Hacı Muradın qalıqlarının Dağıstanda dəfn edildiyi bildirilir

Qəzet yazır ki, Əmir Əmirov jurnalistlə danışan zaman Xunzaxda məscidlərin birində olub və həmin zaman cənazə namazı qılmağa hazırlaşırdılar

Source: google.az


Dağıstan rəsmiləri məlumatı təkzib edirlər

Hacı Murada məxsusluğu bildirilən və Azərbaycandan qeyri-qanuni şəkildə aparılan qalıqların iyunun 2-də Dağıstanda Xunzax rayonunda basdırıldığı deyilir.

Rusiyanın “Molodyoj Dagestana” (“Dağıstan Gəncliyi”) qəzeti yazıb ki, məlumatı mərasimdə iştirak edən, Əmir Əmirov adlı şəxs verib.

Qəzet yazır ki, Əmir Əmirov jurnalistlə danışan zaman Xunzaxda məscidlərin birində olub və həmin zaman cənazə namazı qılmağa hazırlaşırdılar.

Xunzax rayonunun administrasiyası dəfn edilən qalıqların Hacı Murada məxsus olmasını təsdiqləməyib.

52525.jpg
Hacı Muradın Dağıstandakı dəfn mərasimindən

“Xunzaxda kənd qəbiristanlığında həqiqətən də hansısa dəfn mərasimi keçirilib. Amma qalıqların Hacı Murada məxsus olması barədə məlumatı təsdiq edən heç nə yoxdur”.

Bunu rayonun administrasiyasının mətbuat katibi Kamil Hüseynov deyib.

Mayın 30-da sosial şəbəkələrdə və KİV-də Hacı Muradın qalıqlarının Azərbaycan ərazisindəki qəbiristanlıqdan onun anadan olduğu Selmes kəndinin cavanları tərəfindən oğurlandığı və Dağıstana gətirildiyi bildirilib.

Xunzax rayonunun administrasiyası bu xəbəri təkzib etsə də, “Haqqın.az” saytı Hacı Muradın qəbrüstü daşının söküldüyünü yazıb. Qəbir Azərbaycanın Qax rayonunun Tanqıt kəndində olub.

Qafqaz dağlılarının azadlıq mübarizəsinin qəhrəmanı Hacı Murad Dağıstanın Xunzax kəndində dünyaya gəlib. O, Qafqaz müharibəsi zamanı imam Şamilin naibi olub. Lakin 1851-ci ildə Şamil və onun naibi arasında nifaq yaranıb. 1851-ci il noyabrın 23-də (5 dekabr) Hacı Murad Çeçenistana qaçıb və çar hökumətinin tərəfinə keçib. Çar hökuməti Hacı Muradın dağlılar arasındakı populyarlığından istifadə edərək onları öz tərəfinə çəkməyi düşünürmüş. Lakin 1852-ci ilin aprelində Hacı Murad ruslara etibar etmədiyinə görə dağlara qaçıb və 1852-ci il aprelin 23-də (5 may) Nuxa yaxınlığında (Azərbaycanın indiki Şəki şəhəri) atışma zamanı öldürülüb. Onun başını bədənindən ayıraraq çar Rusiyasının qoşunlarının komandanlığına sübut kimi təqdim ediblər. Onun kəllə sümüyü Sankt-Peterburqda muzeylərin birində saxlanılıb.

62313689_10205726099108991_8101946876049227776_n.jpg
Hacı Muradın Dağıstandakı dəfn mərasimindən

L.N.Tolstoyun “Hacı Murad” povesti Şamilin naibinin həyatının sön dövrünə və ölümünə həsr olunub.

“Turan” agentliyi 2019-cu ilin yanvarında yazıb ki, Rusiya Dövlət Dumasının deputatı Camaludin Ömərov tarixi və ədəbi qəhrəman Hacı Muradın kəlləsinin alınmasına icazə verilməsi məsələsində koordinatoru olduğu Komitəyə köməklik göstərdiklərinə görə Duma rəhbərliyinə və prezident V.Putinə sosial şəbəkələr vasitəsilə öz təşəkkürünü bildirib.

"Lev Tolstoy irsi və Dağıstan" İctimai Komitəsi Hacı Muradın Peterburqda Kunstkamerada saxlanılan kəlləsinin qaytarılmasına nail olmağa çalışır. Hacı Muradın başsız cəsədi Azərbaycanda Qax rayonu ərazisində Bakı və Balakən avtomobil yolunun kənarında dəfn edilib.

2012-ci ildə ölkə prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy Dağıstana Lev Tolstoyun abidəsinin açılışına gəlib. Ondan “Hacı Muradın qalıqlarının birləşdirilməsi” xahiş edilib. 2012-ci ildə V.Tolstoy Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar apararaq onun dəstəyini alıb.

“Azərbaycan prezidenti yardım göstərəcəyini vəd etdi”, – C.Ömərov Mahaçqalada mətbuat konfransında bildirib.

Komitə üzvləri yardım üçün Müsəlmanların Dini İdarəsinə, Dağıstan müftilərinə müraciət ediblər. “Biz Hacı Muradın qalıqlarının yenidən dəfn edilməsi məsələsini müzakirə etdik. Bilmək istəyirdik ki, qalıqları Xunzaxda yenidən dəfn etmək olar, ya yox. Ancaq bizə dedilər ki, bunu etmək lazım deyil”, – C.Ömərov qeyd edib.

“Hacı Muradın nəsli “onun qalıqlarının birləşdirilməsini arzu edib”, – Hacı Muradın nəslinin nümayəndəsi Maqomedarip Hacımuradov mətbuat konfransında bildirib.

“Mənim babam Bədavi hər il at ilə aşırımı keçərək öz atasını ziyarətə gəlirdi, orada məzarüstü lövhə qoymuşdu. Bütün nəsli Hacı Muradın kəlləsinin dəfn olunmasını istəyirdi. Ancaq bunu edə bilməmişdilər. Bu arzu nəsildən nəslə ötürülüb. 1992-ci ildə mən bu işlə məşğul olmağa başladım. İndi də istəyirəm ki, mən bu dünyadan köçməzdən öncə bu arzu həyata keçsin”, – M.Hacımuradov bildirib.

Şamilin naibinin nəsli Hacı Muradın kəlləsinin qalıqları ilə birlikdə Azərbaycandakı məzarında dəfn edilməsini istəyib.

Tarixçi Məcid Mehraninin sözlərinə görə, hələ 1957-1958-ci illərdə tanınmış azərbaycanlı arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyilə bir qrup alim sübut etmişdi ki, məzardakı Hacı Muradın cəsədidir. Sübut edilmişdi ki, məzarda başsız insan dəfn edilib. Ötən əsrin 80-ci illərində alimlər yenidən bu məsələnin öyrənilməsinə qayıtdılar, qalıqların müayinəsini apardılar və bir daha bildirdilər ki, məzar Hacı Murada aiddir.

Ana səhifəXəbərlərHacı Muradın qalıqlarının Dağıstanda dəfn edildiyi bildirilir