Almaniyadan deportasiya olunandan sonra Azərbaycanda həbs olunmuş fəal Samir Aşurovun səhhətinin ağırlaşdığı bildirilir.
Bu barədə məlumatı fəalın həyat yoldaşı Nuranə Aşurova Meydan TV-yə deyib.
Aşurova qeyd edib ki, Samir Aşurov diabet xəstəsidir, nəfəs darlığından əziyyət çəkir. O deyir ki, müayinə üçün dəfələrlə həbsxana rəhbərliyinə müraciət etsələr də, cavab verən olmayıb.
“Bir neçə gündür müraciət edirəm ki, Samiri göndərin tibb məntəqəsinə müalicə olunsun. Sonra Samiri apardılar “Tubzon”a. 3 ay saxladılar orada. Amma lazımi müalicə edilmədi”, – deyə Nuranə Aşurova bildirib.
Siyasi mühacir Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edilib, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb.
O, Elşən Nəbiyev adlı şəxsi bıçaqlamaqda ittiham olunub və həbs edilib.
2024-cü il iyulun 21-də Samir Aşurova qarşı silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülüb.
2023-cü ilin dekabrında məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib.
Nuranə Aşurova deyir ki, “Tubzon”dan 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi vaxtdan bəri Samir Aşurova nə baxış keçirilib, nə də müalicə aparılıb.
“Samir soyuqdəymədən əziyyət çəkir, ciyərlərində ağrı var, amma müəssisənin həkimi onunla maraqlanmır. Artıq aylardır çalışırıq ki, Samir tibb məntəqəsinə yerləşdirilsin, lakin bütün səylərimiz nəticəsiz qalır”, – deyə o bildirib.