“Gənc Qazilər” İctimai Birliyinin sədri ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir
Bu gün, aprelin 7-də Bakı Apelyasiya Məhkəməsində “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, apelyasiya şikayəti təmin olunmayıb və birinci istansiya məhkəməsinin qərarı dəyişdirilməyib.
Aprelin 1-də Xətai rayon Məhkəməsində keçirilən prosesdə “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
H.Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir.
Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
“Hacı Vəliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Günahsız olduğunu, yaralı gözü ilə bağlı problem yaşadığını bildirib”, – “Gənc Qazilər” İctimai Birliyinin açıqlamasında belə deyilir.