Həbsdə olan jurnalist məhkəməyə getməkdən imtina edir

Foto: Fərid İsmayılovun şəxsi arxivindən

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov məhkəməyə aparılıb-gətirilməsinə etiraz edib.

O, bunu iyulun 14-də, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Azər Tağıyevə bildirib və səbəb kimi səhhətinin pisləşməsini göstərib.

“Toplum TV işi” ilə bağlı 2024-cü il martın 6-da saxlanılan Fərid İsmayılov əvvəlcə polis nəzarətində olub. 2025-ci il yanvarın 17-də isə Xətai Rayon Məhkəməsi bu qərarı dəyişərək onun həbsinə qərar verib.

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. 

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar,  sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Fərid İsmayılovun səhhətinə gəlincə, o, yeddi dəfə əməliyyat edilib. Əməliyyatlardan altısı ürəyi və ağciyərində aparılıb. Hətta Fərid özü barəsində həbs qərarı çıxarılanda, “bu qərarla məni ölümə göndərirsiniz”, – demişdi.

Zibeydə Sadıqova. Foto: Meydan TV
Zibeydə Sadıqova. Foto: Meydan TV

Vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirir ki, Fərid İsmayılov hər dəfə məhkəməyə gətirilib-aparıldıqdan sonra günlərlə özünə gələ bilmir, səhhəti ağırlaşır:

 “Birincisi, məhkəməyə gətirildiyi avtomobil yaxşı vəziyyətdə olmur. İkincisi də gəlib, saatlarla orada qala bilmir. Hər məhkəmə prosesindən sonra ona sistem köçürülür, dərmanlar verilir. Ardınca da tez-tez xəstələnir. Fərid hər dəfə hakimə deyir ki, nə vaxt ifadə verəcəyəmsə onda da məhkməyə gəlmək istəyirəm. Hakim isə vəsatəti rədd edir. Amma bu dəfə Azər Tağıyev bildirdi ki, Fəridin daha yaxşı avtomobildə gətirilməsinə şərait yaradılacaq”.

Azərbaycan qanunvericiliyinə görə, təqsirləndirilən şəxsin məhkəmədə iştirakı məcburidirmi?

Vəkil deyir ki, Cinayət Prosessual Məcəlləsinin 304-cü maddəsinə görə, təqsirləndirilən şəxsin məhkəmədə iştirakı mütləqdir:

“Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edə və ya istintaqda iştirak etməyə bilər, lakin cinayət prosesini aparan orqanın, məhkəmənin çağırışına gəlməlidir. Bununla belə, Cinayət Prosessual Məcəllənin  51-2-ci maddəsinə görə, şəxsin sağlamlıq və ya başqa əsaslı səbəbləri varsa, məhkəmə və istintaq hərəkətləri videokonfransla da həyata keçirilə bilər. Fərid İsmayılovun səhhətinin ağır olması və məhkəməyə videokonfransla qoşulması ilə əlaqədar növbəti prosesdə vəsatət qaldıracağam. Fərid özü də məhkəmədə bildirib ki, səhhəti ilə bağlı gəlmək istəmir. Üstəlik, o artıq həbsdədir – yəni qaçmaq ehtimalı yoxdur. Həmçinin dindirlən 49 şahidin heç biri onunla bağlı heç bir ifadə verməyib”.

Bütün bu səbəbləri nəzərə alaraq, vəkili hesab edir ki, Fərid İsmayılovun məhkəmə prosesində fiziki iştirakı məcburi olmamalıdır.

Zibeydə Sadıqova həmçinin qeyd edir ki, beynəlxalq hüquq sistemlərində də təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti, təhlükəsizlik riski və ya könüllü imtinası kimi hallarda proses iştirakçısız da davam etdirilə bilər. Bunun üçün həmin imtinanın könüllü və hüquqi cəhətdən əsaslı olması mütləqdir. Fərid İsmayılovun vəziyyəti isə məhz bu çərçivədə hüquqi baxımdan yenidən dəyərləndirilə bilər.

Ana səhifəXəbərlərHəbsdə olan jurnalist məhkəməyə getməkdən imtina edir