”Hərdən üzdəniraq, xarici kəşfiyyata işləyən elektron mətbuatda az qala ölkəmizdəki biznesin yarısını mənim adıma yazırlar”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Report.az”a müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.
– Azərbaycandakı ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti necə qiymətləndirirsiz?
– Bir neçə gün öncə, Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etdi. Bu illər ərzində Azərbaycan xeyli inkişaf etdi. Həmin dövrlərə nəzər saldıqda, görürük ki, nə qədər çətinliklər, kataklizmlər olub.
Heydər Əliyev cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, populizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı.
– Amma indinin özündə də vətəndaşların bir qismi əmək haqlarının azlığından şikayətlənirlər…
-20 il öncə vətəndaşlarla görüşəndə bizdən yalnız işıq, qaz problemlərinin həll olunmasını istəyirdilər. Zaman keçdikcə bu problemlər həll olundu, amma yeni arzular yarandı, yenə nəsə istəyirlər. Əmək haqqı minimumu yaşayış minimumuna uyğunlaşdırılır. 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Diqqət edin, bu, minimumdur. Yaxşı yaşamaq üçün, maaşın sonsuz istəklərimizə çatması üçün nə lazımdır? Bir evdə iki əmək qabiliyyətli insan işləməlidir. Bir müddət öncə, “Kiminsə işdən sonra vaxtı qalırsa, başqa sahədə də işləsin” ifadəmi yanlış istiqamətə yozdular. Əslində, dediyim sosial rifahın yaxşılaşdırılması üçündür. Əmək Məcəlləsinə də dəyişiklik edilib, əvvəllər iki yerdən artıq yerdə işləmək olmazdı, indi isə elə deyil, vaxtın varsa, istədiyin qədər müəssisədə çalışa bilərsən.
İndi iş üçün müraciət edirlər və dərhal maaşını soruşurlar, amma özünün həmin şirkətə nə verəcəyi bəlli deyil. Savadsız insanlara niyə yüksək maaş verilsin?
Yaxşı yaşayış üçün qənaət də olmalıdır. Bankdan kredit götürürlər, soruşursan, niyə götürmüsən? Deyir, qızıma bahalı telefon almışam. Adama deyərlər, yorğanına bax, ayağını uzat.
Məsələnin başqa tərəfi də var, indi adi suvaqçı ayda 2 min manata qədər pul alır. Amma polis orqanlarında 300 manata gözətçiliyə razıdırlar, suvaqçı işləməyə yox. Bizdə bu tipli peşələrin təbliği zəifdir.
Bizim cəmiyyətdə sahibkar haqqında deyilən fikirlərə baxın, təxminən sovet dönəmindəki kimi – qaniçəndir, qolçomaqdır, istismarçıdır. Bir çox hallarda çayxanalarda boş-bekar oturub onun-bunun pulunu sayırlar.
Azərbaycanda rüşvətxorla sahibkarı qarışdırırlar. Bəzi məmurların, Akif Çovdarov kimi quldarların əməlləri üzə çıxdı, bilindi ki, bunlar cinayətkar olublar. Zaman keçdi, hər kəs payını aldı, başqa cür də ola bilməzdi.
– Son zamanlar ərzaq məhsullarının qiymətində bahalaşma olub. Bu problemdən çıxış yolu varmı?
– Xaricdən gətirilən mallar bahalaşır. Bunun üçün bazarın xaricdən asılılığını minimuma endirməliyik. Məsələn: Rusiya, İran bunu edib. Hazırda neftin qiyməti aşağı düşüb. Odur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı sistemli, ardıcıl işlər görülür. Məsələn, pambığın istehsalı artırılır, emalı ilə bağlı bir neçə istehsalat müəssisəsi yaradılır. Məqsəd Azərbaycanın daxili bazarını qorumaqdır. Öz məhsularımız olmalıdır, pendiri xarici ölkədən gətirmək eyib deyilmi? Axı, bunu özümüz də edə bilərik. Onda qiymətlər artmaz. Əsas məsələ ölkədəki sabitlikdir. Biz bunu qorumalıyıq.
– Jurnalistlərlə münasibətiniz necədir?
