Həyat yoldaşı: “Samir Aşurov həbsxanada zorakılığa məruz qaldığı üçün aclıq aksiyasına başlayıb”

Samir Aşurov. Foto: şəxsi facebook səhifəsi

Siyasi fəal Samir Aşurovun 2 saylı Cəzaçəkmə müəssisənin rəisi Vüsal Aslanov tərəfindən zorakılığa məruz qaldığı deyilir.

Bu barədə Meydan TV-yə fəalın həyat yoldaşı Nuranə Aşurova məlumat verib. O bildirib ki, müəssisə rəisi Vüsal Aslanov Samir Aşurova şillə vurub. Aşurov zorakılığa etiraz edərək aclıq aksiyasına başlayıb. 

Nuranə Aşurova qeyd edir ki, Samir Aşurov və digər fəallar həbsxanada intihar etdiyi deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin ölümünə etiraz edərək bildiriblər ki, bu hadisəyə görə məsuliyyəti sizin üstünüzdədir.

Bundan sonra həbsxanada fəallara qarşı təzyiqlər artmağa başlayıb. Cəzaçəkmə müəssisənin rəhbəri Aşurovun telefonla danışıqlarına da maneələr yaradıb.

“Etirazdan sonra Samirə deyiblər ki, sən içəridə olan hər şeyi zəngdə yoldaşına deyirsən. Bundan sonra bizim danışıqlarımızı tez-tez kəsirlər. Ən son danışığımız da Samir nəsə demək istəyirdi telefon anidən kəsildi. Mən zəng edəndə isə telefona cavab verilmədi”, – deyə Nuranə Aşurova deyir.

Nuranə Aşurova həmçinin bildirir ki, təzyiqlərin digər səbəbi də Siyasi Məhbusların Müdafiə Komitəsi yaradılması olub. Komitə yaradıldıqdan sonra bir AXCP üzvünü başqa cəzaçəkmə müəssisəsinə göndərdilər. 

“Rəis müavini Mədət Hacıyev mənə qarşı təxribat törətmək istəyir. O deyir ki, sənə bir dəfə töhmət verilib, ikinci dəfə “kars”a gedəcəksən”,  – deyə Aşurov telefon danışığı zamanı məlumatında bildirib.

Aşurova bildirir ki, cəzaçəkmə müəssisə Samir Aşurova sovqat göndərilməsinin də qarşısını alır. 

“O gün Samirə sovqat göndərirdim. Müəssisədən dedilər ki, yer yoxdur. Daha sonra bildirdilər ki, vaxt bitib. Müxtəlif bəhanələrlə sovqatın götürülməsinə maneə yaratdılar. Ora gedən başqa biri mənə dedi ki, digər sovqatları qəbul edirlər”, – deyə Nuranə Aşurova deyir.

Həyat yoldaşı Aşurovun səhhətindən narahat olduğunu bildirib. O deyir ki, aclıq aksiyası onun sağlamlığına ciddi təhlükələr yarada bilər. 

“Samirin vəziyyəti ilə bağlı çox narahatam. O, infarkt keçirib, şəkərdir. Üstəlik nəfəs darlığı problemi var, astmadır Bu yaxınlarda da tüberkülozdan (vərəm) xəstəxanada yatmışdı. Ciyərlərinin vəziyyəti yaxşı deyil”, – deyə o bildirib.

Siyasi mühacir Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edilib, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb.

O, Elşən Nəbiyev adlı şəxsi bıçaqlamaqda ittiham olunub və həbs edilib.

2024-cü il iyulun 21-də Samir Aşurova qarşı silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülüb.

2023-cü ilin dekabrında məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib.

Ana səhifəSiyasətHəyat yoldaşı: “Samir Aşurov həbsxanada zorakılığa məruz qaldığı üçün aclıq aksiyasına başlayıb”