Hacıbala Abutalıbovun kadrı həbs olunub

Rasim Quliyev hakimiyyətyönümlü “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.

Source: Specify Source


İcra hakimiyyətinin keçmiş aparat rəhbəri vəzifəsindən sui-istifadədə təqsirləndirilir

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatının keçmiş rəhbəri Rasim Quliyev həbs olunub. Onu aprelin 2-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.

İdarədən Meydan TV-yə verilən məlumata görə, Rasim Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz qərarlar verməkdə ittiham olunur: “Söhbət tikinti üçün torpaq sahəsi ayrılması, tikintiyə icazə verilməsi kimi qərarlardan gedir”.

Rasim Quliyev aprelin 2-də təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra Binəqədi Rayon Məhkəməsinə aparılıb və barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti də Rasim Quliyevin həbs xəbərini təsdiqləyib: “Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

51 yaşlı Rasim Quliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, BŞİH-də əvvəl ərazi idarəetmə şöbəsinin müdiri olub. Daha sonra Hacıbala Abutalıbovun əmri ilə Aparat rəhbəri təyin edilib və uzun illər bu vəzifədə çalışıb. Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra – 2018-ci ilin sentyabrında Rasim Quliyevi də Aparat rəhbəri vəzifəsindən azad edib. Onun icra hakimiyyətində son vəzifəsi Xarici Əlaqələr Departamentinin sədri olub. 2019-cu ilin əvvəlində isə onun rəhbərlik etdiyi department də ləğv olunub və o, sərəncama göndərilib.

Rasim Quliyev hakimiyyətyönümlü “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.

Ana səhifəSiyasətHacıbala Abutalıbovun kadrı həbs olunub