Həbsxanalarda siyasi məhbus kimi tanınan şəxslərin faciəli taleyi: Elbəyi Kərimli və digərləri

Həbsxanalarda siyasi məhbus ölümləri – İllüstrasiya ChatGpt

Dekabrın 12-də 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində AXCP üzvü Elbəyi Kərimlinin intihar etdiyi xəbərləri yayıldı. Elbəyi Kərimli 2023-cü ilin avqust ayında Heydər Əliyevin heykəlinə “Stalin” yazdığı üçün narkotik ittihamı ilə həbs olunmuş və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Fəalın Heydər Əliyevin anım günündə ölümü birmənalı qarşılanmayıb; bəzi şəxslər onun sui-qəsd nəticəsində öldürülməsi ehtimalını istisna etmir. Həmçinin, Elbəyi Kərimlinin valideynləri olmadığı üçün səssiz dəfn olunub və bir müddət dəfn yeri belə məlum olmayıb.

Bu hadisə Azərbaycanın müstəqillik dövründə həbsxanalarda həyatını itirən siyasi məhbuslar mövzusunu yenidən aktuallaşdırıb. Azərbaycan Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya şöbəsinin rəhbəri Arif Yunus Meydan TV-yə bildirib ki, xüsusi olaraq siyasi məhbuslar üzərində tədqiqat aparmasa da, hər il həbsxanalarda vəfat edənlərin statistikası toplanır.

Arif Yunus. Foto: Əziz Kərimov

“İşgəncələr nəticəsində həbsxanalarda orta hesabla ildə 10 nəfər həyatını itirirdi. Bəzən 8, bəzən 9, bəzən 10. Həbsxanalarda vəziyyət çox ağırdır. Azərbaycan hakimiyyətinin Avropa Şurası ilə münasibətlərində problemlər yaranana qədər Ədliyyə Nazirliyi bu quruma məhkumlarla bağlı rəsmi məlumat göndərirdi. Son rəsmi rəqəm 2024-cü il yanvarın 1-nə qədər 27 min məhkum idi”, – Arif Yunus qeyd edib.

O, əlavə edib ki, həqiqi rəqəmlər bundan da yüksək ola bilər və buna həbsxanalardan gələn qeyri-rəsmi məlumatları misal göstərir:

“Kameralarda həddindən çox adam olur, hətta yatmağa növbə tuturlar. Siyasi məhbuslar cəmi 1 faiz təşkil edir. Həbsxanada siyasi məhbuslara diqqətli yanaşırlar, amma bu, onlara qarşı zorakılıq edilmədiyi mənasına gəlmir. Adi məhbuslara isə istədiklərini edirlər. Siyasi məhbuslar aktivdir, yazır, məlumat yayır; adi məhbuslar isə qorxudulduğu üçün susurlar”.

Hüquq müdafiəçisi vurğulayıb ki, buna baxmayaraq siyasi məhbusların da işgəncəyə məruz qalması, ölüm halları olur. Buna misal olaraq o, Faina Kunqurovanın adını çəkir.

Faina Kunqurova kimdir?

Faina Kunqurova siyasi fəaliyyətinə 1990-cı illərin sonlarında müxalifət partiyasının üzvü kimi başlayıb. Fəallığı hakimiyyət orqanlarını narahat edirdi. O, siyasi fəaliyyəti səbəbindən 2002 və 2007-ci illərdə həbs olunub. 18 noyabr 2007-ci ildə 33 yaşında Penitensiar Xidmətin Müalicə Müəssisəsində şübhəli şəraitdə aclıq aksiyası zamanı həyatını itirib. Avropa Şurası tərəfindən Azərbaycan üzrə siyasi məhbuslar siyahısında adı daxil edilən ilk qadın olub.

Faina Kunqurova. Foto: Arif Yunusun albomundan

2007-ci ildə Kunqurova polis tərəfindən “dövlət başçısının kortejinin getdiyi magistral yola şübhəli şəkildə yaxın olmaq” səbəbilə saxlanmış, çantasından isə keçmiş Milli Məclis sədri Rəsul Quliyevin fotosu tapılmışdı. Hüquq-mühafizə orqanları onu narkotik saxlamaqda ittiham etmişdi. 2002-ci ildə isə xuliqanlıq ittihamı ilə həbs olunmuşdu. Azərbaycan hüquq müdafiəçiləri bu ittihamları qondarma sayaraq onu siyasi məhbus elan etmişdi.

Arif Yunus Kunqurovanın ölümünün qəsdən törədildiyini bildirir:

“Onu yüz faiz öldürüblər. Faina aclıq aksiyası keçirirdi, həmçinin hər gün məlumat göndərirdi. Həbsxanadakı rəisi tənqid edirdi. Birdən ölümü inandırıcı deyildi. Onu döyüblər, şəkilləri də var. Hər həbs zamanı bərk döyülüb, amma həkimlər heç bir problem olmadığını deyirdilər”.

