Hərbçi: “Müdafiə Nazirliyi məni ehtiyata buraxmaqdan imtina edir”

Foto: Müdafiə Nazirliyi

33 yaşlı hərbçi Minacəddin Adil oğlu Şirinov Meydan TV-yə müraciət edərək bildirib ki, 10 ildən artıq zabit kimi xidmət etməsinə baxmayaraq, Müdafiə Nazirliyi onu şəxsi istəyi ilə ehtiyata buraxmaqdan imtina edir. O, bu qərarın qanunsuz olduğunu və hüquqlarının pozulduğunu iddia edir.

“Nazir göstəriş vermir, deyirlər, səni buraxa bilmərik”

Minacəddin Şirinovun sözlərinə görə, onun ehtiyata buraxılmasına Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi Anar İsmayılov mane olur:

“10 il zabit kimi xidmət etdikdən sonra təxris olmaq istəyirəm, lakin Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi Anar İsmayılov buna icazə vermir və bu yolla hüquqlarımı pozur. O bildirir ki, müdafiə naziri Zakir Həsənov icazə vermir. Bu isə o deməkdir ki, qanun pozuntusuna göstərişi birbaşa Müdafiə Nazirliyi verir”.

Zabit qeyd edir ki, 2013-cü ildən Azərbaycan Ordusunda, 2015-ci ildən isə zabit kimi xidmət edir:

“İkinci Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıyam. Altı ay əvvəl şəxsi istəyimlə ordu sıralarından ehtiyata buraxılmaq üçün rəsmi müraciət etmişəm. Lakin Müdafiə Nazirliyi qanunsuz şəkildə bu müraciətimi qəbul etmir və məni xidmətə davam etməyə məcbur edir”.

“Mənə deyirlər ki, 10 il tamam olmayıb”

Minacəddin Şirinov bildirir ki, ona verilən rədd cavablarının əsaslandırılması da ziddiyyətlidir:

““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, 10 il zabit kimi xidmət etdikdən sonra şəxsi istəklə ehtiyata buraxılmaq hüququm var. Amma mənə bildirirlər ki, 10 illik xidmətim tamam olmayıb. Səbəb kimi 2018-2021-ci illərdə aldığım 3 illik təhsilin xidmət stajına daxil edilmədiyi göstərilir. Halbuki bu dəyişiklik 2023-cü ildən qüvvəyə minib və qanun ağırlaşdırıcı hallarda geriyə şamil oluna bilməz. Yəni bu, mənim halıma aid deyil”.

“Şikayətlərimi təkrar nazirliyə göndərirlər”

Şikayətçi deyir ki, problemi ilə bağlı Müdafiə Nazirliyinin bir sıra strukturlarına – Hüquq İdarəsinə, Kadrlar İdarəsinə, Tibb İdarəsinə, Şəxsi Heyət Baş İdarəsinə, Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinə, nazir və müavinlərinə dəfələrlə məktub yazıb. Lakin bu müraciətlər nəticəsiz qalıb:

“Demək olar ki, aidiyyəti olan bütün dövlət qurumlarına şikayət etmişəm. Amma bütün şikayətlər mərkəzləşmiş şəkildə yenidən Müdafiə Nazirliyinə yönləndirilir. Halbuki şikayət etdiyim tərəf elə həmin Nazirliyin özüdür. Bu isə obyektiv araşdırma aparılmasına imkan vermir. Nazirlik də məsələnin üzərini ört-basdır etmək üçün gah deyir 10 ilim tamam olmayıb, gah da mənə aid olmayan qanun maddələrini çıxarıb göndərirlər”.

Hərbçi əlavə edir ki, Tibb İdarəsinin rəisi Anar İsmayılov ona açıq şəkildə bildirib ki, “hara istəyirsən, şikayət et, səni işdən azad etməyəcəyik”.

“Məhkəməyə müraciət etmişəm, amma istəyirəm ki, nazirlik bu problemi özü həll etsin”

Hüquqşünas Xalid Bağırov Meydan TV-yə bildirir ki, əgər hərbçinin ehtiyata buraxılması üçün qanunvericilikdə nəzərdə tutulan xidmət müddəti başa çatıbsa, Müdafiə Nazirliyinin onu xidmətə davam etməyə məcbur etməsinin hüquqi əsası yoxdur.

Xalid Bağırov, foto: Meydan TV
Xalid Bağırov, foto: Meydan TV

“Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 43-cü maddəsinə əsasən, zabit şəxsi ərizəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət tamamlandıqdan sonra ehtiyata buraxılmaq hüququna malikdir. Həmçinin “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndində də 10 il xidmət edən zabitin şəxsi istəyilə ehtiyata buraxılması tənzimlənir. Əgər zabit qanunla müəyyən olunmuş xidmət müddətini tamamlayıbsa, onun şəxsi istəklə ehtiyata buraxılması hüququ var. Bu, qanuni və legitim bir tələbdir. Əgər bu hüquq təmin olunmursa, həmin şəxs məhkəməyə müraciət etməlidir. Hərbçilərin də digər vətəndaşlar kimi məhkəməyə müraciət etmək hüququ var”, – Xalid Bağırov qeyd edib.

Minacəddin Şirinov Müdafiə Nazirliyinə qarşı artıq məhkəmə iddiası qaldırıb:

“Oktyabrın sonunda ilkin məhkəmə olacaq. Amma istəyirəm ki, nazirlik məni öz xoşu ilə ehtiyata buraxsın. Məhkəmə prosesi çox uzundur. Mən isə sadəcə, qanunla mənə verilmiş hüququn təmin olunmasını istəyirəm”.

Yazı dərcə hazırlanan müddətdə Müdafiə Nazirliyinin mətbuat xidməti Meydan TV-nin məsələ ilə əlaqədar göndərdiyi sorğunu cavablandırmayıb.

Ana səhifəSosialHərbçi: “Müdafiə Nazirliyi məni ehtiyata buraxmaqdan imtina edir”