Deputat medianı qınadı
Noyabrın7-də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsinin ofisində Milli Məclisin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli müharibəyönümlü təşkilat rəhbərləri ilə görüşüb.
Görüşdə “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin” sədri Füzuli Rzaquliyev”Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov və digər döyüşçülər iştirak ediblər.
“Qaziler.az” saytının məlumatına görə, görüşdə şəhid ailələrinin, Qarabağ qazilərinin və veteranların problemləri müzakirə edilib. Hadı Rəcəbli il ərzində dəfələrlə ayrı-ayrı Qarabağ əlilləri, şəhid ailələri, müharibə veteranları və müharibəyönümlü təşkilat rəhbərləri ilə görüşdüyünü deyib: “Əslində mən il ərzində bu qəbildən olan insanlarla görüşür, onların problemlərini dinləyir, əlimdən gələn köməkliyi də göstərirəm. Bu gün isə ümumi bir müzakirə aparmaq üçün sizlərlə – bir neçə müharibəyönümlü təşkilat rəhbərləri ilə görüşürük. Sizi narahat edən əsas problemləri birlikdə müəyyənləşdirib ümumiləşdirək. Sonra isə reallığa uyğun olaraq mümkün olanların həll olunmasına çalışacağıq. Dövlətimiz, xüsusilə, hörmətli Prezidentimiz cənab İlham Əliyev bu insanların həyat şəraitini yaxşılaşdırmaq üçün dövlətimizin imkanları daxilində mümkün olan nə lazımdırsa edir. Vaxtaşırı sərəncamlar, fərmanlar imzalayır”.
Görüşdə Mehdi Mehdiyev çıxış edərək onları narahat edən bu məsələləri qaldırıb: Sığorta borcunun ödənişini 2017-ci il üçün dövlət büdcəsinə salınması; Şəhid Ailələrinə Prezident təqaüdünün məbləğinin 300 manata qədər artırılması; Şəhid ailələri arasında yaranmış fərqin aradan qaldırılması; Şəhid övladlarının magistraturada təhsil alarkən təhsil haqqından azad edilməsi (23 yaş həddinin ləğv edilməsi); Şəhid və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil alarkən yataqxanalarda yerlə təmin edilməsi; Qarabağ müharibəsi veteranlarına güzəştlərə görə verilən müavinətın bərpası (müavinətlər haqqında qanuna dəyişiklik); Dövlət hesabına tibbi sığortanın verilməsi; Əmək stajı olmayan Qarabağ müharibəsi əlillərinə Qarabağ müharibəsi əlili statusu ilə təqaüd təyin edilməsi(iş stajı tələb olunmasın); Qarabağ müharibəsi veteranlarına aşağı faizlə uzun müddətli kreditlərin ayrılması.
Etimad Əsədov əsasən Qarabağ əlillərinin, şəhid ailələrinin rastlaşdığı problemləri dilə gətirib. O, Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədovla birlikdə hazırladığı təklifləri Hadı Rəcəbliyə təqdim edib:
Şəhid ailələri və müharibə əlillərinin ailə üzvlərindən biri müsabiqədən kənar olmaqla dövlət büdcəsi hesabına maliyyələşən qurumlarda işlə təmin edilsin; Güc strukturlarının hospitallarında müharibə əlillərinin müayinə, müalicə və əməliyyatları ödənişsiz olaraq təmin edilsin; Müharibə əlillərinə və Şəhid ailələrinə növbədənkənar xidmət göstərilməsi qanunla təmin edilsin; Fiziki cəhətdən ən ağır vəziyyətdə olan I dərəcəli əlillərə xidmət göstərən ailə üzvlərinə əlavə müavinət hesablansın.
Füzuli Rzaquliyev döyüşçü dostları tərəfindən qaldırılan məsələləri dəstəklədiyini bildirərək öz fikir və təkliflərini səsləndirib.
Görüşdə son günlər mətbuatda Hadı Rəcəbli ilə bağlı yayılan məlumatlara da münasibət bildirilib. H.Rəcəbli:
“Mən mətbuatda yayılanlarla bağlı demək istəyirəm ki, bunlar hamısı ağ yalandır. Dediyim sözlər, işlətdiyim ifadələr qərəzli şəkildə təhrif edilib. Şəhid ailələri, Qarabağ əlilləri ən böyük hörmətə layiq insanlardır.
Dövlətimiz, xüsusilə də hörmətli Prezidentimiz cənab İlham Əliyev həmişə bu insanlar böyük hörmətlə yanaşır, onların problemlərinin həlli üçün mümkün olan hər şeyi edir. Hamını da bu insanlara diqqət və qayğı göstərməyə çağırır. Mən də torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş vətənimizin bu qeyrətli, namuslu övladlarına böyük hörmətlə yanaşıram. Bu başqa cür də ola bilməz. Təəssüflər olsun ki, məndən asılı olmayan səbəbdən adımdan onları incidə biləcək belə bir fikirlər yayılıb.”
O, dediklərini təsdiq edən materialları görüş iştirakçılarına da təqdim edib.
Mehdi Mehdiyev bildirib ki, Hadı Rəcəblinin demədiyi sözlərə görə ittiham edənlər bizim adımızı bu oyunlara qatmasınlar: “Bu insan deyir və sübut edir ki, elə söz deməyib. Bunlar hamısı ağ yalandır. Bu, bizi çox qıcıqlandırır. Bəli, bizim müəyyən problemlərimiz var və dövlət də bunların həlli üçün çalışır. Biz də, bu gün olduğu kimi, zaman-zaman bu problemləri müvafiq orqanlara çatdırırıq”.
Etimad Əsədov şəhid ailələrinin, müharibə əlillərinin ağır durumda olduğunu vurğulayaraq sözügedən məsələ ilə bağlı da fikrini bildirib: “Hadı müəllim, siz uzun illər parlamentdə deputat kimi fəaliyyət göstərirsiniz. Biz Qarabağ əlillərinin Şəhid ailələrinin ümidlə gözünü dikdiyi sosial siyasət komissiyasına rəhbərlik edirsiniz, kifayət qədər həyat təcrübəniz var. Sizin çıxışlarınız daha diqqətlə izlənilir, sosial şəbəkələrdə geniş müzakirə edilərkən bəzən barənizdə mənfi rəy yaradılır. Şəhid ailələri, Qarabağ əlilləri, veteranlarla bağlı açıqlama verərkən bir az da diqqətli olmağa çalışmaq lazımdır. Çünki onsuz da bu təbəqə yetərincə problem içərisindədir və bu insanlar çox həssas bir zümrənin nümayəndələridir, inciyirlər”.