***
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Hacıqabulda törədilən olayla bağlı məlumat yayıb.
Bildirilir ki, f
aktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş M.Mehtiyevin şəxsi münasibətlər zəminində M.Qənbərovdan qisas almaq niyyətilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
1971-ci il təvəllüdlü, Hacıqabul şəhər sakini Mübariz Qibləli oğlu Mehdiyevlə Qəmbərovlar ailəsi arasında mübahisə Rusiya Federasiyasından başlayıb. Bir neçə gün bundan əvvəl Rusiyadan qayıdan M.Mehdiyev Qəmbərovlar ailəsinin yaşadığı evə basqın edərək, odlu silahla 4 nəfəri öldürüb, 1 nəfəri isə yaralayıb. M.Mehdiyev polis tərəfindən mühasirəyə alınıb və öldürülərək zərərsizləşdirilib. (report.az)
Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır:
1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov;
1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov;
1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova;
1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova;
1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs).
Yaralanan:
1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov.
***
“Hazırda polis işi araşdırır”
İyulun 31-i Hacıqabulda silahlı insident baş verdiyi bildirilir.
APA yazır ki, insident nəticəsində 5 nəfər ölüb, bir nəfər yaralanıb.
Bildirilir ki, hadisə Hacıqabulun Bayram İbrahimov küçəsində olub. Evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Hadisəni törədən şəxsi isə polisin zərərsizləşdirdiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə mərhumlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib.
Digər bir məlumata görə, qatil evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.
Ailə üzvlərindən biri yaralı vəziyyətdə Hacıqabul Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ancaq hələlik rəsmi məlumat açıqlanmayıb.
Hacıqabul Rayon İcra Hakimiyyətindən Meydan TV-yə faktı təsdiqləyiblər:
“Bəli, belə bir hadisə olub. Bu barədə internetdən kifayət qədər məlumat tapa bilərsiniz. Hazırda polis işi araşdırır”.
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasından isə bu barədə məlumat verə bilməyəcəklərini söyləyiblər.