Həbsdə olan ictimai fəal döyülərək, “kars”da saxlanılıb

İllüstrasiya: Meydan TV

Həbsdə olan ictimai fəal Laçın Vəliyev cəzaçəkmə müəssisəsində məhbusların müdafiəsi ilə bağlı təşkilat yaratmağa təşəbbüs göstərdiyinə görə döyülərək, 23 gün “kars”da saxlanılıb.

Həyat yoldaşı Zülfiyyə Vəliyeva Meydan TV-yə bildirib ki, Laçın Vəliyev saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsindən 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb və orada təzyiq və işgəncələrlə üzləşib.

“Laçın bu gün zəng etmişdi, səhhətinin ağır olduğunu, ağrılarının artdığını və tibbi yardım göstərilmədiyini dedi. Həmçinin bildirdi ki, müəssisə rəisi onu aşağılayan, şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə edir”.

Zülfiyyə Vəliyevanın dediyinə görə, Laçın Vəliyev yenidən 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün ərizə yazsa da, bu müraciətin aidiyyəti üzrə göndərilməsinə imkan verilməyib. O, həyat yoldaşının həyatı üçün təhlükə olduğunu vurğulayır.

Laçın Vəliyev 2021-ci ilin aprelində saxlanılıb.

O, satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və saxlama ittihamı ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Gələn ilin martında onun həbsdə olmasının beş ili tamam olacaq.

Laçın Vəliyev ittihamları rədd edib, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanova qarşı ifadə verməkdən imtina etdiyinə görə cəzalandırıldığını deyib. 

Laçın Vəliyev partiyanın rəsmi üzvü deyil.

Ana səhifəSiyasətHəbsdə olan ictimai fəal döyülərək, “kars”da saxlanılıb