Buna səbəb kimi isə səhhətinin pisləşməsini göstərib
“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov məhkəməyə aparılıb-gətirilməsinə etiraz edib.
O, bunu iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə hakimə bildirib. Səbəb kimi isə səhhətinin pisləşməsini göstərib.
Yaxınlarının verdiyi məlumata görə, Fərid İsmayılov qanında şəkərin miqdarının az olduğunu, buna görə də səhər saatlarında qida qəbul etmədən məhkəmə iclasına gətirilməsinin səhhətində problemlər yaratdığını qeyd edib. O, hər dəfə belə olduğu halda baş ağrıları, göz qaralması hiss etdiyini deyib.
Məhkəmədə Fərid İsmayılov hakimə bildirib ki, onun hökmünü vaxtından əvvəl oxusun.
“Əgər bizim sonumuz da “abzasçılar” kimi olacaqsa, onda mənim hökmümü indidən oxuyun, mən hər dəfə bura gəlib-getmək məcburiyyətində olmayım”.
Yaxınları bildirib ki, ona təcridxanada tibbi sistem qoşulsa da, bunu çox laqeyd şəkildə edirlər. Hətta sistemi qoluna nəfəslik vasitəsilə taxırlar. Onların sözlərinə görə, Fərid İsmayılov, həmçinin miqrendən əziyyət çəkir.
“Toplum TV işi” üzrə ötən il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, bu il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, həmin təşkilatın əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
“Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Baş verənlər “Toplum TV”-nin Azərbaycanda fəaliyyətini faktiki olaraq qeyri-mümkün edib.
Media qurumu 2024-cü ilin fevralından etibarən fəaliyyətini ölkə xaricindəki jurnalistlər vasitəsilə davam etdirmək qərarı verib.