Sevinc Vaqifqızı Səbinə Əliyevanın “Human Rights Watch”-un rəhbərinə yazdığı açıq məktuba cavab verib
“AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub ünvanlayıb.
“AbzasMedia”nın saytında dərc olunan məktubda jurnalist qeyd edib ki, Səbinə Əliyevanın “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının icraçı direktoru Tirana Həsənə yazdığı açıq məktubu oxuyandan sonra ona yazmaq qərarına gəlib.
“Xanım Əliyeva, bu, mənim sizə ilk açıq məktubumdur. Amma həbsdə olduğum 1 il 3 ay müddətində təcridxanaya göndərdiyiniz nümayəndələr vasitəsilə sizə iki məktub göndərmişəm. O məktublarda təcridxanada baş verən işgəncə, korrupsiya cinayətləri, 1 saylı Bakı İstintaq Təcridxanasının əməkdaşlarının həbs olunmuş şəxslərlə qeyri-insani rəftarı barədə yazmışam. Sizə yazdığım halları “Abzas”çılar olaraq həm də media vasitəsilə ictimailəşdirmişik. Bütün vasitələrlə sizə məlumat çatdırdığımız halda “Human Rights Watch” təşkilatına yazdığınız məktubda qeyd edirsiniz ki, Milli Preventiv Qrupun üzvləri “Human Rights Watch”un hesabatında adı çəkilən bir sıra şəxslərlə görüşlər keçirib və onlara qarşı işgəncə və ya qeyri-insani rəftar hallarına dair heç bir fakt aşkarlanmayıb”, – Sevinc Vaqifqızı məktubda bildirir.
Jurnalist məktubunda vurğulayıb ki, “AbzasMedia” jurnalistləri olaraq Milli Preventiv Qrupun üzvləri ilə görüşdə noyabrın 13-də Elnarə Qasımova, noyabrın 14-də Nərgiz Absalamova və bu yazının müəllifinə qarşı zorakı davranış barədə Səbinə Əliyevaya xəbər göndəriblər:
“Təcridxananın əməkdaşı Şəhla Məmmədovanın Nərgiz Absalamovanı təhqir etdiyini, baş nəzarətçi Əzizə Məmmədovanın onun qolunu nəfəsliyin arasında qoyub əzməsini, nəticədə qolunda yaranan qançır izlərini həkim qeydiyyatına aldırdığını diqqətlərinə çatdırmışıq. Noyabrın 16-da ailəm və vəkilim qarşılaşdığım qeyri-insani rəftarla bağlı qaynar xəttinizə məlumat versə də, daha sonra mətbuata açıqlama verərək sizə müraciət etdiyimizi danmışdınız. Dandığınız gerçəkliyin içərisində Ülvi Həsənlinin 6 ay ərzində təcridxanada 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun şirnikləndirməsi ilə otaq yoldaşının onun üzərinə ülgüc çəkməsi faktı da var”.
Sevinc Vaqifqızı məktubunda bildirir ki, onlar “AbzasMedia”nın həbsdə olan direktoru Ülvi Həsənli ilə dəhlizdə salamlaşmaq istəyərkən təcridxana əməkdaşının jurnalisti divara çırpıb xəsarət yetirməsi də Səbinə Əliyevanın unutduğu digər bir faktdır.
“Belə görürəm, son iki həftədə təcridxananın nəzarətçisi Aygül Babayevanın Nərgiz Absalamovaya və bu yazının müəllifinə qarşı qeyri-insani hərəkəti də sizin üçün ötüşdürüb keçdiyiniz xəbərlərdəndir. Yox, əgər qeyri-insani münasibəti öz gözlərinizlə görmək istəyirsinizsə, buyurun, təcridxanaya gəlin. Aygül Babayevanın zorakı hərəkəti ucbatından Nərgizin soyulmuş dərisini görə bilərsiniz. Aygül Babayeva deyir ki, o, təlimat əsasında işləyir və təlimatı verən də təbii ki, təcridxananın rəisi Elnur İsmayılovdur. O da deyir ki, “knopka”ya (düymə red.) bağlı adamdır və yuxarılar nə deyirsə, onu da edir. Sizə şikayət edəcəyimizi deyəndə rəis cavab verir ki, “Ombudsman da bizim adamdır. Biz nə desək, onunla razılaşacaqlar”, – baş redaktor məktubuna davam edib.
