Həbsdə olan jurnalistin bank və pensiya hesablarına qoyulan blok hələ də qaldırılmayıb

Hafiz Babalı. Foto: Meydan TV

“AbzasMedia işi” üzrə 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalının bütün bank hesabları, o cümlədən pensiya hesabına qoyulan blok bu günə qədər aradan qaldırılmayıb. 

Bu barədə məlumat jurnalistin “Facebook” səhifəsində paylaşılıb.

Araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin dekabrında “AbzasMedia işi” çərçivəsində saxlanılıb. O, qaçaqmalçılıq ittihamı ilə təqsirləndirilib. 

Hafiz Babalı bu ittihamı rədd edir və həbsi peşəkar jurnalist fəaliyyətinə görə həyata keçirildiyini bildirir.

2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

“Halbuki qanunvericiliyə görə pensiya hesablarına həbs qoymaq yolverilməzdir, çünki bu vəsaitlər yalnız Dövlət Sosial Müdafiə Fondu vasitəsilə idarə olunur və şəxsin minimum yaşayışını təmin edən mənbə hesab olunur. Məhkəmə qərarında bu istisna nəzərə alınmadığı üçün pensiya hesabım bir ildən artıqdır ki, bloklanmış vəziyyətdə qalır”, – deyə Hafiz Babalının açıqlamasında qeyd olunur.

Bildirilib ki, oktyabrın 14-də jurnalistin vəkili həm Bakı Ağır Cinayətlər Məhkəməsinə, həm də Bakı Apellyasiya Məhkəməsinə hesabın açılması ilə bağlı rəsmi ərizə təqdim edib.

“Lakin bu günə qədər heç bir cavab və ya addım atılmayıb. Qanunvericiliyə əsasən, əlillik pensiyası yalnız və yalnız sosial müdafiə məqsədilə təyin olunur və həmin vəsait mənim bu gün üçün yeganə yaşayış mənbəyim sayılır. Bu səbəbdən pensiya hesabım üzərindəki həbsi aradan qaldırmaq üçün məhkəmələrdən və aidiyyəti qurumlardan qanuna uyğun qərar verilməsini gözləyirəm”, – jurnalist yazıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətHəbsdə olan jurnalistin bank və pensiya hesablarına qoyulan blok hələ də qaldırılmayıb