– Çox yaxşıdır. Amma onların bəziləri bu münasibətləri pozurllar, yalan yazırlar, fikirləri konteksdən çıxarırlar, sensasiya yaratmaq xətrinə fikirləri təhrif edirlər. Bəzən sosial şəbəkələrdə, saytlarda anonim, özlərinin təşkil etdiyi, həqiqətdən kənar, hətta təhqiramiz şərhlər yazırlar. Buna baxmayaraq, bir dəfə də olsun jurnalist həmkarlarımla bağlı məhkəməyə müraciət etməmişəm. Əslində, heç vaxtım da yoxdur. Vallah, hərdən üzdəniraq, xarici kəşfiyyata işləyən, elektron mətbuatda az qala ölkəmizdəki biznesin yarısını mənim adıma yazırlar. Onların fantaziyasına həsədlə yanaşıram, məni bu qədər varlı görmək istədiklərini yüksək qiymətləndirirəm. Yaşadığım bina 70-ci illərdən tikilib, yeni tikili, villa deyil. Heç şəxsi maşınım da yoxdur. Dövlətin verdiyi maşından istifadə edirəm. Vaxtım çatmadığından, rəsmi olaraq bizneslə məşğul olmuram, mənim də qohumların çoxdur. İndi nə edək, onlar da heç bir işlə məşğul olmasınlar? Axı bu hansı qanunda yazılıb?!
-Seçicilərinizlə görüşdə əsasən nədən şikayət edirlər?
– Problemsiz insan yoxdur. Qarabağ əlininə maşın verilib. 10 il keçib, həmin maşın xarab olub. Gəlib deyir ki, təzə maşın verin. Axı hələ də növbədə maşın almayanlar var… Mənzil verilərkən iki uşağı olub, indi uşaqları çoxalıb, deyir ki, yeni mənzil verin. Bəzən nə edirsən, deyirlər, azdır. Amma elə ailələr var ki, problemlərini dilə gətirə bilmirlər. Mən özüm onlara xüsusi diqqət göstərirəm. Bəzən ağır vəziyyətdə olub, işi düzəlməyən üçün, hətta zəng edib dövlət qurumlarına deyirəm ki, xalamoğlu gəlir, ona kömək edin. İşdə otağımda başımın üstündə Qurani-Kərim var, əməllərimdə Allahdan və qanunlardan qorxuram, haqq adamıyam, kiminsə haqqına heç vaxt girmərəm. İnsanlara daim kömək etməyə çalışıram. Bunu qəbuluma gələnlər yaxşı bilir.
– Necə oldu ki, fəhləlikdən vəzifələrə yüksəldiniz?
– Ona görə ki, işləyirdim, əziyyət çəkirdim. Burada əsas rol oynayan həm də tərbiyədir. Bizim ailədə belə bir fikir vardı: Sən təhsil almasan, ac qalacaqsan. 4 saat işləməli idim, amma 8 saat işləyirdim. Qismət də əsasdır. Məndə zəhmətlə qismət birlikdə oldu. Fəhlə işlədiyim vaxtlarda bir dəfə bazar günü işdəydim, evə getməmişdim. Lənkərana yeni birinci katib təyin olunmuşdu. İsa Məmmədov idi. O da müəssisələri gəzirdi. Bizim zavodun həyətində məni gördü. Əynimdə də fəhlə xalatı vardı. Mənimlə zavodu gəzdi, nə vardısa-elmi-praktik, pis-yaxşı hər şeyi danışdım ona. Bildiyimə görə, o mənimlə sonradan daha ətraflı maraqlanıb. Həmin hadisədən on gün sonra Komsomolun ikinci katibliyinə tövsiyə olundum.
– Övladlarınız nə işlə məşğuldur?
-Bizim ailədə ələbaxımlılıq yoxdur. Oğlumun biri hüquq üzrə fəlsəfə doktorudur, Ədliyyə Nazirliyində şöbə müdiri, o biri oğlum isə Fövqəladə Hallar Nazirliyində çalışır. Böyük qızım göz həkimi, kiçik qızım isə ingilis dili üzrə fəlsəfə doktorudur, Xarici Dillər Universitetində müəllimədir. Mən onların həyatından razıyam. Mənim oğlanlarım 14 yaşlarından işləyirlər, zəhmətlə bu yerə gəlib çıxıblar. Mən onlar üçün pul xərcləmirəm, sadəcə, uğurlarına sevinirəm. Artıq nəvələr də böyüyür, 9 nəvədən böyüyün 23, sonbeşiyin 1 yaşı var.