Həbsxanada sanksiyaya məruz qaldığı deyilən Hafiz Babalının səhhəti də ağırlaşıb

Hafiz Babalı. Foto: Meydan TV

“AbzasMedia işi” üzrə həbsdə olan jurnalist Hafiz Babalıyaya 2 saylı Cəzaçəkmə Müəssisəsində sanksiya tətbiq olunduğu bildirilir.

Onun ailəsi ilə açıq görüş hüququ məhdudlaşdırılıb və yalnız şüşə arxasından görüşə icazə verilib.

Bu barədə jurnalistin “Facebook” səhifəsində məlumat yayılıb.

Bundan başqa Babalının səhhətinin ağırlaşdığı bildirilir. Onun ayağında infeksiya aşkarlanıb. Amma buna baxmayaraq jurnalist müalicə müəssisəsinə köçürülmədiyini bildirib.

“Ayağımla bağlı vəziyyət artıq çox ciddi hal alıb. Müəssisə həkimi baxış keçirib və məndə qızılyel (erysipelas) infeksiyası müəyyən edilib. Müalicə olaraq Sefazolin-Akos iynəsi vurulub. Buna baxmayaraq, vəziyyət ağır olaraq qalır. Lakin bütün bunlara rəğmən, məni nə 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitar şöbəsinə, nə də müəssisə daxili və ya xarici tibbi müayinə məntəqəsinə köçürmək üçün şərait yaradılmır. Müalicənin davam etdirilməsi və vəziyyətimin nəzarətdə saxlanılması üçün zəruri addımlar atılmır”, – deyə məlumatda bildirilib.

Məlumatda həmçinin deyilir ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində Babalının tibb  müəssisəsinə köçürülməsinə şərait verilmir. 

“Qeyd etdiyim tibbi problemlər artıq gündəlik həyatımı ciddi şəkildə çətinləşdirir və bu vəziyyətin belə davam etməsi sağlamlığıma real təhlükə yaradır” , – deyə bildirilir.

Dekabrın 4-də Hafiz Babalı ayağında göyərmə, qızartı və açıq yaralar əmələ gəldiyini demişdi.

Araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin dekabrında “AbzasMedia işi” çərçivəsində saxlanılıb. O, qaçaqmalçılıq ittihamı ilə təqsirləndirilib.

2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Babalı ona qarşı irəli sürülmüş ittihamları rədd edir və peşəkar jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

Ana səhifəSiyasətHəbsxanada sanksiyaya məruz qaldığı deyilən Hafiz Babalının səhhəti də ağırlaşıb