“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) vəkili ilə görüşməyə imkan verilməyib.
Bu barədə məlumatı Meydan TV-yə onun anası İlahə Mehmanlı bildirib.
Anasının sözlərinə görə, buna səbəb jurnalistin vəkili ilə görüşdən əvvəl üzərinin yoxlanmasına etiraz etməsi olub. Onlar bildiriblər ki, bundan əvvəl Ülviyyə Əli vəkili ilə görüşə gedərkən onun üzərini yoxlayıblar. Bu dəfə isə jurnalist buna etiraz edib.
“Bu günsə Ülviyyə vəkillə görüşə gedəndə yenə də üstünü yoxlamaq istəyiblər. Ülviyyə buna etiraz edib. Buna görə ona vəkillə görüşməyə imkan verməyiblər”.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb.
Hazırda bu iş üzrə həbs olunan 12 nəfər Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunurlar.
Anası düşünür ki, bu, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun jurnalistə qarşı qərəzli münasibətindən irəli gəlir. Onlar deyirlər ki, Ülviyyə Əlinin ad günündə anasının görüş üçün içəri buraxılmamasını ictimailəşdirdiyinə, eyni zamanda jurnalistin təcridxanada etirazlarına görə Elnur İsmayılov bu formada qisas alır.
“Ad günündən sonrakı həftə görüşə gedəndə hamını içəri buraxsalar da, bizə çatanda qapını bağladılar. Qapını döyüb deyəndə ki, biz də keçmək istəyirik, bizə dedilər ki, gözləyin sizin içəri keçə bilməyiniz üçün sənəd gəlsin. Soruşanda ki, niyə hamını sənədsiz buraxdınız, biz sənəd gözləməli olduq? Nəzarətçi cavab verə bilmədi”.
Anasının sözlərinə görə, 40 dəqiqə bayırda, 40 dəqiqə isə içəridə gözləmək məcburiyyətində qaldıqdan sonra jurnalistlə görüşə bilib.
Ülviyyə Əlinin anasının dedikləri ilə bağlı Penitensiar Xidmət hələlik heç bir açıqlama verməyib.