Jurnalistin sözlərinə görə, Səbinə Əliyevanın “Human Rights Watch”a açıq məktubu göstərir ki, o, təkcə Bakı İstintaq Təcridxanasında saxlanılan siyasi məhbuslara yox, bütün saxlanılanlara qarşı qeyri-insani rəftarı gündəlik norma, məqbul hərəkət kimi qəbul edir:
“Ombudsman Aparatı yaranandan bu yana azı iki dəfə sizin ofisin qarşısına insan haqları ilə əlaqədar gözübağlı müşahidələrinizə etiraz olaraq tabutlar qoyulub. O vaxt gənc fəallar ümid edirdilər ki, bu etirazlar Ombudsman Aparatını insanlara qarşı zorakılıq hallarına, qanunsuzluqlara daha həssas yanaşmağa vadar edəcək. Amma, görünür, idarəniz yenə ört-basdır siyasətini seçib. Son bir ayda həbs yerlərində 11 nəfərin lazımi müalicə ala bilmədiyinə görə o tabutlarda evə göndərilməsi də sizin üçün fakt deyil. Yəqin siz də seçkilər vaxtı Qazax rayonundakı məntəqə üzvü kimi “O, sizin üçün ölüb, bizim üçün yaşayır” tərzində cavab hazırlamağa çalışırsınız. Amma bununla faktları danmırsınız, əksinə, İnsan Hüquqları üzrə Müvəkkil adına layiq olmadığınızı göstərirsiniz”.
Ombudsman Aparatından jurnalistin məktubuna mövqe bildirilməyib.
2025-ci il yanvarın 31-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərib.
Məktubda qeyd edilir ki, “Human Rights Watch” Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatı “şübhəli və qərəzli mənbələrə” istinadən, Ombudsmanın illik və paralel hesabatları nəzərə alınmadan hazırlanıb.
“Human Rights Watch” 2025-ci il yanvarın 16-da illik hesabatını yayımlayaraq, Azərbaycanda repressiyaların gücləndiyini, o cümlədən jurnalistlərin, insan hüquqları müdafiəçilərinin və fəalların həbslərini qeyd edib.
Hesabatda Azərbaycan həbsxanalarında saxlanılanlarla kobud davranıldığı və onlara işgəncə verildiyi halların olduğu bildirilib.
Polis tərəfindən zorakılığa, işgəncə və pis rəftara məruz qalmalarıyla bağlı Fazil Qasımovla İmran Əliyevin ifadələrinə diqqət çəkilib.
Sənəddə 20 il həbs cəzasına məhkum edilmiş dindar Taleh Bağırzadənin həbsxanada olduqca pis şəraitdə saxlanılmasına dair ifadəsi də qeyd olunub.
Hesabatda xatırladılıb ki, Azərbaycan Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi ilə əməkdaşlıqdan boyun qaçırıb.
Təşkilat rəsmi Bakının bu addımını kəskin tənqid edərək onu Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının “əsaslı və misli görünməmiş pozuntusu” kimi qiymətləndirilib.
Hökumət rəsmiləri adətən beynəlxalq təşkilatların tənqidi hesabatları ilə razılaşmır və onların qərəzli olduğunu bildirirlər.
Azərbaycanlı rəsmilər bir qayda olaraq ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini qeyd edirlər.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
2024-cü ilin mayında “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “AbzasMedia işi” çərçivəsində həbs edilib. Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.
Avqustda isə “AbzasMedia işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.