Bu gün həbsdə ad gününü qeyd edən Ülviyyə Əli mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb, ona qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Ülviyyə Meydan TV-də çalışmadığını bildirir, özünü təqsirli bilmir, “əsl cinayət məhz bu sistemə qul olmaqdır” – deyir. Bu, jurnalist həbslərinin arxasındakı pretekstual niyyəti oxumaq üçün kifayətdir.
Bu gün – Ülviyyə Əlinin doğum günündə biz onun keçdiyi jurnalist yoluna nəzər salacaq, həmçinin jurnalistlərə qarşı irəli sürülən ittihamın mətnini dekonstruksiya etməyə çalışacağıq.
Jurnalist bilgi daşıyıcısıdır. İllərdir “Freedom House”-un Azərbaycanın da adını daxil etdiyi avtoritar rejimlər isə bilginin yayılmamasında, tək əldə cəmləşməsində maraqlıdır. Belədə qaçaqmalçılıq simvolik bir ittihama dönür. Jurnalistlər, eləcə də Ülviyyə Əli məhz bilgi qaçaqmalçılığı ilə məşğul idilər: xalqdan oğurlanan bilgini onun özünə qaytarmaq üçün.
Bəs, Ülviyyə Əli hansı bilgiləri “qaçaqmalçılıq” yolu ilə izləyicilərə çatdırırdı? Gəlin, buna qısa bir baxış ataq.
Ülviyyə Əli 13 oktyabr 1993-cü ildə Göyçayda anadan olub.
O, 17 yaşından ictimai-siyasi proseslərə qoşulub, 2012-2016-cı illərdə NİDA Vətəndaş Hərəkatının üzvü olaraq fəaliyyət göstərib.
Ülviyyə 2012-ci ildən Azərbaycanda baş verən bütün insan hüquqları pozuntularını öz “X” səhifəsində işıqlandırıb və beynəlxalq medianın diqqətinə çatdırıb. Həbs edilənə qədər Azərbaycanla bağlı beynəlxalq mətbuatda işıqlandırılan xəbərlərdə onun yaydığı məlumatlara istinad edilib, müəllifi olduğu video və fotolardan istifadə olunub. Hakimiyyətin nəzarətində olan medianın ritorikasına əsasən demək olar ki, güc bunu da bilgi qaçaqmalçılığı, xarici agentlik kimi şərh edir.
Ülviyyə Əli 2013-cü ildən başlayaraq bir çox siyasi məhbusların məhkəmələrinin monitorinqini aparıb, məhkəmələrdə baş verənləri işıqlandırıb. Azərbaycanda siyasi motivli məhkəmələr mümkün qədər gizli, ictimaiyyətə qapalı keçirilir. Dolayısı ilə, məhkəmədən bilgi daşımaq – qaçaqmalçılıq kimi də oxuna bilər.
Ülviyyə 2013, 2018 və 2024-cü illərdə prezident, 2015, 2020 və 2024-cü illərdə parlament, 2014, 2019 və 2025-ci illərdə bələdiyyə seçkilərində, həmçinin 2016-cı ildə referendumda pozuntuların monitorinqini aparıb və işıqlandırıb. Bu seçkilərin hər birində pozuntular qeydə alınıb, onlar beynəlxalq təşkilatların hesabatlarında əks olunub. Amma hakimiyyət mediası nə karusel əməliyyatlarından yazır, nə topa bülletenlərdən, nə də digər saxtakarlıqlardan. Bu halda, həmin bilgiləri insanlara çatdırmaq qaçaqmalçı davranış kimi təyin edilə bilər.
O, 2018-ci ildə Norveçin İnsan Hüquqları Evi Fondunun yayımladığı “Krım: sükut divarının yarılması” hesabatının həmmüəlifidir. Ülviyyə həmin il Belarus və Ukrayna hüquq müdafiəçiləri ilə birgə Krımı ziyarət edib və oradan hesabat hazırlayıb.
Ülviyyə Əli 2019-2025-ci illərdə “Voice of America” radiosunun Azərbaycan xidmətində çalışıb. Fəaliyyəti ərzində VoA-da dərc olunmuş və yayınlanmış 500-dən çox xəbər və reportajın müəllifidir. Azərbaycanda baş verən siyasi məhkəmə işlərini, insan hüquqları pozuntusu ilə bağlı hadisələri, həmçinin mitinqləri, aksiyaları, yürüşləri, piketləri işıqlandırıb. Peşə fəaliyyəti ərzində bir neçə dəfə saxlanmalar, polis zorakılığı və pis rəftarla üzləşib.
11 fevral 2020-ci ildə MSK qarşısında deputatlığa namizədlərin etiraz mitinqini işıqlandıran zaman saxlanılıb, polislərin zor tətbiq etməsi nəticəsində yüngül bədən xəsarəti alıb.
14 sentyabr 2020-ci ildə “Gənclik” metrostansiyasında keçirilən “Tofiq Yaqubluya azadlıq!” aksiyasını işıqlandıran zaman həmkarı Aysel Umudova ilə birgə qeydə aldıqları materialları silmələri üçün saxlanılıblar.
