“İstintaq dönəmində də haqqımda ifadə verən şəxslər heç nədən utanmayın və sıxılmayın”
III Respublika Platformasının həbsdə olan qurucu heyət üzvlərindən biri Ruslan İzzətlinin “Facebook” səhifəsində müraciəti yayımlanıb.
Bir ildir ki, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan Ruslan İzzətli bildirir ki, burada kifayət qədər siyasi proseslərdən uzaq olub, amma hüquqsuzluğun və ədalətsizliyin qurbanı olan şəxslər var:
“Artıq məmləkətimiz elə bir dönəmə gəlib ki, hüquq və ədalət tanımayan sistem hər kəsin qapısını döyür. Hər zaman müsahibələrimdə, açıqlamalarımda bildirirdim ki, susmaq və seyirçi qalmağınız sizi hüquq və ədalət tanımayan sistemdən qorumur”.
Ruslan İzzətli bildirib ki, ona qarşı irəli sürülən ittihamlar üzrə istintaq artıq yekunlaşmaq üzrədir.
“Hər kəsə aydındır ki, haqqımda irəli sürülən qanunsuz və əsassız ittihamlar siyasi fəaliyyətimə görədir. Ölkədəki mövcud siyasi sistem, hüququn bir mərkəzdən idarə olunduğu hər birimizə məlumdur. İstintaq dönəmində də haqqımda ifadə verən şəxslər heç nədən utanmayın və sıxılmayın. Doğru olanı etmisiniz, mövcud siyasi vəziyyəti çox yaxşı anlayıram. Nə istintaqı aparan müstəntiqlərə, nə də ki, bir il ərzində çıxdığım məhkəmələrdə haqqımda əsassız qərarlar verən hakimlərə heç bir nifrətim yoxdur. Onlar da hüquq və ədalət tanımayan sistemin qurbanlarıdır”.
Ruslan İzzətli hökumətyönlü media haqqında da yazıb:
“Son bir ildə hakimiyyətin yandaş mediası haqqımda ağıllarına yox, ağızlarına nə gəldi yazdılar və dedilər. Amma vətənpərvərlik dərsi keçəndə heç olmasa özünüzün də bu məmləkət üçün etdiklərinizə baxın, mənim də! Bütün bunlara baxmayaraq sizə də bir kinim, nifrətim yoxdur. Mənim üçün ifadə azadlığı müqəddəsdir. Baxmayaraq ki siz ifadə azadlığından istifadə edəndə jurnalistika etik kondekslərini ayaq altına atırsınız”.
II Respublika Platformasının Qurucu Heyətinin həbsdə olan üzvü əlavə edib ki, siyasi fəaliyyəti dövründə həmişə kin və nifrətdən uzaq durmağı təbliğ edib.
“Əsassız olaraq həbsə atılmağım belə kin və nifrətə əl atmağımıza əsas olmamalıdır. Biz mübarizə apardığımız sistemə bənzəməməliyik. Ümidsiz və inamsız olmayın, məmləkətimizdə mütləq azadlıq günəşi doğacaq. İstər iqtidarda istər müxalifətdə olan siyasətçilər xalq qarşısındakı məsuliyyətini anlamalıdır. Gündəlik və ya şəxsi maraqlar üçün millətin gələcəyini qaranlığa qərq etməməlidilər”, – Ruslan İzzətli bildirib.
2024-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov) istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin video redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahovdur.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
2025-ci il yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov isə yanvarın 17-də həbs edilib.
2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Fevralın 26-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib.
2023-cü ilin noyabrından bu yana ölkədə 30-a yaxın jurnalist həbs olunub.
Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Həbs olunanların əksəriyyəti “Meydan TV”, “AbzasMedia”, “Toplum TV” əməkdaşlarıdır.
Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.