Həbsxanada həyatını itirən digər tanınmış şəxslər

Həbsxanada ölən digər tanınmış şəxslərdən biri Mehman Qələndərov olub. Vicdan məhbusu kimi tanınan, keçmiş fəlsəfə, sosiologiya və politologiya professoru Mehman Qələndərov 2017-ci il fevralın 7-də həbs edilib. 2017-ci il aprelin 28-də isə Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında kamerada döşək ağı ilə özünü asaraq intihar etdiyi bildirilir. Onun özünün “Facebook” səhifəsində yazdığı statusdan sonra polis tərəfindən saxlanıldığı bildirilir:

“Hamımız Qiyas kimi olaq. Qul olma!” Mehman Qələndərov həm Bakı, həm də Tbilisidə hökumət əleyhinə keçirilən aksiyalarda iştirak edib və sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid edən karikaturalar dərc edib. Aprelin 29-da onun ölümü ilə bağlı xəbərləri Penitensiar Xidmət təkzib etmiş, sağlamlıq durumunun normal olduğunu bildirmişdi. Lakin Arif Yunus iddia edir ki, Mehman Qələndərov da işgəncələr nəticəsində həyatını itirib.

Hüquq müdafiəçisi həmçinin bildirir ki, 2007-ci ildə “Səid Dadaşbəyli işi” üzrə həbs edilən bir inanclı şəxsin DTX-də işgəncələr nəticəsində öldürüldüyü təsdiqlənib. “Dırnaqarası dini qrupdan olan bir nəfəri DTX-də o qədər döyüblər ki, sonra necə öldürüblər videoya çəkiblər. Sonra Səid Dadaşbəyli və digərləri bizə dedilər ki, videonu göstəriblər və lazımi ifadələri verməsəniz, sizi də belə öldürəcəyik. Onu kamerada yox, xüsusi bir yerdə döyüblər,” – deyə o bildirib.

Səid Dadaşbəyli və digər 10 nəfər 2007-ci ilin yanvarında dövlət çevrilişi, terrorizm, qanunsuz silah və narkotik saxlamaq ittihamları ilə həbs olunub və 12 ildən 14 ilədək həbs cəzası alıblar. İstintaq materiallarına görə, onların qruplaşması Azərbaycanda hakimiyyəti ələ keçirməyi və şəriət qanunlarını bərqərar etməyi planlaşdırıb. Lakin yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar aparılan araşdırmalar nəticəsində onların keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının qondarma cinayət işinin qurbanı olduqlarını açıqlayıblar. Təqsirləndirilənlərdən Emin Məmmədov istintaq zamanı qəribə şəraitdə vəfat edib və bu, həm cinayət işinin siyasi motivli olması şübhəsini, həm də şikayətlərin araşdırılmamasını gücləndirir.

Novruzəli Məmmədov isə DTX-də öldürüldüyü iddia edilən digər bir ictimai şəxsdir. 1989–1992-ci illərdə Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, 1992-ci ildən “Tolışi sədo” qəzetində baş redaktorun müavini, 2001-ci ildən isə qəzetin baş redaktoru və AMEA Nəsimi adına Dilçilik İnstitutunun german-roman dilləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. O, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin milli azlıqlar üzrə tədris-metodik şurasının və Prezident Administrasiyasının milli məsələlər üzrə ictimai şurasının üzvü olub. Novruzəli Məmmədov Azərbaycanın yeganə talışşünas-dialektoloqu və bir sıra kitab, elmi məqalə və dərsliklərin müəllifi idi, Azərbaycan və talış dillərinin münasibətinə dair bir neçə monoqrafiya yazmışdı.

O, 24 iyun 2008-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanət ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 17 avqust 2009-cu ildə isə Bakı həbsxanasında müəmmalı şəkildə vəfat edib. Arif Yunusun sözlərinə görə, Novruzəli Məmmədovun oğlu atasının gözləri qarşısında DTX işçiləri tərəfindən döyülərək öldürülüb. Daha sonra onun digər oğlu da avtomobil qəzasında həyatını itirib.

Bütün bu iddialarla, adları çəkilən şəxslərin həbsxanada öldürülməsi kimi fikirlərlə rəsmi qurumlar razılaşmırlar. Həmin qurumlar rəsmi açıqlamalarında onların öldürülməsi iddialarını təkzib ediblər.

Ana səhifəSiyasətHəbsxanalarda siyasi məhbus kimi tanınan şəxslərin faciəli taleyi: Elbəyi Kərimli və digərləri