Həbsdə olan jurnalist Nərgiz Absalamova “AzadMedia” mükafatına layiq görülüb

Nərgiz Absalamova. Foto: Ülviyyə Əli

“AbzasMedia”nın həbsdə olan jurnalisti Nərgiz Absalamova “AzadMedia” mükafatına layiq görülüb. 

Norveçin “Fritt Ort” və Almaniyanın “ZEIT Stiftung Bucerius” fondu tərəfindən təqdim edilən mükafat Mərkəzi və Şərqi Avropada müstəqil media orqanlarına və peşəkar, cəsarətli jurnalistlərə verilir.

Mükafat Absalamovaya cəsarətli reportajlarına, qısametrajlı sənədli filmlərinə görə təqdim edilib. 

“O, özünü iqlim problemləri, korrupsiya və sosial hüquqların işıqlandırılmasına həsr edib. O, həssas icmalardan olan insanlara, eləcə də ayrı-seçkiliklə üzləşən qadınlara və gənclərə səs verib. Onun videoreportajları sosial şəbəkələrdə milyonlarla baxış qazanıb və vətəndaş cəmiyyətinə müsbət təsir edib. Onun kamerası səlahiyyətlilər tərəfindən müsadirə edilib və o, bir neçə dəfə polis zorakılığına məruz qalıb”, – deyə “AzadMedia”nın yaydığı bəyanatında bildirilir.

Bu il mükafata layiq görülənlər arasında Nərgiz Absalamova ilə yanaşı Ukraynadan “Gwara Media” media platforması, Gürcüstandan jurnalist və media qurucusu Mzia Amağlobeli, Macarıstandan araşdırmaçı onlayn media Direkt36, Rusiyadan fotoqraf və fotoreportyor Aleksandra Astaxova, Belarusdan “Belarusian Investigative Center” media kanalı var.

Bundan başqa, hər iki media Azərbaycanda qadın jurnalistlərinin həbsinin qadınların ictimai həyatdan uzaqlaşdırılmaq cəhdi adlandırıblar.

“Son aylar ölkədə 9 qadın jurnalist iqtisadi ittihamlarla həbs edilib. Beynəlxalq media qurumları vurğulayır ki, Azərbaycanda qadın jurnalistlərə qarşı hücumlar gender baxımından neytral deyil, qadın jurnalistləri ictimai həyatdan uzaqlaşdırmaq cəhdidir. Bu, təkcə Azərbaycanda mətbuat azadlığı ilə bağlı xəbərdarlıq deyil. Avtoritar ölkədə praktiki qadın jurnalist olmaq çətin və təhlükəlidir”.

AbzasMedianın reportyoru Nərgiz Absalamova 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Absalamova qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli bilinir. Onunla birlikdə hazırda AbzasMedia işi üzrə 6 jurnalist həbsdədir.

AbzasMedia işi”

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə AbzasMedianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Ana səhifəXəbərlərHəbsdə olan jurnalist Nərgiz Absalamova “AzadMedia” mükafatına layiq görülüb