4 avqust 2021-ci ildə feministlərin Sevinc Məhərrəmovanın qətl edilməsinə qarşı etiraz aksiyasında peşə fəaliyyətini yerinə yetirən zaman saxlanılıb, ona qarşı pis rəftar göstərilib, binanın içində təhqir edilib, həmçinin çəkiliş etdiyi kameraya xəsarət yetirilib. Bununla bağlı aidiyyəti qurumlara şikayət edilsə də, nəticə əldə olunmayıb.
Ülviyyə 2021-ci il üzrə Azərbaycanda LGBTQI+ ətrafında baş vermiş hadisələrin mətbuatda işiqlandırılmasında fəal rol oynadığı üçün QueeRadar mükafatı ilə təltif edilib. O, 2019-cu ildə təqdim edilən “Yadlar” adlı qısametrajlı filmin ideya müəllifi və layihə rəhbəri olub. Film 2017-ci ildə Azərbaycanda LGBTQI+ fərdlərinə qarşı təqibləri və həbsləri təsvir edir.
O, 2023-cü ildə təqdim edilən “Qul bazarı” – işsiz bir adamın hekayəsi” adlı qısametrajlı filmin də müəllifi olub. Film regionların zəif iqtisadi inkişafı, kütləvi işsizlik fonunda “qul bazarı”nda çalışan işsiz bir adamın hekayəsindən bəhs edir. Hakimiyyətin hər formada gizlətməyə çalışdığı səfalət, kasıblığın görünən edilməsi, qabardılması da bilgi qaçaqmalçılığı hesab oluna bilər.
Ülviyyə Əli 2023-cü ilin fevralında Media haqqında Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş şərait yaratdığını bildirib və Azərbaycanın müstəqil jurnalistləri, media mütəxəssisləri tərəfindən hazırlanan mövqe sənədinə imza atan 40 jurnalistdən biri olub. Həmin qanundan sonra Ülviyyə Əli “Reyestrsiz Media” platformasını təsis edib və qanunla bağlı jurnalistlərin etirazlarını işıqlandırıb.
2025-ci ilin fevralında “Amerikanın Səsi”nin müxbir akkreditasiyaları ləğv olundu. Ülviyyə Əli yenə də öz fəaliyyətini dayandırmadı və bəyan etdi ki, materiallarını yayımlayacaq müstəqil media olmasa da, öz reportajlarını şəxsi platformasından paylaşacaq. Bundan sonra o, reportajlarını şəxsi Facebook səhifəsindən yayımlayaraq jurnalist fəaliyyətinə davam etdi. Ülviyyənin həbsi, onun “Meydan TV işi”nə əlavə edilməsi göstərdi ki, hakimiyyətin bilgiyə total nəzarətinə qarşı çıxan bircə nəfərə belə dözümü qalmayıb.
2025-ci ilin mayın 7-də saxlanan Ülviyyə Əlinin 3 gün sonra istintaq təcridxanasında səhhətinin pis vəziyyətdə olduğu barədə məlumat yayıldı. Ailəsinin sözlərinə görə onun 2017-ci ildən bəri başında şiş (adenoma) olub. Qadın hüquqları müdafiəçisi Gülnara Mehdiyeva bildirib ki, saxlanılandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Ülviyyə Əlini bir neçə saat döyüblər.
“Başına çoxsaylı zərbələr endirilib, iki polis qadın onun saçından tutaraq dartıb, bir kişi isə onu “Mən sənin qadınlığını məhv edəcəyəm” deyərək təhdid edib. Gülnarə deyir ki, bu cinsi zorakılıq təhdidi kimi qiymətləndirilə bilər”.
Ülviyyə Əli pis rəftarla bağlı Baş Prokurorluğa şikayət ünvanlayıb. Amma onun bu tələblərinin heç biri yerinə yetirilməyib.
Azərbaycanda 2023-cü ildən başlayan və beynəlxalq təşkilatların da repressiya kimi dəyərləndirdikləri proseslər zamanı həbs edilmiş bütün jurnalistlərin bioqrafiyasında eyni ifadələrə rast gəlmək olur: polis zorakılığı, saxlanılma, dindirmə, materialların silinməsi tələbi, izlənmə və s. Bu, azərbaycanlı müstəqil jurnalistlərin bilgi qaçaqmalçılığı naminə üzləşdikləri məhdudiyyətlərin bir hissəsidir. Amma Ülviyyə Əlinin həbs olunmazdan əvvəl ictimaiyyətə ünvanladığı müraciətində dediyi kimi: “Azərbaycanı sükuta qərq etmək istəyən siyasi iradənin qarşısında bizim səsimiz hər zaman onların qulağındakı səssizliyi pozacaq. Bu, mənim azadlıqda yazdığım son yazı ola bilər. Amma inanıram ki, haqlı səs heç vaxt sükuta qərq ola bilməz”.