

“Kitab, qəzet çapına qarşı çıxanlar ondan qorxanlar az deyildilər. Elə indi sosial şəbəkələrdən qorxanlar qədər. Kitabları, qəzetləri mənəviyyata, adət-ənənələrə, stabilliyə, kralların nüfuzuna zərər vuran sayan hadırəcəblilər həmişə olublar. Onlar öz ölkələrinə nə veriblərsə hadırəcəbli də Azərbaycana onu arzulayır. Onun kimilərini Azərbaycan yox, onun vətəndaşlarının gələcəyi yox xalqdan çırpışdırılan pulların məbləği və bu sistemin uzun yaşaması maraqlandırır. Söyüş, təhqir pisdir, sözsüz. Hökumətin, onun trollarının dilində də, başqalarının dilində də”.

Rəşid Hacılı

Rəşid Hacılı

R.Hacılı bəyan edib ki, sosial şəbəkələri bağlamaq çağırışları Azərbaycan Konstitusiyasına ziddir.

“Hər kəsin istədiyi məlumatı axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq təməl hüquqlarına ziddir. Bu hüququ pozmaq insanları onların həyati mənafelərinə aid məsələlər barədə məlumat almaq, müzakirə etmək, qərarlar verilməsində iştirak etmək imkanlarından məhrum etmək deməkdir. Ölkəni, insanları inkişafdan məhrum etmək, orta əsr bataqlığına sürükləmək deməkdir. Hadırəcəblilər bunu istəyir. Amma Azərbaycana bu lazım deyil. Sosial şəbəkələri bloklamaq texniki baxımdan mümkündür. MeydanTV, AzadlıqRadiosu, Azərbaycansaatı, Azadlıq qəzetini blokladıqları kimi”.

Rəşid Hacılı hesab edir ki, ümumdünya sosial şəbəkələrini tam bloklamaq Azərbaycan kimi ölkələrə çox baha başa gələr.

“Amma onlarla əməkdaşlıq etmək, hansısa məzmunların zərərli olmaları barədə ümumi razılıqlar əldə edilə bilər. Amma bu Hadı Rəcəblinin düşündüyü dərəcədə yumşaq olmayacaq. Təbii ki, həm də hökumətin və onun əlaltılar komandasının işlətdiyi təhqirlərə və böhtanlara da şamil olunacaq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5hd410

Ən çox baxılan